Seçilmiş şeirlər 4
Mənim Çaldağım (xatirə poema)
A Çaldağım, məni çevir başına,
Heç bilmirəm necə gəlim xoşuna?
Ürəyimi yamaq elə daşına,
Bu nağıllı qayalarda qalım mən,
Geri dönməz bir əsgərin olum mən.
Əzəl gündən sən bəlalı doğuldun,
Zaman-zaman sinələrə dağ oldun,
Oba-oba, oymaq-oymaq dağıldın,
Bulaqların için-için ağladı
Perik düşən neçə köçün ağladı.
Sərt oyunda sənə heç nə düşmədi,
Hicran dərdi iliyinə işlədi,
Bədöylərin yana-yana kişnədi
Karvan-karvan elin köçdü arana,
Bir təpitmə qoyulmadı yarana!
Gör nə qədər sağalmalı yara var,
Sən özündə təbib, loğman ara, var.
Nə qədər ki, ayrılıq var ara var
Nə gizlədim mənim qəlbim açılmaz,
Torpağına bağlı olan aç olmaz
Yemliyini, yarpızını bol elə,
Küneyləri qırxbuğumla silələ
Üst-başıma şehli-şehli gül ələ ,
Güllərindən ətir çəkib məst olum,
Ağ ləçəkli nərgizinlə dost olum.
Çaşırını yığıb duza qoymuşam,
Baldırğanın qabığını soymuşam,
Demirəm ki, göbələkdən doymuşam,?
A Çaldığım, neymətindən doymaram,
Naşıları həndəvərə qoymaram.
Çox düşmüşəm turacının izinə,
Bənd olmuşam bildirçinin səsinə
Ay torağay, dönüm sənin gözünə,
Bir də oxu, dəli könlüm şad olsun,
Ötüb keçən o günlərim yad olsun!
Qartal qıyı yalyenişə millənə,
Fərə kəklik qayalıqda dillənə.
Bal arısı çiçək üstə yellənə
Qoşa durub gözəlliyə baxaq biz,
Bədnəzəri yandıraq biz, yaxaq biz.
A Çaldağım, gəl sınayım özümü,
Həkk eləyim qayalara izimi.
Birdən işdir, qıran olsa gözümü
Dözəcəyəm, arxanı ver arxama
Məğlub olsam vermə mənə tər xama.
A Çaldağım, hər yerini gəzmişəm,
Cocuq olub güllərini əzmişəm
Açıq deyim, hərdən səndən bezmişəm,
Sağ ol dağım, hər açımı udmusan,
Doğma anam kimi məni qucmusan
Sən mənə loğmansan, təbib şeirsən,
Sən mənə həmişə yatma deyirsən.
Qurd ürəkli övladınla öyün sən,
A Çaldağım, vəfalısan, vəfalı,
Sinən seyrəngahdır, qoynun səfalı.
Gəlsənə dərdləşək ötüb keçəndən,
Vaxtlı gəlib vaxtsız səndən köçəndən,
Qar suyundan ovuc-ovuc içəm mən,
Niyə yaxınımdan uzaq olmuşam,
Səndən ayrılanda uşaq olmuşam.
A Çaldağım, Surçaqdaşın xınası,
Köhnə arxla kəlib bir də axa su.
Bir açıla Salvartının yaxası,
Gedəm çıxam Buzovyalın qaşına,
Bir dolanım Ağbulağın başına.
A Çaldağım, bir yaylaqdı İşıqlar
Orda sağlam böyüyürdü uşaqlar,
Gələcəyə ümid dolu işıq var,
Allah, qaytar ötüb keçən çağları
Bir də görüm elim köçən dağları.
Çaldağımdır gəncliyimin yuvası,
Məlhəmimdir ətir qoxlu havası,
Çeşməsidir yanan qəlbin davası,
Gözlərimdə dağlar yaman ucalır,
Həyat şirinləşir, ömür qocalır.
Yaylağında əlvan-əlvan xalça var,
Gözəllərin halay tutub əl çalar,
Güneydəki babam yaşlı alçalar.,
Xiffətdənmi saralıblar, solublar,
Bir zamanlar kölgəliyim olublar.
A Çaldağım,sən vəfalı bir dağsan,
Dəlidağa sən də qolsan, budaqsan,
Keçmişin var, hünərlisən, qoçaqsan,
Səndə gəzib Koroğlular, Nəbilər,
Zər görməyən zər qədrini nə bilər?
Səndə oğulların izləri qalıb,
Soyuqbulağında sözləri qalıb.
Bəlkə gülə dönüb özləri qalıb,
Axarlı-baxarlı məğrur sinədə,
Sağalmaz dağ görüb bir vaxt sinən də.
O vaxtlar intizar qoyub gözləri,
O illər itirib neçə izləri
A Çaldağım, bu laləli düzləri,
Bir də bürüməsin hərbin dumanı,
Qırıb məhv etməsin insan-insanı
Mənim dağım, necə gözəl səslənir
Zirvəsində bala qartal bəslənir,
Qəlbimdəki bu cızıltı bəs nədir?
Ağır dərddir ayrılığın fərağı,
Yaxşı gəlmir bir yanımın sorağı.
A Çaldağım, Heydər baba naxoşdu,
Yol irizi sıldırımdı, yoxuşdu.
Ömür yolum dərə keçdi, dağ aşdı,
Arzuladım Şəhriyarı görmədim,
Bu dünyada ehtibarı görmədim
Savalanın üstünə qəm ələndi,
Güllərinə afat yeli bələndi
Çəmən-çəmən çiçəkləri kələndi,
Yamacları boran aldı, qar aldı,
Neçə ocaq külə döndü,qaraldı.
A Çaldağım, bir ürəyin parası,
Yaralanıb çox dərindi yarası,
Təbriz ilə Bakımızın arası
Açılaydı yollar gülşən olaydı.
Heydər baba sevinib şən olaydı
A Çaldağım,qəm yükü var boynumda,
Ömür keçir sərt illərin qoynunda
Uşaqlıqda «evcik evcik» oynunda
Zəhmətimin bəhrəsini dərərdim,
Hara gündü, qurudumu sərərdim.
Turab kişi Qəmər atı sürəndə,
Bədöy ürkə kişniyərdi örəndə.
Kəndə tərəf gələn əsgər görəndə,
Muştuluğa ayaqyalın qaçardım
Sevincimdən qanad taxıb üçardım
Gələn-gedən öpərdilər üzündən
Doymazdılar söhbətindən, sözündən,
Əsgər qağam bixəbərdi özündən,
Qızlar ona çöldə nişan taxardı,
Sevən gözəl oğrun-oğrun baxardı.
Bayramağzı sazlanardı el dağa,
Keçə-çubuq yüklənərdi ulağa.
Nə müddətdir tamarzıyam yaylağa
Yetim qalıb ocaq daşı, yurd yeri,
Ürəyimdə neçə-neçə dərd yeri.
Ağsaqqallar yurd yerini seçərdi,
Şükürbəyli yaylağına köçərdik.
Buzbulağın buz suyundan içərdik
Ayrılıq döndərib bağrımı qana,
Hicranın əlindən gəlmişəc cana.
Çeştə qədər qoyun otun alardı,
Arıq-axsaq arxaçında qalardı.
Dəli könlüm xam xəyala dalardı,
Necə oldu, baxışı can alan sona,
Tez açılan sona, tez solan sona.
Tər çiçəklər göz yaşını silərdi,
Boz sürülər günortaya gələrdi.
Çoban-çoluq danışardı, gülərdi
Ax nə deyim bostana daş atana,
Torpaqları quldurlara satana.
Qırxın vaxtı pörnəkləri seçərdik,
Oğursağı sağıb südün içərdik.
Biçənəkdən qırxbuğumu biçərdik,
Oranı özümə Kəbə sanıram
Yadıma düşdükcə alovlanıram.
Avtafada yarpızlı çay qoyardıq
Qaraxanın içdiyini sayardıq.
Bədnəzərin baxışını oyardıq,
Mat qalmışam Yaradanın işinə,
Torpaq üçün gərək hamı düşünə.
Uşaqlıqda bəd işlər də görərdik
Çöngələri alıqlayıb minərdik.
Yıxılana qəh-qəh çəkib gülərdik,
Harda qaldı deyib gülən çağlarım,
Məçlislərdə xoşa gələn çağlarım.
Yanağımız hərdən qabıq qoyardı,
Nənəm yazıq qabıqları soyardı,
Mələknisə qurudları sayardı.
Hara gündü qurudunu sərərdi,
Sonra bizə yağ yaxmacı verərdi.
Çayotunu, qantəpəri dərərdik,
Gündöyəndə seyrək-seyrək sərərdik.
Əvəliyi qız saçı tək hörərdik,
Ay ellər, Vətənsiz saraldım, soldum,
Təbibsiz, loğmansız, dərmansız oldum.
Qarapirdən baldırğanı yığardıq
Çaşır üçün Evqayaya çıxardıq,
Şişqayadan Çalmalığa baxardıq
Heç kəsin olmasın dərdi mənim tək,
Əlimi qolumu bağlayıb fələk.
A Çaldağım, Mirəhmədin dərəsi
Gözəl olur gözəl kəklik fərəsi,
Harda qaldı nehrəmizin kərəsi,
İçimi göynədir bu möhlət mənim,
Səfa yadın oldu, əziyyət mənim.
Tərxan qoyun hər il yalxı doğardı,
Babam onu ovşarlayıb sağardı.
Yunu qırxıb dağarcığı yığardı,
Nənəm payız cəhrəsini qurardı,
Nağıllarla gecələri yorardı.
Bibim bizə şaldan paltar tikərdi,
Şal da bizi yandırardı, tökərdi,
Qılçamıza yaxşıca vay çəkərdi
Yeriyəndə dalayardı bizi şal,
Mal dili tək uzanardı düzü şal.
Altı uşaq bir gəzərdik həmişə,
Çətin idi bizə bir kəs ilişə
Hünər ilə yapışdıqmı bir işə,
Gərək onun axır daşın atardıq.
Yorulanda sərələnib yatardıq
Mal gələndə qabağına qaçardıq,
Şimşək kimi orda-burda saçardıq,
İnək itsə biz bu dərdi açardıq
Fatma xala bir «qurd ağzı» bağlardı,
Telli inək sağ-salamat qalardı,
Payız çəni yal-yamacı alanda,
Yaylaqların gül çiçəyi solanda,
İldırımlar haray-həşir salanda,
Bu gün, sabah qış düşəcək deyərdik.
Fəsillərdə ən çox qışdan əyərdik.
Salvartıda təzə qarı görəndə,
Qoyun-quzu otlayardı örəndə,
Günəş nənəm mala ələf verəndə,
Barmaqları uyuşardı şaxtada,
Elə bil ki,qəsd edirdi şaxta da.
Qış girdimi qar qapını alardı.
Nənəm vaxtlı təndirə ot salardı,
Biş-düş üçün yazıq məətəl qalardı,
Qara çömlək tez enərdi təndirə,
Tamarzıydıq ətə, yağa, pendirə.
Böyük çilə lövbərini salanda,
Şaxta kolun birçəyini yolanda
Boran damda «Ənzəlini» çalanda,
Kürsümüzün qucağına dolardıq,
Şirin-şirin xəyallara dalardıq.
A Çaldağım, Buzovyalın qırovu,
Ütük baba buraxmazdı bir ovu,
Xıdırnəbi pişiklərin mırrovu,
Qovurğanı kirkirədə çəkərdik,
Qovudunu şirin südə tökərdik.
A Çaldağım, «baca- baca» satanda,
El-obamız qəm-qüssəni atanda,
Göyün gözü xumarlanıb yatanda,
Biz də durub ağacatı yalardıq,
Bacalardan uzun torba salardıq.
Süfrəmizdə yeddi löyün olardı,
Cavan qızlar suya iynə salardı
Çoxlarının bəxt ulduzu yanardı,
Mürgü vurub gözümüzü yumardıq
Sübhdən durub bulaqlara cumardıq
Əlimizi, üzümüzü yuyardıq,
Cibimizə bulaq daşı qoyardıq,
Bədnəzərin baxışını oyardıq,
Ağırlığım-uğurluğum tökül sən,
Canımızda olan dərdlər çəkilsin.
Sinilərə düzülərdi səməni,
Döyülərdi, əzilərdi səməni,
Ələklərdən süzülərdi səməni,
Damağımda qazmağının dadı var,
Çox şeylərin özü yoxdur, adı var.
Bayramağzı qış çırmanıb gedəndə,
Qarçiçəyi yazı xəbər edəndə,
Vaxt-vədəni bilməyən də bilən də,
Deyərdilər:-yetim otu çıxıbdır,
Qonşu qızı təzə nübar yığıbdır.
Yetim otu, əlimizdən tutmusan,
Yaman gündə hayımıza çatmısan,
Gələn kimi aclığa daş atmısan,
Quşquyruğu, xıncılovuz, əvəlik,
Əlim sizdən üzülübdür hələlik!
Şaxta xəncərini qına taxanda,
Qar suları zümzüməli axanda,
Lalə-nərgiz heyran-heyran baxanda
Üçtəpədən Çuxuryurda enərdik,
Ağuz yeyib lalandıya dönərdik,
Bahar göyün yaxasını açanda,
Günəş güneylərə şölə saçanda,
Qoyun-quzu yal yenişə qaçanda,
Dağ seli də öz atını çapardı,
Deyərdilər:- sel Saranı apardı.
Gül-çiçəyin göyçəyini seçərdik,
Bulaqların buz suyundan içərdik,
Çopurdaşdan kəklikotu biçərdik,
Özü də ki, ayaqyalın, başaçıq,
Yaddan çıxmaz keçə, çubuq, alaçıq.
Səhər-səhər nazlı günəş güləndə,
Körpə güllər göz yaşını siləndə,
Mərcan inək çeştdəmiyə gələndə,
Nənəm durub sərincini yuyardı
Ona qədər qaşqa buzov doyardı.
A Çaldağım, qantəpərin bitirmi,
Əmlik quzu ot içində itirmi,
Çiçəklərin gözəllərə yetirmi,
Cincilimin məlhəm olub yarama,
Namərdlərin dərdlərinə yarama.
A Çaldağım, usta Əliş dururmu,
Kəndimizdə toy mağarı qururmu,
İbiş kişi aşıqları yorurmu,
Xəstə Qasım «Dilqəmini» çalırmı,
Hümbü əmi heç şuluqluğ salırmı.
A Çaldığım, Qılınçlayın dumanı,
Meyxanımın qırçın-qırçın tumanı,
Əbülfəzin eşqə düşmək gumanı
Məhərrəmin at sürməsi necoldu,
Bulaqların zümzüməsi necoldu,
A Çaldağım, Göbəkdaşı neylədin,
Yantəpəni kimə qurban eylədin
Məndən sonra neçə karvan əylədin
Qoyub getdim qayıtmadım bir də mən,
Necə dözüm bu möhlətə, dərdə mən,
A Çaldağım, Gödəkdərə bürküdür
Qurd təpinib qoyunları hürküdür
İndi hamı dabanını bərkidir
Bəd görünür bu işlərin axırı
Naxırçılar buraxıblar naxırı
A Çaldağım, ballıyonca cücərmir.
Əkinçilər əkinini becərmir
Dağ qızları qulac-qulac saç hörmür,
Saç kəsənə dayca quyruq deyərdik,
Həyasıza qəlbimizdə söyərdik
A Çaldağım, Qalnıcanın küləyi
Üçtəpənin bərəkətli çörəyi,
El obanın ümid yeri, ürəyi,
Qarnıyarıq, Niyazdüşən solubdur,
Qızılboğaz özgələrə qalıbdır.
İşıqlının çəh-çəh vuran quşları,
Mirəhmədin çopur-çopur daşları
Neynəməli arzu böyük, yaş yarı,
Gözüm doymur gözəllikdən, gözəldən.
Saçlarıma xub yaraşır gözəl dən
A Çaldağım, Madar köçüb getdimi,
Aşıq Temir onun toyun etdimi,
Gülüqızın arzu- kama yetdimi,
Bir də içsəm Cınqıllının suyunu,
Görə billəm nəvələrin toyunu.
A Çaldağım,ömür yolum az qalıb,
Bu həsrətdən ürəyimdə köz qalıb,
Ərinməzdə balta kəsməz buz qalıb,
Ondan əzib xımır-xımır yeyərdim,
Yanan qəlbin dərmanıdır deyərdim.
A Çaldağım, saçlarıma dən düşüb,
Elə bil ki, dağ başına çən düşüb
Əlim çatmır, qəlbim səndən gen düşüb,
Könlüm istər hər il səni yoxlayım
Şehli-şehli güllərini qoxlayım.
Çən çəkilib dərə, təpə, yal açıq,
Könlüm deyir qənşərə çıx,yala çıx,
Sənin kimi heç kəs olmaz əlaçıq,
A Çaldağım, səxavətin var olsun,
Nadanlara, nankorlara ar olsun
Bənövşə
Səninlə həmişə həmdəm olmuşam,
Məst edən ətirin hanı, bənövşə?
Bəlkə üzün dönüb, məndən küsmüsən,
Köhnə sirdaşını tanı, bənövşə.
Bu qoca dağların həyalı qızı,
Gəl yenə birlikdə keçirək yazı.
Sənsiz kökdən düşər könlümün sazı,
Səndədir eşqimin canı, bənövşə.
Vətən intizardı, mən də nigaran,
Nə loğman tapılır, nə dərdə dərman.
Ürkək baxışına olsam da heyran,
Xəstədir yurdumun yanı, bənövşə.
Qalıb yad əllərdə Dədə Ələsgər,
Boylanır yollara hər axşam-səhər.
İstəməzdim sənə deyim bəd xəbər,
Töküldü ərlərin qanı, bənövşə.
Boynunu bükübdü sən tək Əvəz də,
Marallar gədikdə, ceyranlar düzdə.
Bir gün daşdanarıq Vətənə biz də,
Yetişər həsrətin sonu, bənövşə.
15.04.2007
Yoxdu
Şəhərlər gəzmişəm, kəndlər görmüşəm,
Kəndimizin tayı yoxdu dünyada.
Bulaqlar, çeşmələr, bəndlər görmüşəm,
«Əlmərdan»ın suyu yoxdu dünyada.
Bircə ovuc içəmməzsən bir başa
Sinə məlhəmidir dosta, sirdaşa
Elə suyu qıymaz qardaş-qardaşa,
Qıchaqıcı, qıyı yoxdu dünyada.
Qız-gəlin yığışar axşam başına
Səhənglər söykənər bulaq daşına
Əvəz Lələdağın yar-yoldaşına
«Xoş gəldin» deməyi yoxdu dünyada.
Pəribulağı
Yarımcadı
bulaqların içində
Suyuyla
öyünür Pəribulağı
Hərdənbir
gözünə çör-çöp düşəndə
Bir
azca deyinir Pəri bulağı
Qışın
qasırğası sovuşan zaman
Gülüzlü
baharla qovuşan zaman
Gözəllər
başına yığışan zaman
Ürəkdən
sevinir Pəribulağı.
Tarixi
böyükdür Altıağacın da
Cənnət
guşəsi var hər bucağında
Əvəz
Lələdağın qoca çağında
Qəlbində
döyünür Pəri bulağı
Əzizim yara dağlar
Təbiblər yara dağlar
Bir namə verim sizə
Çatdırın yara, dağlar.
Əzizim dağda dağı
İstəməz dağ da dağı
Namərd əliylə çəkdi,
Sinəmə dağda dağı
Gərəkdi
Allah, göydən tökülübmü?
Bu gözəllik, bu mənzərə.
Ləçək-ləçək çiçəkləri
Səpələnib çəmənlərə
Nə gözəldir gül qönçəsi,
Yetişməyib, kaldı hələ.
Bu dünyadan xəbərsizdi
Dili yoxdu, laldı hələ
Min çiçək var bir arşında,
Ləçəklərdən nur tökülür.
Möcüzə var hər daşında
Qayalardan zər tökülür.
Şükür olsun yaradana
Burda hər şey cana gəlir.
Mavi gözlü Maralgölə
Gör nə qədər sona gəlir.
Bu möcüzə, bu gözəllik
Görənləri heyran edir.
Xallı-xallı kəpənəklər
Həndəvərdə cövlan edir.
Tanrımı qələm çəkib?
Cərgəyə bax, nizama bax
Mələklərmi enib əkib
Sərvidəki bir naza bax.
Ağacların bənizini
Vəsf etməyə söz gərəkdi
Bu ilahi gözəlliyi
Görmək üçün göz gərəkdi.
27.07.2007
Qaralar
Keçdi xəzan, çıxdı ellər
yaza, yar,
Tufan olsa gədikləri qar alar.
Açdı güllər, tər güllərdən yaz, a yar,
Kənar olsun ürəklərdən qaralar.
Hünər dizdə, eşq ürəkdə yaşayar,
Sədan çatdı, yar şad oldu, yaşa, yar.
Al yanağa axdı inci yaş, a yar,
Əğyar görsə kor gözləri qaralar.
Əvəz eldə sazla, sözlə ucalar,
Ağır dərddir alçaqlana ucalar,
Ağıllılar Vətənindən güc alar,
Ağılsızlar hayı, küyü qaralar.
Dünyada
Qönçə dodaqlara gülüş bəxş edən,
Səmimi söhbət var, söz var dünyada.
Könlümə, ruhuma sevinc bəxş edən,
Teli min havalı saz var dünyada.
Nadanlar seçəmməz doğmanı, yadı
Vətənə tac qoyar Vətən övladı.
Qəlbimdə yaşayır mərdlərin adı,
Nə qədər silinməz iz var dünyada.
Yaxşının əməli pisə dərd olar,
Onun yatağına gecə qor dolar.
Əyrilər, oğrular dönüb qurd olar,
Yaxşı ki, yaxşı ki, düz var dünyada.
Dağların dərdini bilən dağ anlar,
Haqdan şəfa görməz haqqı boğanlar.
Heç də öyünməsin oğul doğanlar,
Min oğul qeyrətli qız var dünyada.
Hünər köhlənimlə gəzdim dağları,
Qaytara bilmədim ötən çağları,
Namərdlər sinəmə çəkən dağları,
Sağaldan baxış var, göz var dünyada.
Qıyqacı baxanda canımı alır,
Eşqin kəməndini boynuma salır.
Deməyin ki, heyif, Əvəz qocalır,
Qocanı gənc edən naz var dünyada.
Nə bileydim
Girdim bağa şehli-şehli gül dərəm,
Tumarlayıb çiçəkləri güldürəm.
Tər güllərdən nazlı yara göndərəm
Nə biləydim, bunlar hələ gümandı.
Qızıl gülün tikanları oxdumu.
Deynən sənə bir gözünü baxdımı?
Sübhut durub çağırmışam bəxtimi
Bəlkə bəxtim gəlib azıb dumanda.
Səhər mehi bir körpənin nəfəsi.
Qönçə güllər məhəbbətin həvəsi,
Bir dil bilməz çox incidir Əvəzi.
İnsafyana yanan da o, yaman da
Aybəniz
İstər
küs sözümdən, istər inci sən,
Heyran
eyləmisən bizi, Aybəniz.
Sən
bizim ellərdə nadir incisən,
Tək-tənha
dolanma düzü, Aybəniz.
Çiynin
üstündən dönüb baxma,amandır,
Şirin canı oda yaxma, amandır.
Aya çıxma, günə çıxma, amandır,
Qamaşar onların gözü, Aybəniz.
Zülfün saçağına gül düzə-düzə,
Min zinət vurma sən o qaşa,gözə!
Ay camal gizlədər, görünməz gözə,
O, görsə səndəki üzü, Aybəniz.
Səni and verirəm gecə-gündüzə,
Ahuluq eyləmə, qulaq as sözə.
Sən elə gözucu baxsan Əvəzə
Aranı düzəldər özü, Aybəniz!
Sənə
nəsib oldu
Sənin həsrətindən əzab çəkmişəm,
Yastıq qucaqlayıb yatmışam
gecə.
Könlümün bağında kədər əkmişəm,
Hicran dəryasına batmışam
gecə.
Səhəngi götürüb suya gedəndə,
Kənarda dayanıb süzərdim
səni.
Bir az görməyəndə çöldə,
çəməndə,
Gözümün içində gəzərdim səni.
Gözlər görüşəndə xeyirdə-şərdə,
Baxışın canımı alırdı gülüm.
Dünyam gözəl idi sən olan
yerdə,
Əğyar bizə baxıb yanırdı
gülüm.
Ürək istəsəydin ürək verərdim,
Eşqdən alışıb yanan bir ürək.
Külək istəsəydin külək verərdim,
Telini oxşayan həzin bir
külək.
Hərdən dəyişərdi görüş yerimiz,
Böyükdən kiçikdən həya edərdik.
Bir quş civiltisi eşidəndə
biz,
Hərəmiz bir yana dönüb gedərdik.
Səksəkəli anlar qayıtmaz
daha,
Zəhmətlə yoğrulub həyatım
mənim.
Vüsala yetişdik, şükür Allaha,
Sənə nəsib oldu soyadım mənim.
2007
Bayramağzı çək bazara malları,
(Bazarda lövbər salan
alverçilərin sifarişi)
Bayramağzı çək bazara malları,
Bir günə sat, yığ cibinə pulları.
Bir parası tum gətirib hey satır,
Bir parası dəstə-dəstə göy satır,
Bir parası xırda-xuruş şey satır,
Tərk elə sən xırda-para malları,
Mal gətir sat, yığ cibinə pulları.
Sən maşını sür Şəkiyə adam tap,
Qoz ləpəsi, fındıq içi, badam tap,
Çay lobusu, mərci, noxud müdam tap,
Bayramağzı çək bazara malları,
Bir günə sat, yığ cibinə pulları.
Gül bahardır burda qədəş, gül gətir,
Mixək gətir, darçın gətir, hil gətir.
Kişmiş olsa bircə kisə al gətir,
Bayramağzı çək bazara malları,
Bir günə sat, yığ cibinə pulları.
Tapsan əgər alça, ərik bəd olmaz,
Aş qarası, qəysəvəlik bəd olmaz,
Olsa dayın xərcə şərik bəd olmaz,
Budur lələm, əsil qazanc yolları,
Mal gətir sat, yığ cibinə pulları.
Ay məməcan şalvar al,
(Bəzi modabaz gənclərin dilindən)
Ay məməcan gedək mənə şalvar al,
Qonşunu gör, sən də ona yalvar, al.
Malqarınov əldə satır «Madam D»
«Cordans» görüb əl çəkərmi adam de?
Yerli geyən cavanlara qadam de,
Ay məməcan gedək mənə şalvar al,
Qonşunu gör, sən də ona yalvar, al,
Yerli alma, yerli məndən adladı
«Riorda», «Vilvet» indi moddadır.
Ay məməcan, tez ol bağrım çatladı,
Yalvarıram, gedək mənə şalvar al,
Qonşunu gör, sən də ona yalvar, al,
Kim geyirki, indi yerli paltarı?
«Vilvet» yoxdur, «cozef», «Vasket» al, barı
Cins deyilsə, apar qaytar şalvarı,
Dərdin alım, gedək mənə şalvar al,
Qonşunu gör, sən də ona yalvar, al,
Əsla, babam, yox, babam
Mən buna qol çəkmərəm,əsla,babam,yox,babam.
Hürnisənin ismini bu dəstədən çıx,babam,
Sənin sənət məktəbin hazırlayır çilingər,
Tutaq ki,oldu xarrat,yaxud da oldu dülgər.
Əyirici bundan betər,tikişçi ondan betər,
Mən buna qol çəkmərəm,əsla babam,yox,babam,
Hürnisənin ismini bu dəstədən çıx, babam.
İndi alır «üç» balam, öyrədərik almasın,
Dalda qalır bir qədər, səy edərik qalmasın.
Həm də şuluqluq salır, tapşırarıq salmasın,
Mən buna qol çəkmərəm əsla, babam, yox, babam,
Hürnisənini ismini bu dəstədən çıx, babam,
Əyninə «Vilvet» geyir, bəd nəzərlə baxırlar,
Dərsə gecikən kimi özlərindən çıxırlar,
Kitab-dəftərsiz gəlir, danlayırlar, sıxırlar,
Yox, buna qol çəkmərəm əsla, babam, yox, babam,
Hürnisənin ismini bu dəstədən çıx, babam.
Məktəbə bax, məktəbə, vallah ağ etdin işi,
Gəl mənə o məktəbi layiq bilmə, ay kişi,
Mən ona öyrətmişəm alış-veriş vərdişi
Yox, buna qol çəkmərəm əsla, babam, yox, babam,
Hürnisənin ismini bu dəstədən çıx, babam.
On bir uşaq saxlayır evdə bizim Tubnisə,
Nehrələri çalxayır ortancılım Gülnisə,
Daşbaşımı yoxlayır sonbeşiyim Hürnisə,
Sən deyənə dözmərəm əsla, babam, yox, babam,
Hürnisənin ismini bu dəstədən çıx, babam.
Ay can, ay can!
(M.Ə.Sabirə nəzirə)
Düşdü bütün içkilər hörmətdən ay can, ay can!
Sərxoşlar da qurtardı töhmətdən ay can, ay can!
Etdi yaman ağılsız araq alim Fərhadı,
O dünyalıq elədi meyxanalar Fərzadı.
Ax, nə yaxşı iş oldu, qonşumuzun arvadı
Ən birinci sovuşdu zəhmətdən ay can, ay can!
Sərxoşlar da qurtardı töhmətdən ay can, ay can!
Tirrənərdi palçığa, xəbərsizdi özündən
Yol salardı qarışqa sərxoşların üzündən.
Olmuş idik dəng kişi, alkaşların sözündən,
Xilas olduq mənasız söhbətdən ay can, ay can!
Sərxoşlar da qurtardı töhmətdən ay can, ay can!
Bircə bölük boşboğaz meyxanada yatardı,
Saat, libas nə olsa bir manata satardı.
Məsti-xumar olanlar ar-namusu atardı,
Şükür! Hamı ayıldı qəflətdən ay can, ay can!
Düşdü bütün içkilər hörmətdən ay can, ay can!
Sərxoşlar da qurtardı töhmətdən ay can, ay can!
1985
Qaytar Mollaqulu
Əlini saqqalına çəkmə, dayan, Mollaqulu
Kələyin baş tutmadı, oldu bəyan, Mollaqulu
Yazdığın duaların kəsəri olmadı, əmi,
Xanbala ev-eşiyə mehrini salmadı, əmi,
Gündüzlər cəhənnəmə, gecə də gəlmədi, əmi,
Əlini saqqalına çəkmə, dayan, Mollaqulu
Kələyin baş tutmadı, oldu bəyan, Mollaqulu
Hey dedin:-Filankəsin dil-ağızını bağlamışam
Tubunun, Tubnisənin gül ağzını bağlamışam.
Zarafat deyil canım, el ağzını bağlamışam,
Əlini saqqalına çəkmə, dayan, Mollaqulu
Kələyin baş tutmadı, oldu bəyan, Mollaqulu
Aldığın pul-paranı tez geri qaytar, əmican,
Xalçanı, tozsoranı tez geri qaytar, əmican,
O narı, abqoranı tez geri qaytar, əmican.
Əlini saqqalına çəkmə, dayan, Mollaqulu
Kələyin baş tutmadı, oldu bəyan, Mollaqulu
Dövran o dövran idi
Yüz də desən, dövran o, dövran idi,
Daşbaşımız bol idi, pünhan idi.
Gəldi təzə, dəyişdi işlər tamam,
Dəydi daşa, koraldı dişlər tamam.
Düşdü yerə, sındı gülüşlər tamam,
Yüz də desən dövran o dövran idi,
Daşbaşımız bol idi, pünhan idi.
Müştərilər gəlirdilər sel kimi,
Mən də kalan qərçiyirdim ilkimi.
Getdi dədə, gözəl çağlar yel kimi
Yüz də desən dövran o dövran idi,
Daşbaşımız bol idi, pünhan idi.
Köklü dayım qoparıldı kökündən,
Belim sınıb, zarıncıyam o gündən.
Odlanıram, bəs nə edim indi mən?
Yüz də desən dövran o dövran idi,
Daşbaşımız bol idi, pünhan idi.
Əsli müsəlman olmuşam
Qayıdıb haqq yoluna,əsil müsəlman olmuşam,
Vicdanı, qəlbi təmiz,tərtəmiz insan olmuşam.
Səninlə «ceyran südü» xudmanı dövran etmişəm,
Meydanda at oynadıb,görəni heyran etmişəm.
Evdəki körpələrin bağrını al-qan etmişəm,
Qayıdıb haqq yoluna,əsil müsəlman olmuşam,
Vicdanı, qəlbi təmiz,tərtəmiz insan olmuşam.
Öyrənib «həmdi-surə»haqqa ibadət eylərəm,
Əylənib təyyarəyə yaxşı səyahət eylərəm,
Məkkəni,Xorasanı gedib ziyarət eylərəm,
Qayıdıb haqq yoluna,əsil müsəlman olmuşam,
Vicdanı, qəlbi təmiz,tərtəmiz insan olmuşam.
Uzadıb saqqalımı həm alaram dəstnamazı,
Açaram qənşərimə gündə üç yol cenamazı.
Qılıram sübh namazı,günorta,axşam namazı,
Qayıdıb haqq yoluna,əsil müsəlman olmuşam,
Vicdanı, qəlbi təmiz,tərtəmiz insan olmuşam.
Edərəm haqqa dua mən gecə-gündüz edərəm,
Çalışıb can qoyaram əyrini dümdüz edərəm.
Yeri gəldikdə belə astarı da üz edərəm.
Qayıdıb haqq yoluna,əsil müsəlman olmuşam,
Vicdanı, qəlbi təmiz,tərtəmiz insan olmuşam.
Oxuyub «Yasinimi» dərdə çarə eyləyərəm,
Qarğışı,qarğatanı sitamkarə eyliyərəm.
Çevirib təsbehimi istixarə eyliyərəm.
Qayıdıb haqq yoluna,əsil müsəlman olmuşam,
Vicdanı, qəlbi təmiz,tərtəmiz insan olmuşam.
Olmur, olmasın
Adamları üst-üstə yığ,heyrətin olmur,olmasın,
Satma bilet,pulları yığ,qeyrətin olmur,olmasın
Başqa olur indi zaman,hər yetəni sancma, bala,
Düşənlərə unutma,de,haqqımı ver,qaçma,bala.
Hey desinlər dal qapını aç ay şofer,açma,bala,
Xeyrin üçün yolda yuban,sürətin olmur,olmasın.
Satma bilet,pulları yığ,qeyrətin olmur,olmasın.
Soruşsalar kassa hanı, cibişdanı ver qabağa,
Yol vərəqin yoxsa əgər, kağız-kuğuz göstər, qağa.
«PAZ» balanı öz kefinə işlət hər gün sola-sağa,
Doğru yolu deyənlərə hörmətin olmur, olmasın.
Satma bilet,pulları yığ,qeyrətin olmur,olmasın
Ortalıqda dayanmaqdan qol-qıçımız sındı, axı,
Vicdanın satma kişi, sərnişin insandı, axı.
Zülm eləmə hər yetənə, azad bir dövrandı, axı,
Dünya quran el yanında şöhrətin olmur, olmasın.
Satma bilet,pulları yığ,qeyrətin olmur,olmasın
Aylar keçər, il dolanar aləmə səs-küy yayılar,
Xəbər tutub hər tərəfdən gələr müfəttiş dayılar,
Ortalığa çəkər səni bütün günahlar sayılar,
Yeddicə il alan zaman heyrətin olmur, olmasın,
Satma bilet,pulları yığ,qeyrətin olmur,olmasın
Bu nə dəbdi…
Heç bilmirəm bu nə dəbdir, gözəl qız,
Səbr kasam ləbələbdi,gözəl qız.
Anan deyir:-Boyunbağı al gətir,
Bacın deyir:-Yaponsayaq şal gətir.
Atan deyir:-«Mal»alırsan,mal gətir,
Heç bilmirəm bu nə dəbdi, gözəl qız,
Səbr kasam ləbələbdi,gözəl qız.
Hardan alım mən plaşı fin dəbi,
Ayaqqabı,zərnaxışı fin dəbi.
Köynəyi ağ əyni-başı fin dəbi,
Heç bilmirəm bu nə dəbdi,gözəl qız,
Səbr kasam ləbələbdi,gözəl qız.
Cicin deyir:-Qız qalacaq Tükazban,
Gətirməsən şpilkalı dikdaban.
Məhəbbətim cılızlaşır anbaan,
Heç bilmirəm bu nə dəbdi,gözəl qız,
Səbr kasam ləbələbdi,gözəl qız.
Ərəb fason zəncir gəzir Cavanşir,
On beş ildir nişanlıdır Daşdəmir.
Qocalıbdır,ta evlənmək istəmir.
Heç bilmirəm bu nə dəbdi,gözəl qız
Səbr kasam ləbələbdi,gözəl qız.
Ömür keçir qırx yaşıma az qalıb,
Toyun dərdi saçlarıma dən salıb.
Qorxuram ki,xalan-deyə qocalıb,
Heç bilmirəm bu nə dəbdi, gözəl qız,
Səbr kasam ləbələbdi gözəl qız,
Mən demirəm,cehiz-filan,qoy olsun,
Qızlar gəlin,ər oğullar bəy olsun,
Toylarımız alver deyil,toy olsun,
Heç bilmirəm bu nə dəbdi,gözəl qız,
Səbr kasam ləbələbdi,gözəl qız.
Qalıbdı.
Çox da tərifləmə kəndi,ay lələ,
Kənddə kişilərdən Hadı qalıbdı.
Demə bostan belə,bağ belə,
Sən görən meşənin adı qalıbdı.
Hanı kəndimizin o təmtərağı,
O sərin çeşməsi,o gur bulağı,
Nə örüş yeri var,nə malyatağı,
Dana yoxa çıxıb,çata qalıbdı.
Nə obaş bilininir,nə xoruzbanı,
Çoxdan dağılıbdır su dəyirmanı.
Qıtlaşıb qatığı,şoru,ayranı,
Süzmənin damaqda dadı qalıbdı.
İtib yun darağı,tapılmır teşi,
Bilinmir cəhrənin,nehrənin işi.
Dişəkdən düşübdür kirkirə daşı,
Təknədə arpanın cadı qalıbdı.
Ətə tamarzıdır,çobanı dindir,
Əkinçi dən gəzir,naxırçı pendir.
Uçub küfləxatın,dağılıb təndir,
Axtarsan bir neçə badı qalıbdı.
Bu kəndin harası kənddi,ay lələ,
Cavanlar qaçmağa bənddir,ay lələ.
Özünü tez mənə çatdır,ay lələ,
Sinəmdə şəhərin odu qalıbdı.
Xoşuna gəlməsə
Boyuna qurban bu nənən, ay bala,
Eyləmə xiffət xoşuna gəlməsə
Kefini pozma, qadası, al-boşa,
İldə bir övrət xoşuna gəlməsə.
Ay məmən ölsün, elə qullaq cana,
Dünyada bir can qalacaq insana.
Qənşərə çıxma, çəkilib pünhana,
İşləmə zəhmət xoşuna gəlməsə.
Alverə qurşan, hər işi at, bala,
Qonşunun oğlu Həsənə çat, bala
Hurnisəyə, Tubnisəyə sat, bala
Ar, namus, qeyrət xoşuna gəlməsə.
Mal-qoyunu apar çevir saqqıza,
Gətir burada sat gəlinə, sat qıza.
Kim nə deyər, sənin kimi fərsizə,
Dağıt bu sərvət, xoşuna gəlməsə.
Комментарии
Отправить комментарий