Seçilmiş şeirlər 2


                   Axtarıram

Məni qınamayın, ay əhli-hallar,
Dərdimi çəkməyə fil axtarıram.
Namusum tapdanıb, yurdum dağılıb,
Başıma tökməyə kül axtarıram.

Çırpıldı min qapı söndü min ocaq,
Getdi əlimizdən qayıtmaz o c.
Düşmənin gözünə sancılsın bıçaq,
Vətənə getməyə yol axtarıram.

Bitib tükənməyir bu hicran yolu,
Əvəz Lələdağın bağlanıb qolu.
Könül xırmanını döyübdü dolu,
Dərdi sovurmağa yel axtarıram.

1992

Hanı


240 aydır yaram sağalmır,
Əlim ətəyində qalıb, ilahi.
Yağının tıfaqı hələ dağılmır,
Sar gəlib gülşəni alıb, ilahi!

Niyə biganəyəm, niyə bilmirəm,
Düşmənin çırağı sönmür, ilahi
Haqdan gələn sözü deyə bilmirəm
Ürəyim Vətəndən dönmür, ilahi!

İçimi göynədir yurd intizarı,
Nahaqdan töküldü ərlərin qanı.
Yaman can atıram Vətənə sarı,
Yol tapa bilmirəm, cığırım hanı?

2008

              Qardaşım

                        (bəzi dostlarıma)

Gərdiş bizi hərdən çəkir sınağa,
Əlac nədir, dözməliyik, qardaşım.
Yollanırıq gah arana, gah dağa,
Həmdəm olub gəzməliyik, qardaşım.

Hərdən bir ürəyimiz daş olub
İşlərimiz müşkül olub, yaş olub.
Axı niyə yad sonaya qoşulub,
Özgə göldə üzməliyik, qardaşım?

Xumarlanıb naz eyləyir gül sənə,
Gözəllikdən ilham alıb, gülsənə,
Yad nəfəsi toxunarsa gülşənə,
Canımızdan bezməliyik, qardaşım.

Qızıl gülün qönçəsini sar alar,
Sarı bülbül hikkəsindən saralar.
Əzəl gündən yar könlünü yar alar,
Yar gülünü üzməliyik, qardaşım.

Halallığa öyrənibdi əlimiz,
Sərrafları valeh edir ləlimiz.
İncini biz, mərcanı biz, ləli biz,
İpə-sapa düzməliyik, qardaşım.

Əvəz Lələdağın vardı bir üzü,
Dünyanın malında olmayıb gözü.
Dediyimiz hər kəlməni, hər sözü,
Süzgəclərdən süzməliyik, qardaşım.
                                                                                                  2008
Ömür payı

Ömrün baharını pay vermişəm
                oğlum üçün, qızım üçün,
Payızını,  qış çağını saxlamışam 
                özüm üçün.
Gözlərimin nuru qonub
                övladların gözlərinə,
Taqətimi bəxş etmişəm,
                qollarına, dizlərinə,
Ömrümü əritmişəm
                 neçə-neçə ömrə mən.
Alışmışam od olmuşam,
Közərmişəm köz olmuşam
             çevrilmişəm kömürə mən.
Həyat yolum dərə keçib,
              dağ aşıbdır.
Bu dünyanın işinə bax!
Əlli yaşım tam olmamış,
Karvan gəlib
             aşırıma yığışıbdır.
Bir bədənə bəs eyləmir iki qılça,
Gedib əsa almalıyam.
Qocalığın tufanına tab gətirib
                       dözmək üçün
Üç qılçalı olmalıyam.
Zəifləmiş gözlərimə
            indi eynək taxmalıyam.
Bu dağlara, bu  düzlərə, gözəllərə
Şüşələrin arxasından baxmalıyam.
                         Dəhşətə bax!
Ömrümün baharını pay vermişəm
            oğlum üçün, qızım üçün,
Payızını,  qış çağını saxlamışam 
                özüm üçün.

Dilim

Bir dəfə sən məni nökər eylədin,
Başıma bəlalar gətirdin, dilim
Neçə yaxın dostu, neçə sirdaşı,
Neçə həmdəmimi itirdim, dilim.

Bu torpaq şortamdı, nəyimə gərək?
Bu da uçuq damdı, nəyimə gərək?
Müştəri xamdı, nəyimə gərək?
Boynuna min günah götürdün, dilim.

Mən səni özümə qul etməliyəm,
Dəyərsiz bir qara pul etməliyəm
Ata yox, ulağa çul etməliyəm,
Sən məni səhv yolla ötürdün, dilim.

Səllimi dolanıb çölü-çəməni,
Utanmaz-utanmaz xar etdin məni.
Gərək buxovlayam əlimlə səni,
Ağzını gör hara yetirdin dilim.

Bir  cilovunu buraxmaram mən.
Tikanlı sözünə ta baxmaram mən.
Səni gülşənimə buraxmaram mən,
Gülşənimdə kol-kos bitirdin, dilim.



O ümiddi, inamdı
         
Ürəyimə təpərdi,
Qollarıma hünərdi

Qaranlığı əridən

Günəşli al səhərdi,
Xalqı haqqa səsləyən
Qələbədi zəfərdi,
Alovlu sinəsiylə
Vətənimə sipərdi
Onun hər bir addımı
Abadlaşan kəndimiz,
Çiçəklənən şəhərdi.
Torpağıma bərəkət,
Bağ-bağçamda bəhərdi
Dünyanı silkələyən,
Əyilməyən, sınmayan
Yerə-göyə sığmayan
Gələcəyə nur saçan
Bir ümiddi, inamdı.
Bu qüdrətli gənc insan
Heydər oğlu İlhamdı.

          ...
               
Azadlıq çarcısıdır,
Xalqa arxa,köməkdir.
Gələcəyə boylanan,
Xoş arzu saf diləkdi.
Liderlər arasında,
Düşünməkdə o təkdi
Azərbaycan elinin,
Köksündəki ürəkdi.
Dünən, bu gün, sabah da,
Xalqımıza gərəkdi.
Yurdumuzun qoynunda
Açılan tər çiçəkdi
Ayağı sayalıdı
Millətin süfrəsində
Tükənməyən çörəkdi,
Karvana bələdçidir
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli gənc insan
Heydər oğlu İlhamdı.
     
                                                ...
                                                   
Bu millətə, bu xalqa
Allah verən paydı o.
Gündüzlər nurlu günəş,
Gecə parlaq aydı o.
Qayaların bağrını
Yarıb gələn çaydı o
Kəhkəşandı,Kəbədi,
Möhtəşəm saraydı o
Azadlıq çarcısıdır,
Xoş xəbər, haraydı o
Əyilməyən, sınmayan
Bu dünyaya sığmayan
Bir ər oğlu, ərdi o
Gələcəyə inamdı,
Qələbəyə inamdı
Bu qüdrətli gənc insan
Heydər oğlu İlhamdı.
               
       
                                          ...
                                                                            
                                               Ən ucqar kəndlərimiz
Necə gözəl görünür,
Nur selinə qərq olub
Gecə gözəl görünür
Asfalt döşənmiş yollar
Küçə gözəl gözəl görünür.
Hər yerdə bayrağımız
Uca, gözəl görünür.
Məktəblər, meydançalar
Ona hər an, hər zaman
Kömək olsun Yaradan,
Odur Azərbaycanda
Gözəlliyi yaradan.
Xalqımız sağalacaq
Düşmən vuran yaradan.
Əyilməyən, sınmayan
Qoltuğa sığınmayan
Bir ər oğlu ərdi o.
                                                 Bir ümiddi, inamdı.
Bu qüdrətli gənc insan
Heydər oğlu İlhamdı.

                Olsun


Açıq qoy qapını, oğlum, açıq qoy,
Üzümə toxunan yaz nəfəsidir.
Ürəyim bir evdir, qoşa qapılı,
Gözlərim o evin pəncərəsidir.

Qoy o pəncərədən baxım dünyaya,
Bəlkə dünənimi yenidən görüm.
Boylanım günəşə, ulduza, aya,
Səmada nə duman, nə də çən görüm.

Görüm dünyamızda əmin-amanlıq,
Ömrün bütün anı xoş dövran olsun.
Bizdən əl götürsün pislik, yamanlıq,
Xalqımız mehriban, firavan olsun.

                                           2006

İlk zəng


İlk zəng

Mənəviyyət aləminə atılan ilk addım,
Ürəklərin kövrək döyüntüsü, sədası.
Dodaqlardan süzülən sevinc harayı,
                                   gülüş nidası!
Qəlblərdən əriyib gedən qəm,
Körpə barmaqlarla ilk dəfə
                                  tutulan qələm.
Lövhədə yazılan «A» hərfi, ana səsi,
Ömrün bir parçasının şirin nəğməsi.
Gələcəyə zillənən ilk qaynar baxış
Körpə təfəkkürünə həkk olan
                              ilk mənəvi naxış
Səmaya açılan yolun əzəli,
Könüllərin bir yetkin arzusu,
Körpə təbəssümü, səhər yuxusu.
Bir diləyin qolundan yapışan ilk əl,
Bəşəri xeyirxahlığa səsləyən
                            xeyirxah əməl.
                               İlk zəng!
Səslən, səsin ucalsın!
Alovlu nəfəsinlə sübhün çırağı yansın.
Yer üzünü nurladan nurlu günəş ayılsın,
Qızıl telli ziyası pərdə-pərdə yayılsın.
Qulaqları batıran,
Qayaları çatladan,
Vahiməli səsləri eşitməsin nəsillər.
Qapıları döyməsin çətin illər, nəs illər.
Səslən, səsin ucalsın!
Dünyamıza dərd olan
                        bəd səslərdən bac alsın.
Qardaşlığa, dostluğa təməl olsun,
                                           tac olsun.
Kainatı oynadan qoy sənin səsin olsun.
Ay mənim körpə zəngim, ilk zəng!
Səslən, səsin mübarək!

Biz harda varıqsa, sən orda varsan
(Ümummilli liderimiz Heydər Əliyevin məzarı önündə)

İşin-gücün belə qızğın çağında,
Mən buraya bir niyyətə gəlmişəm.
Dar ayaqda elimizin dayağı,
Xilaskarı ziyarətə gəlmişəm.

Gəlmişəm ki, doğma Azərbaycanın,
Hər anını öndər kimi yaşayan.
Gəlmişəm ki, bu əlçatmaz insanın,
Hüzurunda səcdə edəm, baş əyəm.

Millət üçün nələr etdi, haqq bilir,
El yolunda zərrə-zərrə əridi,
Xidmətini qədir bilən xalq bilir,
Əzəl gündən qorxu bilməz ər idi.

Artıq dirənmişdi bıçaq sümüyə,
Çəkilmirdi qara duman yolumdan.
Az qalmışdım uçurumdan düşməyə,
O yapışdı ata kimi qolumdan.

Yolu bağlanmışdı firavanlığın,
Bu yolu hünərlə yenə o açdı.
Əlində bayrağı qəhrəmanlığın,
İnamla, ilhamla zirvələr açdı.

Duyan qəlbin, dərin zəkan, düşüncən,
İlahinin vergisiydi, ay dədə.
Doxsan dörddə harayına hay verən,
Doğma xalqın gur səsiydi, ay dədə.

Dar gündə millətin dadına çatdın,
Unutmaq günahdır dahi insanı,
Yatmadın, gecəni gündüzə qatdın,
Dünyaya tanıtdın Azərbaycanı.

Gəzirəm yurdumu mən addım-addım,
Cənnətə dönübdü ana Vətənim.

Sənin cəsarətlə atdığın addım,
Xalqıma məlhəmdir, yağıya qənim.

Lissabon sammiti yaddan çıxarmı?
Haqla haqq səsini ucaltdın orda.
Hava tutulmasa, şimşək çaxarmaı?
Hünərlə bir dünya yaratdın orda.

Xalqımın üstünə qara yel əsdi,
Səni də sarsıtdı 20 Yanvar
Qürbətdən xalqına təsəlli verdin,
Səni qorxutmadı nə boran, nə qar.

Göz yaşı qaynadı elin gözündə,
Təbiət əyninə qara don geydi.
Telləri qırıldı telli sazın da,
O da köynəyini qaradan geydi.

Namərdlər dursa da sənin qəsdinə,
Mələklər ruhuna dua oxuyur.
Günəş birçəyini töküb üstünə,
Vallah, məzarın da gülab qoxuyur.

Baharda gəlmişdi, köç etdi qışda,
Gəzdiyi yaylaqda yeri görünür.
Onun əli dəyən hər kiçik daş da
Nəhəng qayalar tək iri görünür.

Mən də sarsılmışam, olmuşam bihal,
Hicran ürəyimə köz qoydu getdi.
Uçdu yuvasından o qoca qartal,
Yurdundan silinməz iz qoydu getdi.

Sübhəcən gözümə yuxu getməyir,
Xəyalım dolanır aranı, dağı.
Bu torpaq yanğısı qəddimi əyir,
Bir dahi itirdi Vətən torpağı.

Pəhləvan cüssəli o qorxmaz ərin,
Ucaldı üstündə gül-çiçək dağı.
Ömrümün payından günlər ötüşdü,
Bundan səngimədi insan ayağı.

Ürəkdən sevirdi Azərbaycanı,
O yenə məğrurdu  elin gözündə,
Necə sevməyəsən belə insanı.
O bir peyğəmbərdir yerin üzündə.

O elə möhtəşəm qala qurdu ki,
Onun qəlpəsini qoparmaq çətin.
Ən uca zirvədə elə durdu ki,
Yoluna nur səpdi bəşəriyyətin.

Qızılquş həmişə yüksəkdə uçar,
Qartalın qıyına qıy çatmaz, Dədə.
Şahin qanadını havada açar,
Sənin soykökünə soy çatmaz, Dədə.

Qəbrin nurla dolsun, ey dahi insan,
Alimsən, şairsən, gözəl memarsan.

Səni unudarmı can Azərbaycan,
Biz harda varıqsa, sən orda varsan.

Xəyal məni çəkir on il əvvələ,
Ölkə nə kökdəydi, millət nə gündə?!
O hissslər içimdə yaşayır hələ,
Namus nə gündəydi,qeyrət nə gündə?!

Ağsaqqalsız yerdə, böyüksüz yerdə,
Vallah dönük çıxar qardaşa qardaş.
Göy də qan ağlayar, sızlayar yer də,
Vətəni duymasa əsl vətəndaş.

Baş alıb gedirdi özbaşınalıq,
Elin sərvətini yad talayırdı.
Nə həya qalmışdı, nə də insanlıq,
Aqili nadanlar tapdadalayırdı.

Başı pozunuqlar düzü əyirdi,
Naxırçı keçirdi topçu yerinə.
Özümdən özümə zərbə dəyirdi,
Nahaqdan axırdı qan su yerinə.

Elə bil dönmüşdü hər şey tərsinə,
Köhlən yerişində ulaq gedirdi.
Satqının, alçağın əməlləriylə,
Vətən satılırdı, torpaq gedirdi.

Milləti bəladan, dərddən qurtaran,
Allahın hökmüylə xilaskar gəldi.
Onun gəlişiylə səngidi tufan,
Vətən torpağına ilk bahar gəldi.

Gəldi, alqışladı onu el, hamı,
Parlaq günəş doğdu Azərbaycana.
Millət ondan aldı gücü, ilhamı,
Millət yön çevirdi ulu insana.

Onu yaradana minnətdarıq biz,
O xalqın yolunda məşələ döndü.
Müstəqillik oldu mübarizəmiz,
Zülmün, zülmkarın çırağı söndü.

Mən də qələmimi sınadım onda,
İçimi göynədən bəla sovuşdu.
Namərdin önündə sınmadım onda,
Millətə qurulan tələ sovuşdu.

Onun gəlişiylə göyərdi hər daş,
Tale sığal çəkdi Azərbaycana.
Mənim arzularım çin oldu, qardaş,
Üzümü çevirdim müdrik insana.

                                             

Sazda gözüm, teldə gözüm


Hər çeşmədən su içmişəm,
Mən bu dağlarda, dağlarda.
Gözəllərə gül seçmişəm,
Mən bu dağlarda, dağlarda.

Dolanıram güldə gözüm,
Sazda gözüm, teldə gözüm,
Ələsgərsiz necə dözüm,
Mən bu dağlarda, dağlarda.

Xəyal gəzir Şahdağında,
Dodağım gül dodağında.
Gəzdim Vurğun sorağında,
Mən bu dağlarda, dağlarda.

İstəyirəm bir saz çalım,
El-obadan ilham alım.
Əbədilik bir yol salım,
Mən bu dağlarda, dağlarda.


     Əzizim Vətən yaxşı
                                   (Lirik poema)
                                                        Yazı stoluma oturan kimi
Özüm bilmədən kənddən yazıram
Vurğunu olduğum dağdan, dərədən,
Yağışdan, yağmurdan, bənddən yazıram.

Xəyalım dolanır o doğma kəndi
Yalçın qayaları, qartallı dağı
Şəhər inciməsin, şəhər şəhərdi
Yadımdan çıxmayır Ağdü torpağı

Səhərdir, üfüqdən boylanır günəş
Hər yan libasını qızıldan geyir
Qırmızı lalənin bəxti açılıb
Qara sürmə çəkir, qızıl don geyir.

Bahar hücum çəkir qışın üstünə
Qələbə qazanır, arzuya çatır
Gül qoyur başını daşın üstünə
Mürgü vura-vura qayğasız yatır.

Dağın da daşları mamırdan çıxır
Kəklik zənguləsi məst edir məni
Elə bil hardasa ildırım çaxır
İlham təbiətlə dost edir məni.

Gəlir budaqlardan quşların səsi,
Güllərin tacında şeh bərq vurur
İnsanın içində vüsal həvəsi,
Ürək cuşa gəlir, daha bərk vurur.

Qönçəsi açılan təzə tər çiçək
Baxır gözəlliyə, baxır günəşə.
Gülün yanağından öpəndə külək,
Başını qaldırır gülür bənövşə.

Nərgizin bənizi necə gözəldir,
Yuyub camalını yaz yağışları.
Yasəmən çiçəyi incə, gözəldir,
Hansı əl yaradıb bu naxışları.

Yurdumun qəhrəman oğlu, qızı var
Ucalan, vətəndə ucalar göyə
Yamaca bəzəkdir əmlik quzular,
Tanrı da baş əyər bu gözəlliyə

Nədənsə yapışmır burda yaz mənə,
Ürəyim açılmır, könlüm açılmır.
Elə bil qara yel əsib üstünə,
Qönçədə qarıyır, gülüm açılmır.

Burda çıxammıram bulaq başına,
Arzumun qolları buxovlanıbdı.
Zatı bilinməyən bir şərəfsizin-
Əliylə el yanıb, oba yanıbdı.

Mən kənddə, kəsəkdə bayram axşamı,
Qapıpusduya da gedərdim, qardaş
Burda öz qınına çəkilir hamı,
qəmim azalır, dərdim, qardaş.

Yuxuda gəzirəm dağı, aranı,
Qürbətdə əriyir didərgin canım.
Unuda bilmirəm vallah oranı,
Oradır dərgahım, dinim, imanım.

Eşqim cücəribdi o doğma yerdə,
İlhamım bərkiyib isti ocaqda.
Keçdi cavanlığım qayıtmaz bir ,
İndi dolanıram küncdə, bucaqda.

Çörəksiz qalıbdı, çörək təhnəsi,
Səməni tabağı küncə atılıb.
Nənəmin donbagöz palıd nehrəsi,
Çatmanın çiynindən asılı qalıb.

Yanğımı söndürməz ayna bulaqlar
Gözümü yandırır, gözümün yaşı
Məni düşündürmür dövlət, var,
Şərlə üzləşirəm hər addım başı.

Corab salladığım bacalar hanı?
Allah, tay-tuşumun sayı azalıb.
Üzü zəfəranlı çöçələr hanı?
Qonşunun qonşuya payı azalıb.

İçimi göynədən dərddi, ələmdi,
Tamarzı qalmışam kəndin aşına
Səməni halvası başqa aləmdi,
Hamı yığıraşdı sürfə başına.

Nənəm danışardı toydan, düyündən,
Bəd söz eşitməzdi qapı pusanlar.
Xoş xatirə qalıb mənə o gündən,
Köçüb bu dünyadan gözəl insanlar.

Zərəkli qovurğa, qatlama fətir,
Süfrənin bəzəyi dəstanam hanı?
Qızılgül yerində qanqallar bitir,
Bütün analara, dost anam hanı?

Günah işlədirəm bəlkə, İlahi!
Adilsən Allahım, keç günahımdan.
Kömək et düşmüşəm bərkə, İlahi!
Dağılıb çöllərə köç, günahımdan.

Nədənsə səngiyib nifrət körüyüm
Qəzəbim içimdə paslanıb qalıb
Bu gün yaddan çıxır dünən gördüyüm,
Canım yas içində yaslanıb qalıb.

Kənddədir dincliyim, gün-güzaranım,
Mənə qanad verin uçum kəndimə.
Orda yoxa çıxar azar, bezarım,
Gedim salam verim Laçın kəndimə.

Gedim diş göynədən buz bulaq üstə,
Elin dərd ocağı içimdə yanır
Vətəndən çıxandan olmuşam xəstə,
Yaylaqdan qovulan köçüm yanır.

Məni yaman boğur hicran havası,
Üstümə yeriyən çən-duman nədir?
Başları qatanda stol davası,
Gözləri görmədi o yanan nədir?

Göylər ağladı mənim ahımdan,
Sütül cavanlarım şəhid oldular.
Mən kərəm dilədim göy Allahından,
İgid doğulanlar igid oldular.

              * * * * *
Sənin ətəyinə əl uzatmaqdan,
Əlim ətəyindən uzun olubdu.
Niyə bu dünyanın dadı özgənin,
Ağrısı, acısı bizim olubdu.

Peşəmiz ağlamaq olub İlahi!
Gözəllər saralıb, solub İlahi!
Gözlərim yollarda qalıb İlahi!
Baxmaqdan yorulan gözüm olubdu.

Burula-burula çıxan tüstünün,
Küləklər şığıyıb alır üstünü.
Gərdiş ünvanladı mənə pis günü,
Həmdəmim, illacım, sazım olubdu.

Vətən-Vətən deyə köçdü çoxları,
Sancıldı sinəmə namərd oxları.
Mənim qılıncımın yoxdu ovxarı,
Kürədə qaralan közüm olubdu.

Hanı başımızın qeyrət papağı,
Yad əldə inləyir gözəl Xan bağı.
Qaytara bilmirik biz Qarabağı,
Bircə təsəllimiz dözüm olubdu.

Yaman xırxalayıb kəmfürsət məni,
Yağılar dolaşır çölü, çəməni.
Nənəmin qoyduğu yaşıl səməni,
Dilimdə ən şirin sözüm olubdu.

                 * * * * *
Gələmmədim bu yaz yenə qoynuna,
Sən məndən incimə, küsmə, a kəndim.
Bəxtimin kələfi düyünə düşüb,
Hələ ümidini üzmə, a kəndim.

Üstünə od yağsın pis qonşuların,
Yolunu azdırdı axar suların.
Gözü yolda qalıb xoş arzuların,
Mənim dözdüyümə dözmə, a kəndim.

Yazıq nənəm hey deyirdi bizlərə,
Gavurların əli çatıb Düzdərə.
Yanıb-yanıb külə döndü yüz dərə,
Sən belə biganə gəzmə, a kəndim.

Hanı igidlərin, ər oğulların,
Gedib cavabını vermir onların.
Goru çatlamırmı mərd olanların?
Sözümü pisliyə yozma, a kəndim.

Mən sənə oğluma, sən mənə ana,
Yadların əlindən gəlmişəm cana.
Görünmür göllərdə yaşılbaş sona,
Düz əhdi ilqarı pozma, a kəndim.

Keçir xəyalımdan hər dərə, hər dağ,
Qulağım səsdədir, gəlmir səs-sorağ.
Lələdağ olubdu gözəl Qarabağ,
Bir az da möhkəm ol bezmə, a kəndim.

Unuda bilmirəm «dirədöyməni»,
Unuda bilmirəm «kəndir dartmanı»
Vətən, günahkaram, Vətən döy məni,
Apar qayalardan, apar at məni

Hələ gəlməyib ağlım başıma,
Çadırda doğulan uşaq kimiyəm.
Sənin həsrətindən qəddim əyilib,
İyin ucundakı yumaq kimiyəm.

Topun mərmisiylə dağılan divar,
On doqquz ildir ki, uçuq qalıbdı.
Əzgənli, İtuçan, Mırıq, Sarıyer,
Ağyalın yaxası açıq qalıbdı.

O yerlər gəncliyim keçən yerlərdi,
Tarixə dönübdü, məndən uzaqdı.
Nəbi, Koroğlular keçən yerlərdi,
İndi o yerlərdə çovğun sazaqdı.

Gavurun üzünə bahar da gəlmir,
Açılmır çöllərin qaşı, qabağı,
Nadanlar, naşılar içməsin deyə,
Suyunu azdırıb Arzubulağı.

Yazgül yığa bilmir, təzə yaz gülü
Novruzgülü hanı gözümə dəymir?
Salxım söyüdlərin saçaq telləri,
Telimi oxşamır, üzümə dəymir.

Yurddan ayrıldığın on doqquz ildir,
O vaxt doğulanlar əsgərdi indi.
Neçə payız getdi, neçə qış gəldi
Gedib görəmmədim o doğma kəndi.

Ömrün qürub çağı haqlayıb məni.
Bu gündən sabaha gümanım azdı,
Müqəddəs pirləri, pir ocaqları
Ziyarət etməyə inamım azdı,

Nədir bu cazibə, nədir, İlahi!
Yaxşı dolanıram, yaxşı burda mən.
İçimi qurd kimi didir, İlahi!
Vətəni qoymuşam axı darda mən.

Vətən müqəddəsdir, Vətən uludur,
Onu Əvəz edən qüvvə tapılmaz.
Vətən babaların döyüş yoludur,
Vətəni sevməsən o Vətən olmaz.

Xəyalım dolanır o doğma kəndi
Yalçın qayaları, qartallı dağı
Şəhər inciməsin, şəhər şəhərdi
Yadımdan çıxmayır Ağdü torpağı

Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

                            Əvəz Mahmud Lələdağ
                                   22. 03. 2007

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri