Vətən torpağına xoş gəlib bahar kitabı
Sahil duyğuları
Sahildəyəm,
Hava sakit, səma aydın,
Bir aynadır mavi Xəzər.
Ağ göyərçin qanadı tək
Qırçın-qırçın ağ ləpələr
Yallı gedir sahil boyu.
Boz dalğalar şahə qalxır.
Şər qarışır, qaş qaralır,
Yanır göyün çıraqları,
Könül quşum çövlan edir,
Yaxınları, uzaqları.
Ürəkaçan bu gecədə.
Zinət vurub, gözəlləşib
Bədirlənmiş Ay necə də!
Nə gözəldir qar sinəsi
Gur suların aynasında.
Bir qısqanclıq duyuram mən,
Yerlə Göyün arasında.
Elə bil ki, təzə gəlin,
Göz oxşayan çəmənlikdə
Məst olubdur,
Çiçəklərin qoxusundan.
Ala gözlər xumarlanıb,
Həsrət ilə yol gözləyən
Ayqabaqlı bir gözl qız
Sığallanıb, tumarlanıb.
Düzüm-düzüm qaş-daşını,
Yaxasından asıbdır Ay.
Ulduzları sırğa kimi,
Qulağına taxıbdır Ay.
Canlar alan bu camala,
İntizarla gözlədiyi
Sevgilisi ilk baharın
Pişvazına çıxıbdır Ay!
1980
İlin nə göyçək vaxtıdır
Göy ağlayır, nur ələnir,
İlin nə göyçək vaxtıdır.
Ana torpaq cana gəlir,
Nazını çəkmək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Şair, demə vaxt var hələ
Buyur gedək bizim elə,
Tər güllərin gülə-gülə,
Açılan ləçək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
İşıqlını gəzə-gəzə,
Gedək çıxaq Əriməzə.
Bizim elin təzə-təzə,
Yaylağa köçmək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Nəğməkar quşlar oxuyur,
Gözəllər çələng toxuyur,
Yamaclar ətir qoxuyur,
Gülləri seçmək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Dağlar dumana bələnir,
Çən sürünür sis ələnir,
Otlar asta silkələnir,
Körpə göbələk vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Boz sürülər yunu qumaş
Qalxır döşə yavaş-yavaş,
Əlli tərpən, çoban qardaş,
Süd sağıb içmək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Yaşıl donun geyib dağlar,
Dərələrdə sellər çağlar.
Ürək açır gözəl bağlar,
Bağların çiçək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Kəklik ötür dəstə-dəstə,
Bülbül qonur qönçə üstə.
Əvəz arzuda, həvəsdə,
Yüz ölçüb biçmək vaxtıdır,
İlin nə göyçək vaxtıdır.
Bahar, ay bahar!
Gözəldən gözəlsən bahar, ay bahar,
Sənin tək möcüzə görməmişəm mən.
Sənin gəlişində nə təmtaraq var,
Qəlbim dağa dönür hər gəlişindən!
Açılır göylərin qızıl mücrüsü,
Dağların «Sel atı» düzlərə enir.
Ələnir torpağa dürrü, incisi,
Buludlar ağlayır, çaylar sevinir.
Çöllərin üstünə nur səpir külək,
Çıxır qönçəsindən körpəcə güllər.
Çiçəklər sayrışır dan ulduzu tək,
Ətirdən məst olur şeyda bülbüllər.
Günəşin zərrəsi qızdırır yeri,
Budaqlar, pöhrələr bir boy da atır,
Torpağa qarışır məhəbbət təri,
Səninlə arzular vüsala çatır.
Daha parlaq olur sübhün çırağı,
Qoyur əməllərin dağı dağ üstə.
Bağbanın nəfəsi isidir bağı,
Yüz yarpaq göyərir hər budaq üstə.
Çəmən sürmə çəkir qar sularından,
Bir Çobanbayatı mələyir tütək.
Dağların zümrüd yamaclarından,
Sürülər asılır boyunbağı tək.
Əcəb toy-busatdır sənin gəlişin,
Təbəssüm dodağın həmdəmi olur.
Al yanaq qızların şirin gülüşü,
Sevən ürəklərin məlhəmi olur.
Gözəldən gözəlsən bahar, ay bahar,
Sənin tək möcüzə görməmişəm mən.
Sənin gəlişində nə təmtəraq var,
Qəlbim dağa dönür hər gəlişindən!
Bahar gələndə
«Yenə bahar gələcək,
bizim qoca dağlara.
Yenə ellər köçəcək,
yaşıl, uca dağlara.
Otlar sırğa taxacaq,
göylərin göz yaşından.
Güllər sirab olacaq,
səmanın daş-qaşından.
Şirin yemlik, əvəlik,
yenə çıxacaq üzə.
Yarpız qaş-göz atacaq,
sularda üz-üzə.
Daşaltı gicitkanı,
əsdirəcək sərin meh.
Quzuqulağın telində,
oynayacaq inci şeh.
Tənəklər əl-qol atıb,
çardaqdan asılacaq.
Yarıçiçək qoralar
budağa qısılacaq.
Sürülər yaylaqların
döşünə yayılacaq.
Dələmə torbaları,
tərtəmiz yuyulacaq.
Sel-sular çağlayacaq,
çaylar daşacaq yenə.
Durnalar qaqqıldaşıb
yaldan aşacaq yenə.
Şəlalə uzadacaq
saçaq-saçaq telini,
Bulağa toplaşacaq
elin qızı, gəlini.
Yenə sübhün çırağı
nurlanacaq, yanacaq
Məndən sonra bilmirəm,
məni kimlər anacaq?»
Gətir, bahar
Xoş gəlmisən,
Qədəmlərin çox mübarək,
Ay baharım.
Gəl mənimlə bu dərdi çək,
Ay baharım.
Üzür məni hicran dağı,
Qaytar mənə Gözəldağı,
Ulularım uyuduğu o torpağı
Ay baharım.
Gəl ərisin intizarım,
Ay baharım.
Fərəh, sevinc gətirərdin
Obamıza, elimizə.
Çoxlu gülüş gətirərdin
Bizim könül evimizə.
Qayıt yenə o çağlara,
Bizə şirin nübar gətir.
Harda yaxşı nə var, gətir.
Bircə udum dağ havası,
Bircə qurtum bulaq suyu,
Bir cəngə də bulud gətir.
Qatıq gətir, qaymaq gətir,
Süzmə gətir, qurud gətir.
Əriməzdən kəklikotu,
Əyriqardan şirin yemlik,
Üçtəpədən qar çiçəyi,
Yargələndən yarçiçəyi,
Şehli-şehli quşəppəyi,
Bir dəstə də Novruzgülü,
Bir də mənə gənclik ili
Gətir, bahar!
İşimizə yeni vüsət,
Qolumuza yeni qüvvət,
Ayağında min bərəkət,
Cavanlara halal zəhmət,
Saf məhəbbət,
Namus, qeyrət gətir, bahar.
İntizarda olanları,
İstəyinə yetir, bahar.
Saf-çürük et insanları,
Xainləri, nadanları,
El malını tıxanları,
Gölə qələm taxanları,
Düzə qara yaxanları,
Qaranlığa hürənləri,
Düzü əyri görənləri,
Cibimizə girənləri,
Tərəzini əyənləri,
Haram tikə yeyənləri,
Daldalanıb yatanları,
Xalqa böhtan atanları,
Qorxaqları, tənbəlləri,
İşimizə əngəlləri,
Cərgəmizə gətirmə sən.
Qanqalları, itkanları,
Yolumuzda bitirmə, sən!
Elimizin şöhrətini,
Xalqımızın qüdrətini,
Məhəbbətlə duyanları,
Gözəl şəhər quranları,
Çaylara bənd vuranları,
Aydan arı,
Sudan duru,
Əhdə sadiq insanları
Arzusuna yetir, bahar.
Böyüklərə böyük hörmət,
Azğınlara dərin nifrət,
Süfrəmizə bolca nemət,
Xalqımıza can sağlığı,
Üz ağlığı gətir, bahar!
Bizi dərdə salanları
Yer üzündən itir, bahar.
Səndən doymaq olarmı
Bahar!
İlin mərcan gözlü qız çağı,
Gəlişinlə açılır
Dağların qaş-qabağı,
Göylərin tutqun yaxası,
Budaqların bükülü yarpağı.
Muncuq tumurcuqlar çiçək olur.
Elimiz bəzəkli gəlin tək
Göyçək olur.
Ağ yalmanlı at kimi,
Hayqırır dağ çayları.
Sellər, sular məst edir,
Düzləri, dolayları.
Nəfəsin ilıqdır,
Ana nəfəsi tək.
Küləyin quzu kimi,
Mülayim külək.
Səndə təzə nübar,
Şirin bar,
Sevgi aləmi var,
Bahar!
Gözəllik yağır üzündən,
Gözündən,
Çörək ətiri gəlir səndən.
Səndən doymaq olarmı,
Sənə bərabər varmı?
Darıxıram, tez gəl, bahar.
Şəlalə saçlarını uzatsın,
Pöhrələr böyüsün, ərsəyə çatsın.
Açılsın güllərin qönçəsi,
Nişanlı qızların xonçası tək.
Coşsun məhəbbət dolu ürək.
Nur ələnsin göy otların üstünə,
Arılar şəbnəm içsin
Çiçək piyalələrdən.
Qızlar çələng toxusun
Qırmızı lalələrdən.
Səndə təzə nübar,
Şirin bar,
Sevgi aləmi var,
Bahar!
Səndən doymaq olarmı,
Sənə bərabər varmı?!
Təbiət
Gül-çiçəyin gözəlliyi,
Qucağına sığınmayan,
bir çəməndə,
Qədəm-qədəm gəzirəm mən.
Könlüm tutan çiçəklərdən
ehmallıca üzürəm mən.
Hörmət ilə qoxlayıram.
Tər çiçəyin ətri ilə məst oluram,
Məhəbbətlə dost oluram.
Uzanıram gül-çiçəyin arasına,
Göy üzündə ağ buludlar
Karvanlanır ara-sıra
Qoca dağlar qalxan tutub çən-dumanı.
Şiş qayalar ox kimidir,
Sinəsinə sancılıbdır yamacların.
Buz bulaqlar saf qanıdır bu dağların.
Çəmənlikdə çən sürünür,
Sis ələnib qaş-daş olur
Gül-çiçəyin yanağında.
Nəsim düzə inci səpir.
Gülüş səkir yasəmənin dodağında.
Mavi göyün inciləri
Göy otların qulağında sırğalanır.
Həzin-həzin külək əsir,
Çiçəklərin nur tacında
Bal arısı yırğalanır.
Çiçəkləri öpə-öpə toybaşı tək
Çəmənlikdə hey dolanır, hey fırlanır.
Günəş yerə ətək-ətək zər göndərir,
Al lalənin üzü yanır.
Şöləsində göz qamaşır,
Gözəllikdən ağıl çaşır.
Ürkək-ürkək kəklik keçir,
Baldırına şeh ilişir, çəhlim düşür.
Bülbül coşur, nəğmə qoşur.
Çiçəklərin naz-qəmzəsi
Sığışmayır çəmənliyə.
Düşünürəm, bu gözəllik hara sığar?
Şair qəlbi geniş olar,
Sığsa ancaq ora sığar.
İstək
Hansı səda ilə çağırım ki, mən,
İntizar gedənlər duysun səsimi.
Gəlib dövrümüzün qonağı olsun,
Nənəm Xurşudbanı, babam Nəsimi.
Gələ odlu Sabir, alovlu Sabir,
Elindən, günündən intizar gedib.
Millətin dərdini daşıyan şair,
İntizar könlündə min qubar gedib.
Qalxa yuxusundan qəhrəman Mehdi,
Uzaq sahillərdən yaxına gələ.
Hay vura, qıy vura şəhərə, kəndə,
İgidlər qoşula axına, gələ.
Hərənin qisməti bir cürə düşüb,
Çiynində qəm yükü çəkənlər olub.
Bir məslək uğrunda yanıb-yaxılıb,
Əriyib torpağa çökənlər olub.
1986
Budaqlar çəmənə kölgə salardı
Kəndimizdə 26 hektar sahəni
Əhatə edən 2670 meyvə ağacı
Olan bağı məhv edib yerinə arpa əkiblər
Bağların qəlbini gəl qırma, zalım,
Bağlar təbiətin ağ ciyəridir.
Salxım söyüdlərə əl vurma, zalım,
Onlar ürəyimin kövrək yeridir.
Sənin əllərinlə kəsilən pöhrə,
Nakam bir arzudur, sönən bir ürək.
Sənin güvəndiyin ovxarlı dəhrə,
Sənin vicdanını doğraya gərək.
Arayan olmayır kimdir günahkar,
Namərdin cəzası mərdə verilir.
İldırım zərbinə tab edən çinar,
Naşı baltasıyla yerə sərilir.
Təbiət varını hamıya qıyır,
Sənsə öz qayğını ona qıymırsan.
Əl saxla, a zalım, bulaq quruyur.
Çöllər qan ağlayır, onu duymursan.
Bürküdən saralır loğman çiçəklər,
Qırxbuğum, əvəlik göyə çəkilir.
Hanı ballıyonca, hanı qantəpər,
Bu yerdən bərəkət niyə çəkilir.
Burda şirin yemlik təzə çıxanda,
Çörək götürərdik, duz götürərdik.
Şomu, qazayağı dizə çıxanda,
Yığmağa bir dəstə qız götürərdik.
Burda dincələrdi keçən yolçular,
Budaqlar çəmənə kölgə salardı.
Buz kimi sulardan içən yolçular,
Baxıb gözəlliyə heyran olardı.
Bağların qəlbini gəl qırma, zalım
Bağlar təbiətin ağ ciyəridir.
Salxım söyüdlərə əl vurma, zalım,
Onlar ürəyimin kövrək yeridir.
Bahar gələndə
Həyətdə, bacada tonqal çatılar,
Ağırlıq, uğurluq oda atılar.
Yel qanadlı olar ağac atdılar,
Bahar gələndə.
Kin əriyər, küsülülər barışar,
Şadlıq, sevinc bir-birinə qarışar.
Duyğularım gözəlliyə qovuşar,
Bahar gələndə.
Qışın ağ cunası zirvədə qalar,
Bəyaz buludların gözləri dolar.
Təbiət sazında min hava çalar,
Bahar gələndə.
Şəlalə nazlanar, çeşmə çağlayar,
Qayalar kəkliyə xına saxlayar.
Ellər yaylaqlarla ülfət bağlayar,
Bahar gələndə.
Bülbül cuşa gələr, qartal qıy vurar,
Marallar ünləşib gədikdə durar.
Sellərin atını dərələr yorar,
Bahar gələndə.
Göyün bərəkəti torpağa axar,
Ay yerin hüsnünə həsrətlə baxar.
Xəyalım aləmin seyrinə çıxar,
Bahar gələndə.
Küləyin sığalı telimdə qalar,
Çiçəkli çəmənlər beşiyim olar.
Yarpızlı bulaqlar laylamı çalar,
Bahar gələndə.
Eşqimə nur səpər yazın yağışı,
Könlümü bəzəyər sevgi naxışı.
Canıma od salar bir qız baxışı,
Bahar gələndə.
1972
Mən baharam
Dodaqda nəğməyəm, qəlbdə məhəbbət,
Daşlardan süzülən şəlaləyəm mən.
Ürəkdə ilhamam, dillərdə söhbət,
Saqilər əlində piyaləyəm mən.
Buludda yağışam, çöldə çəmənəm,
Ətirli çiçəyəm, oylağım gülşən.
Təbəssüm də mənəm, gülüş də mənəm,
Pəmbə dodaqlarda yaşıyıram mən.
Dağlara qurşanan çən dumanam mən,
Mirvari şehlərim gül yanağında.
Sevən könüllərdə xoş gumanam mən,
Şirin arzularım göz qabağında.
Ana təbiətin bahar qızıyam,
Gözəllik nurlanır mənim əlimlə.
Ustad aşıqların telli sazıyam,
Gəlib görüşürəm doğma elimlə!
Şirnuxu meşəsi
Şirnuxu meşəsi,
Zəngəzurun ən gözəli
Ən sevimli guşəsi.
Cazibədar qoynuna,
Bir gələn bir də gəlir.
Göy otların üstündə,
Gələnlər hey dincəlir.
Qarışır nəfəsinə
Çinarların nəfəsi.
Köksündə baş qaldırır,
Deyib gülmək həvəsi.
Bülbülün nəğməsini,
Dinləyən valeh olur.
Quşların cəh-cəh səsi,
Axır qəlbinə dolur.
Yol boyunca çinarlar,
Yallı tutub elə bil.
Yaşıl donlu budaqlar
Göyə çatıb elə bil.
Qırçın-qırçın cığırlar,
Uzanır pillə-pillə.
Cığırlar kəmərdimi,
Qurşanıb incə belə?
Çəmənlərin naxışı,
Məhəbbət məlhəmidir.
Bu meşədə nə çəmən,
Nə də ağaclar solur.
Kim buraya gəlirsə,
Vurulur, aşiq olur.
1978
Gərəkdi
Allah, göydənmi tökülüb?
Bu gözəllik, bu mənzərə.
Ləçək-ləçək çiçəkləri,
Səpələnib çəmənlərə.
Nə gözəldir gül qönçəsi,
Yetişməyib, kaldı hələ.
Bu dünyadan xəbərsizdi,
Dili yoxdu, laldı hələ.
Min çiçək var bir arşında,
Ləçəklərdən nur tökülür.
Möcüzə var hər daşında,
Qayalardan zər tökülür.
Şükür olsun yaradana
Burda hər şey cana gəlir.
Mavi gözlü Maralgölə,
Gör nə qədər sona gəlir.
Bu möcüzə, bu gözəllik,
Görənləri heyran edir.
Xallı-xallı kəpənəklər,
Həndəvərdə cövlan edir.
Tanrımı qələm çəkib?
Cərgəyə bax, nizama bax.
Mələklərmi sığal çəkib,
Sərvidəki bir naza bax.
Ağacların bənizini,
Vəsf etməyə söz gərəkdi.
Bu ilahi gözəlliyi,
Görmək üçün göz gərəkdi.
27.07.2007
Maydı bu
Günəş telini tökür,
Bağban gülünü əkir,
Meh əsir sığal çəkir
Çəmənə axşam, səhər
Gör nə gözəl aydı bu,
Maydı bu!
Bülbül güllə görüşür,
İnci şeh gülə düşür.
Dəstə-dəstə ötüşür
Başımız üstə quşlar,
Gör nə gözəl aydı bu,
Maydı bu!
Bir vaxt düşmən ad aldı,
Yoruldu, yolda qaldı.
Xalqım qələbə çaldı,
Yenə bu gözəl ayda,
Gör nə gözəl aydı bu,
Maydı bu!
Qəlbim qönçəli güldü,
Tale bəxtimə güldü.
Dünyaya dahi gəldi
Elə həmin bu ayda
Gör nə gözəl aydı bu,
Maydı bu!
Həsrət duyğuları
Sapanda qoyulub atılan daşam,
Məni qürbət elə atan tapılmır,
Cələdə çırpınan yaralı quşam,
Cələnin düyünün açan tapılmır.
Bu tufanlı selə necə qatlaşım,
Cəfaya dözümsüz müqəvvayam mən.
Bir zaman şirəyə qarışdı başım,
Suyu görünməyən quru çayam mən.
Canımla əlləşən bəxtiqarayam,
Neçə illərdi ki, can çıxmır candan.
Səfil-səfil gəzən bir avarayam,
Fərəhli bir xəbər gəlmir o yandan.
Gündüzüm qaranlıq, gecəm qaranlıq,
Hələ qaysaqlamır sinəmin dağı.
Unuda bilmirəm yarı bir anlıq,
Viranə qoyublar o gəzən bağı.
İndi vurnuxuram həyət-bacada,
Sığmıram dəhlizə, evə-eşiyə.
Gözlərim zillənir qalır bacada,
Baxıram küncdəki bomboş beşiyə.
Dözməyə taqətim qalmayıb daha,
Almır ağuşuna məni yataq da,
Əlimdə nə var ki, pənah Allaha,
Günümün yarısı keçir yataqda.
Dönmüşəm dolaşıq bir yumağa mən,
Qanlı göz yaşlarım dönübdü selə.
İçimdə ağlayır, zarıyır Vətən,
Mən də arsız-arsız gülürəm hələ.
Bezmişəm inləyən qaboy səsindən
Elə bil can yoxdu canımda indi.
Qulağım batıbdı haray səsindən
Bir kimsə oturmur yanımda indi.
Sinəm tab gətirmir səmum yelinə,
Məhəbbət atəşi ürəkdə yanır.
Əlim də çatmayır gözəl əlinə,
Həsrətə dözməyir, ürək dayanır.
Bir vaxt dəli könlüm sevdaya düşdü,
Bir mələk ovladı alovlu gözüm.
Eşqimin sədası dünyaya düşdü,
Məhəbbət yolunda qazandım dözüm.
Bilmirəm kim verdi yersiz fərmanı,
Kimin gizli kini, qərəzi varmış.
Əzabdan qurtarmır millətin canı
Əvvəl mizan varmış, tərəzi varmış.
Dağ çayı
Dağ çayı yatağa sığmayır bəzən,
Yalquzaq qurd kimi dalayır çölü.
Böyük ağacları, daşı kökündən,
Qoparır, aparır suların seli.
Ləpəsi yarğanın saçını yolur,
Lalalı düzləri bağrına basır.
Salxım söyüdlərin nənnisi olur,
Dalğası qayanın çiynindən aşır.
«Mənəm», «mənəm» deyən, kükrəyən çaylar,
İnsanın əlində quzuya dönür.
Bödöy köhlən kimi tövşüyən çaylar,
Ən böyük əmələ, arzuya dönür.
Köpüklü dalğalar cilovlanaraq,
Yanan işıq olur, həqiqət olur.
Dağların saf qanı, sən hikmətə bax,
Bəşərə ən gözəl qənimət olur.
Mənə təzə şer verin
Mənə təzə şeir verin,
Od nəfəsli.
Sabir səsli,
İki qəlbin döyüntüsü,
Vüsalı tək şirin olsun.
Duyğuları gül qoxulu,
Piyaləsi şehlə dolu,
Dağ laləsi,
Dağ havası,
Buz bulaqlar suyu kimi
Sərin olsun.
Mənə təzə şeir verin
Misraları çiçək-çiçək
Ürək açan,
Qəlbə yatan,
Uca dağdan,
Sərt qayadan
Axıb gələn dağ çayı tək
Daşğın olsun,
Müşfiq kimi coşğun olsun,
Mənə təzə şeir verin,
İlk mayası zəhmət olsun,
Ülfət olsun,
Qeyrət olsun,
Məhəbbətdən yoğurulsun.
Ay sədəfli saz
Ondan ayrıldığım gör neçə ildir,
Böhtanlar söyləndi, yalan deyildi,
Xiffət eyləməkdən qəddim əyildi.
Səninlə təsəlli tapıram bir az,
Dərdimə şərik ol, ay sədəfli saz.
Alıb ağuşuna məni min xəyal,
Yağı əlindədir o boyda mahal.
Hanı Gəlinqaya, hanı Buzovyal?
Yanğımı söndürməz nə Kür, nə Araz,
Dərdimə şərik ol, ay sədəfli saz.
Bir bulaq başına çıxa bilmirəm,
Bir yaşıl çəmənə baxa bilmirəm,
Dağ boyda dərdləri yıxa bilmirəm,
Bu müşkül dərdimi mən deyim, sən yaz,
Dərdimə şərik ol, ay sədəfli saz.
Məni xırxalayan bu duman nədir?
Günahsız tökülən axan qan nədir?
Başımda dolanan bu güman nədir?
Səbrim tükənibdi tez gələydi yaz,
Dərdimə şərik ol, ay sədəfli saz.
Hansı dərdi çəkim, hansına dözüm,
Yollara dikilib intizar gözüm.
Bəzən bezikirəm özümdən özüm,
Vətənsiz ucalmaz nə səs, nə avaz,
Dərdimə şərik ol, ay sədəfli saz.
Hünər köhlənimi yaylağa sürdüm,
Göyləri seyr edən qartalı gördüm.
Ömrümü, günümü yellərə verdim,
Ağıl çaş-baş oldu, düşüncə dayaz,
Dərdimə şərik ol, ay sədəfli saz.
Bəlkə bir od olum yandırım səni,
Bəlkə yerə çırpım sındırım səni.
Bilmirəm nə təhər qandırım səni,
Sənsiz Lələdağın könlü açılmaz,
Dərdimə şərik ol, ay sədəfli saz.
1989
Sənin Qars səfərin nə uzun
çəkdi?
Nə yaman yubandın, Koroğlu baba,
Sənin Qars səfərin nə uzun çəkdi?
Yolunu gözlədi bütün el-oba,
Analar gözünü yollara dikdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Yağılar hər yanı yağmaladılar,
Günahsız qan töküb, qan yaladılar,
Ulu məzarlara əl doladılar,
Amandır, tez qayıt, Vətənim təkdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Qayıt əmudunla xışda yağını,
Qatıb qabağına daşda yağını,
Tapmışıq millətin baş dayağını,
Zəmanə qarışıq, gərdiş kələkdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Düşmən azğınlaşdı, aşdı həddini,
Biz əyə bilmədik onun qəddini,
Yeddi min yeddi yüz yetmiş yeddini,
Harayla, səltənət ələk-vələkdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Hələ qış gəlməmiş qar hazır oldu,
Bu sitəm, haqsızlıq mənə zor oldu,
Dərdimin ağırı Zəngəzur oldu,
Yadlar gülşənimdə acı turp əkdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Zəngəzur, Ağbaba, Şörəyel, Pəmbək,
Göyçəmin üstünə əsdi sərt külək.
Ay baba, gəl görək, «haylara» vay çək,
Quldurlar varımı kamına çəkdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Qəflətən dəyişdi dünyanın dəmi,
Calandı başıma el dərdi, qəmi.
Sənmi qocalmısan, ya zəmanəmi,
Meydanda at çapan indi fələkdi,
Sənin Qars səfərin nə uzun çəkdi?
Xotkardan, paşadan bac alan baba,
Misri qılıncıyla ucalan baba,
Anamız torpaqdan güc alan baba,
Tez gəl, yurdumuza qaranlıq çökdü,
Sənin Qars səfərin nə uzun çəkdi?!
1993
Комментарии
Отправить комментарий