Ədəbi İdeala Sadiqlik
Ədəbi
İdeala Sadiqlik
Əvəz Mahmud Lələdağın yaradıcılığı milli-etnik köklərə
bağlılığı,etnoqrafik detalların zənginliyi ilə orijinal məzmun daşıyır. Onun
poeziyasının özəyində Vətən məhəbbəti, yurd yanğısı,məişətimizin obrazlı təsviri dayanır. Doğulub boya-başa
çatdığı ulu Zəngəzurun bənzərsiz təbiəti, gənclik xəyalları, qədim yurd yerlərinə
qayıdış harayı şairin çoxşaxəli yaradıcılığının mühüm bir istiqamətini təşkil
edir.
Ömründə Zəngəzuru görməyən hər hansı bir kəs Əvəz Lələdağın
şeirlərini oxuyandan sonra qürbətdə qalan vətənimizin bu dilbər guşəsini
qarış-qarış gəzdiyini sanır.
İşıqlıdağ, Arzubulaq, Kaha qabağı, Göbəkdaş, Qoşadaş,
Arxaşan... bütün bunlaronun poeziyasında özünəməxsus ədəbi-estetik səciyyə
qazanır. Ona görə də onun yaradıcılığını Zəngəzurun poetik xəritəsi adlandırmaq
olar. Bu xəritədə Zəngəzurun qayasından tutmuş gədiyinə, çiçəyindən çölünə,
çeşməsindən çəməninə qədər hər şey elə səmimi, isti duyğularla əks olunub ki,
oxucu da bu duyğuların işığında şairin
niskilinə şərik çıxır.
“Ordadır” rədifli qoşmasında Ə. Lələdağ həsrət və kədərini
bu cür ifadə edir.
Mən niyə yanıram o dağlar üçün,
İmanım ordadır, dinim ordadır.
Orda cücərmişəm, orda bitmişəm,
Dumanım ordadır, çənim ordadır.
Ümumiyyətlə onun poetik dünyagörüşündə dağ obrazı
xüsusi yer tutur. “Mən dağları hər üzünə görmüşəm” deyə şair heç vaxt özünü təbiətdən
ayırmır,özünü təbiətin bir hissəsi hesab edir. Otlar necə cücərib, ağaclar necə
bitirsə Əvəz Lələdağ da özünün boya-başa çatdığını o cür təsvir edir. Bu
baxımdan “Orda cücərmişəm, orda bitmişəm” ifadəsi olduqca təbii təsir
bağışlayır.
Zəngin bir yaradıcılıq yolu keçən Ə. Lələdağın şeir
və poemaları məzmunca rəngarəngdir. Lirik poeziyasında daha çox xalq şeirinin şəkillərinə,
ən çox da qoşma və gəraylıya müraciət edən şair bu janrlarda gözəl poetik örnəklər
yaratmışdır. Məhz bu janrlarda o ülvi məhəbbəti də, təbiət gözəlliklərini də, əxlaqi-fəlsəfi
baxışlarını da sənətkarlıqla ifadə edir:
Xeyli vaxtdır yadırğayıb can cana,
İnsafdırmı həsrət qala can, cana
Gözəl olur qovuşanda can cana.
Zəifləmiş gözlərə də nur gəlir.
Nümunə kimi verdiyimiz hər iki bənddə şairin poetik
yaşantıları xalq danışıq dilindən gələn ifadələrlə daha təsirli və emosional təsir
bağışlayır.
Lirik və kövrək hisslərin tərənnümü, səmimiyyət,
müasirlik kiçik epik ştrixlər vasitəsilə canlı poetik mənzərələr yaratmaq Ə. Lələdağın
lirikasını səciyyələndirən başlıca amillərdir.
Əvəz Lələdağ poema yaradıcılığında da ədəbi
idealına sadiqdir. Onun “Müqəddəs ocaq”, “Ana duası- könül dünyası”, “Damcılı budaq” poemaları müxtəlif mövzulara həsr olunsa da müəllifin özünəməxsus
poetik üslubu, canlı danışıq dilinin şirinliyi,ideya
aydınlığı bu əsərlərdə də qabarıq nəzərə çarpır.
El ağsaqqalı, tanınmış din xadimi Seyid Mirişə həsr
etdiyi “Müqəddəs ocaq” poemasında o, gəzib müşahidə etdiklərini səmimiyyətlə qələmə
almışdır. Müəllif poemada Seyid
Mirişin bədii obrazını yaddaqalan
detallarla oxucuya təqdim edir. Seyid Miriş ocağının müqəddəsliyini poetik
misralarla bəndlərə köçürən şair onu xeyirxah, köməksizlərin pənahı kimi təsvir
edərkən lirik deyimlərə daha çox meyl edir, səciyyəvi cizgilər vasitəsilə bu
nurani insanın mənəvi keyfiyyətini bədiiləşdirir:
Mərhəmət,ədalət qanunda idi,
Dərdə şərik çıxma canında idi,
Ürəyi Allahın yanında idi.
Şairin digər poemaları da ideya-bədii xüsusiyyətləri
ilə poetik təxəyyülün özünəməxsusluğunu ifadə edir.
Əlbəttə, məqsədimiz Əvəz Mahmud Lələdağın bu
kitabda toplanmış əsərlərini təhlil etmək deyildir. Bu poeziya haqqında müəyyən
fikirlər söyləməklə onun yaradıcılığına sevgimizi bildirmək,hörmətimizi izhar
etmək istədik. Əsas söz isə oxucunundur. Söz demək, söz qoşmaq Əvəz Lələdağdan,
onun barəsində fikir söyləmək isə oxucudandır.
Комментарии
Отправить комментарий