Bilmədim
Bilmədim
Kədərdən üzümə sel kimi axan,
Gözümün yaşını silə bilmədim.
Əğyar fitnə ilə girdi min dona,
Onun hiyləsini bilə bilmədim.
Baldırğanlı gözə, yarpızlı dərə,
Dolannam başına gəlib yüz kərə.
Coşqun cavanlığı verdim hədərə,
Durub görüşünə gələ bilmədim.
Həsrətdən sinəmdə nə qədər dağ var,
Fələkdən bəxtimə düşüb ahu zar.
İçimdə göynərti, könlümdə qübar,
Dərdinə bir çarə qıla bilmədim.
Vətənin ləzzəti, dadı canımda,
Buz bulaqlar cövlan etdi qanımda.
Əvəz Lələdağı gördüm yanımda,
Yolunda can verdim, ölə bilmədim.
Комментарии
Отправить комментарий