Gözəl davranış insana həmişə təzə zinətdir


Gözəl davranış insana həmişə təzə zinətdir

Dünyaya sığmayan insan Vətənə sığar deyiblər. Çünki Vətən Göylüyün, yəni Əzəliliyin, Əbədiliyin, Sonsuzluğun, Kamilliyin ifadəsidir. Vətən anadır. Dünyaya sığmayan bir dünya ananın əl boyda qəlbinə sığır. Ona görə Vətən dünyadan böyükdür, artıqdır. Əlimizdən tutub bizi talelərdən keçirir ana Vətən, qeyrət ucalığından itirdiklərimizə baxmağa məcbur edir bizi. Dağ ucalığından görünən, ürəyimizi riqqətə gətirən mənzərələrə tamaşa edəndə nələr itirdiyimizi dərk edirik.
Mənəvi dəyərlərimizi qoruyub saxlamağı, onu cilalamağı, gələcək nəsillərə olduğu kimi çatdırmağı pıçıldayır bizə Vətən. Xalqın milli sərvəti olan milli musiqimizi, milli adət-ənənələrimizi, milliliyimizi yad ünsürlərdən təmizləməyi tövsiyyə edir bizə Vətən.
Milli musiqimizi cılızlaşdırmağa can atanlara, mədəniyyətimizi ucuzlaşdıranlara, adət-ənənələrimizi unudanlara qarşı amansız olmağa çağırır bizi Vətən.
Əsrlərin sərhəddini aşıb gəlmiş xalq muğamlarımız xalqın gələcəyinə, inamına, arzu istəyinə həmişə arxalanmışdır. Bizim milli musiqimizin qabaqcıl ənənələrini yaşatmaq, bu milli sərvəti qoruyub saxlamaq bu günümüzün ən vacib problemlərindəndir. Hazırda dünya əhalisinin bir milyarddan çoxu etiqad edib, inandığı Qurani-Kərimin avazla oxunmasında muğamlarımızdan geniş istifadə olunub olunur. Böyük sənətkarlarımız muğamlarımızı dünyaya tanıtdıranda ancaq tarın, kamanın bir qavalın müşayiətini üstün tutublar. C. Qaryağdıoğlu «İsa» bulağında zil səslə oxuyanda dağ-daş lərzəyə gələrdi. O, «Mənsurəni» ifa edəndə mikrafon yox idi. Onun səsini Qərbdə qramafon vallarına yazdıranda tarın, kamanın qavalın olmasını məsləhət görürdülər. Biz indi elmi-texniki tərəqqi dövründə, kosmos əsrində yaşayırıq. Texnikadan xalq təsərrüfatımızın müxtəlif sahələrində geniş istifadə edirik. Bu o demək deyil ki, biz gözəl musiqimizi texnikanın gücü ilə dinləyiciyə çatdırmalıyıq. Məgər bizim ustad sənətkarlarımızSeyid Şuşinski, Hüseynqulu Sarabski, İslam Abdullayev, Xan Şuşinski ,Bülbül, Rəşid bu «səs çoxaldan» texnikadan istifadə edirdilər?!
Bizim şəhərimiz gənclik şəhəri olduğu üçün burada toyların tez-tez keçirilməsi təbiidir. Biz toylara böyük həvəslə gedirik, dilxor olub qayıdırıq. Mənim sözümlə razılaşmayan da olacaq. Amma həqiqət baxımından biz indi toylarımızında xanəndələrdən, çalğıçılardan zövq ala bilmirik. Alətlərin həddindən artıq səslənməsi musiqinin məlahətini itirir, adamı başdan-beyindən edir. Elə ona görə məclis əhli məclisi tez dərk etməli olur. Toydan sonra adam bir neçə saat özünə gələ bilmir. Beyni silkələnir, qulaqları guruldayır.
Bax belə musiqi kimə lazımdır?
Müasir xanəndələrimiz, əsasən gənclərimiz öz səslərini mikrafonun gücü ilə nümayiş etdirirlər. Bir neçə xalq mahnısı əzbərləməklə özlərini ifaçı adlandırırlar. Muğamlarımızı- rast, şur, humayun, rahab, zabul s. dərindən öyrənmirlər. Elə ona görə dinləyicinin sifarişi qarşısında aciz qalırlar. Məlumdur ki, hamı ifaçı ola bilməz, çünki bu sənətə-incəsənət deyiblər, kobud sənət olsa hamı bacarar. Gəlin açıq danışaq. Biz mağazada alver edərkən bir qəpik pulumuz satıcıda qalanda narahat oluruq. Lakin ifaçı ürəyə yatan oxuyursa adama ruhu qida verə bilirsə, ona «pulları» xəsislik etmədən ürəynən bağışlayırıq.
Bu yaxınlarda görkəmli xanəndəmiz Xan Şuşinskinin lent yazısını verirdilər. O, deyirdi:- «Mikrafon səsi xarab edir».
Mən bu il cəbhə bölgələrinə əskərlərlə görüşə getmişdim. Oraya musiqiçilər aparmışdıq. Hərbi hissədə işıqlar sönmüşdü. Müğənni bildirdi ki, mən mikrafonsuz oxuya bilmirəm acıq elədi oxumadı. Əlbəttə o, sübut etdi ki, sənətkar deyil.
Mənəvi dəyərlərimizdən biri mayası halallıqdan, paklıqdan yoğrulmuş ƏDƏB-ƏRKANDI.  İnsan oğlu böyüdüyü, boya-başa çatdığı ölkənin bütün qayda-qanunlarına sözsüz əməl etməli, mədəni səviyyəsini göstərməli, ictimai yerlərdə, ailədə, başqaları ilə ünsiyyətdə olanda əxlaq normalarına söykənməli, nəzakətli, mərifətli, xoşxasiyyət olmalı, adi davranış qaydalarına riayət etməlidir. Ustadlarımızın dediyi kimi:

Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin barakallah, yaxşıdır.

         Ədəb-ərkan hər bir xalqın, millətin mədəni mənəvi sahədəki çoxəsrlik inkişafının yekunudur.
         Hələ lap qədim zamanlardan insan oğlu elə qaydaları, elə öyüd qadağaları seçib ki, onlar adamı, bəşəri dəyərlərin qorunub saxlanması inkişaf etdirilməsi xeyrinə yönəldib tərbiyələndirib. Zaman keçdikdə həmin qaydalardan bəziləri müəyyən səbəblərə görə itib-batıb, sıradan çıxıb. Qalanları isə tarixin sərt sınaqlarında büdrəməyib, folklor nümunələrində, adətən ənənələrdə, etnoqrafik mənbələrdə yaşaya-yaşaya gəlib bizə çatmışdır. Başqa dünya dinlərinə nisbətən ən «gənc» olan islam dini meydanıa gələndən sonra ədəb-ərkan qaydalarını daha da cilaladı, saf-çürük etdi, möhkəmlətdi. Dünya müsəlmanlarının ürəkdən inandığı, müqəddəs sandığı Qurani-Kərim ümumbəşəri ədəb-ərkan qaydalarının qorunub saxlanılmasında çox mühüm rol oynayıb bu gün belədir.
         Müqəddəs kitabda yazılmış dərin hikmətləri öyrənən adam valideyninin çağırışına nəzakətsizlik etməz, özündən böyük danışanda sözünü kəsməz, qonaq qarşılamağı bacarar.

Təvəqqə edirəm mən səndən, oğul,
Evdə yaxşı yeri qonağa saxla.
Bağında yetişən şirin meyəni,
Tər-təzə nübarı qonağa saxla.

         Atanın oğula nəsihəti ədəb-ərkan qaydalarından bəhrələnib. Qonaq gələndə oğul ayağa durar. Ev xalatında küçəyə çıxmaz, ucadan danışmaz, yaşlı adamaların yanında papiros çəkməz, məclisdə spirtli içkilərdən içib sərxoşluq etməz. Unutmaq olmaz ki:

Sərxoşluq həyanı qaçıran zaman,
Ağıl baş götürüb çıxır aradan.
-deyiblər.
        
O dərin hikmətləri dərk edən gənc avtobusda, metroda gedərkən oturduğu yeri ayaq üstə duran qocaya, qadına, qucağı uşaqlı anaya təklif edər, birinin ayağını tapdalasa, birinə bilmərəkdən toxunsa dərhal üzr istəyər, xəstələrə, zəiflərə, uşaqlara qarşı həssas olar, heç kəsin qəlbinə toxunmaz.
Ata nəsihətinə, ana öyüdünə əməl edən heç vaxt tamah adlı qorxulu yükün altına çiynini verməz. Çünki tamah insanatı tənabdan asar,- deyib aqillərimiz. Ulu babalarımız, aqillərimiz müdriklərimiz ədəb-ərkan qaydalarına aid saysız-hesabsız öyüd-nəsihət vermişlər.
Mən həmişə yeniliyin tərəfdarı olmuşam, lakin bu o demək deyil ki, biz öz milliliyimizi, milli geyimimizi kənara qoyub özgələşək. Əgər əqil, düşüncə bir tərəfdən tərəqqini gücləndirib inkişaf etdirirsə, digər tərəfdən naturanı, təbii saflığı, gözəlliyi pozursa, təbiiliyi korlayırsa, min illik adət-ənənəni, mədəniyyəti, ədəb-ərkanı qoruya-qoruya yeniliyi yaratmırsa, bir tərəfli inkişaf edib yaxşı halda xudbinliyə aparıb çıxarırsa ilkinliyimizi itiririksə, onda hansı tərəqqidən, inkişafdan dəm vurmaq olar?
Məhəmməd peyğəmbər əleyhissəlam öz fərmayişlərinin birində demişdir:- «Üç kəs cənnətə daxil ola bilməz. Valideynlərinin üzünə olanlar, oğraşlıq edənlər, bir kişiləşən qadınlar».
Bu gün özünü kişilərə bənzədən kişi kimi geyinən, saçını kəsdirən qızlarımız, gəlinlərimiz milliliyimizə biganəlik gösətərmirlərmi?
Elə buna görə milliyimiz itir. Əcnəbilər öz libaslarını tələb etsələr biz lüt qala bilərik. Necə deyərlər:- Əli aşından da olarıq, Vəli aşından da!
 Hələ 14 əsr bundan qabaq ulu peyğəmbərimiz Məhəmməd buyurmuşdur: «Asqırarkən əlinizi ağzınıza burnunuza tutun, çalışın ki, səsinin ucadan çıxmasın», «Su içərkən qabın içinə nəfəs salmayın», «Saçınıza qulluq edin, darayın, səliqəyə salın, ətirli şey sürtün», «Paltarınızı, dişlərinizi, bədəninizi təmiz saxlayın», «Öyünməkdən çəkinin», «Dilinizin sahibi olun, onu zənginləşdirin, şirinləşdirin, yava danışmaqdan çəkinin», «Ata ananız sizi eyni vaxtda səsləyərsə, əvvəlcə ananızın yanına gedin» s.
 Əli Əleyhissəlam deyərmiş: -«Gözəl davranış insana həmişə təzə zinətdir», «İnsanlarla yaxşı davranın ki, bir vaxtlar dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salsınlarqalsanız sizin tərəfdarlarınız olub sizə aqibət etsinlər», «Ədəb ağlın surətidir, ədəbli olun», «Qaş-qabaqlı pis niyyətli olmayın» i. a.
Çox təəssüf ki, bir əsrə yaxın aparılan antimüsəlman, amansız ateist təbliğatı milli dəyərlərimizə, mənəviyyatımıza böyük zərbələr vurub. Həmin təbliğatın nəticəsində televizora kino ekranına yol tapan pornoqrafik səhnələr, sujetlərlə dolu olan filmlərin nümayiş etdirilməsi ədəb-ərkan qaydalarımızın çoxunu pozub məhv edib, kobudluq, laqeydlik nəzaketi, qayğıkeşliyi üstələyib. Çox yerdə böyüklük-kiçiklik aradan götürülüb, danışıqda, geyimdə, münasibətdə bayağlılıq ayaq tutub yeriyir.
Övladlarımızı elə tərbiyə etməliyik ki, onlar nəcib əxlaqımıza bu əxlaqla uzlaşan mədəni rəftar qaydalarına ürəkdən bağlanmış olsunlar. Bu baxımdan, ailənin valideynlərin rolu son dərəcə böyükdür. Çünki uşağın ilk məktəbi- ailə, ilk dərsliyi- ailədəki səliqə-səhman, adət-ənənələr, ilk müəllimitərbiyəçisi isə valideynləridir. Ədəb-ərkan tərbiyəsinin özülü məhz ailədə qoyulur bu birinci növbədə valideynin ailənin yaşlı üzvlərinin canlı nümunəsi ilə, danışıq davranış tərzi ilə ətə-qana dolur.
Ümumiyyətlə, valideynlər ağıllı öyüd-nəsihətləri şəxsi nümunələri vasitəsilə uşağı elə tərbiyə etməlidirlər ki, onlar hər bir sahədə ədəb-ərkan sahibi olsunlar deyək ki, başqalarına kömək etməkdən, baba nənələrinin qulluğunda durmaqdan, evdə, avtobus metrolarda yerlərini böyüklərə təklif etməkdən zövq alsınlar, danışıqlarında xoş sözləri yerli-yerində işlətməyi adət halına salsınlar, hər yerdə geyimlərinə səliqə-səhmanlarına fikir versinlər, düşünmədən danışmasınlar, məclisdə böyüklərdən əvvəl süfrəyə əl uzatmasınlar, görməmişlik etməsinlər, başqasının sözünü yarımçıq kəsməsinlər. Bundan ötrü isə təkrar edirik, ata-anaların, baba-nənələrin, ailənin digər yaşlı üzvlərinin hərəkəti, davranışı, danışığı, şəxsi nümunəsi əsas şərtdir, ən qüvvəli tərbiyə vasitəsidir. Bu vasitədən ustalıqla istifadə olunmalıdır.     




        Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri