Yadımdan çıxmır
Yadımdan çıxmır
Məni qınamayın, ay qınayanlar,
Kəndin təmtərağı yadımdan çıxmır.
Üstü qız-gəlinli, haylı-haraylı,
Əlmərdan bulağı yadımdan çıxmır.
Gəlir xəyalıma Hasar məhləsi,
Arzubulağın həzin nəğməsi,
Qulaq başındadır
Telmanın səsi,
O Kaha qabağı yadımdan çıxmır.
Əyri öndədirsə, düzü kim anlar,
Keçdi o məqamlar, keçdi o anlar,
Erməni pund saldı, töküldü qanlar,
Xudunun çomağı yadımdan çıxmır.
Toxların içində çoxalır aclar,
Verilir xəraclar, alınır baclar,
Bir vaxt dəbdə idi bizim hallaclar,
Eylağın toxmağı yadımdan çıxmır.
Düz söz danışıram ağrıyır başım,
Haqsızlıq görürəm çatılır qaşım,
Ağdüzüm, Düzdərin, bir də Maldaşın,
Çörəkli torpağı yadımdan çıxmır.
Oyun meydanıydı
Hacıxırmanı,
O vaxtkı nər budlu oğullar hanı?
Alməmməd kişinin su dəyirmanı,
Dənliyi, çalçağı yadımdan çıxmır.
Düzəlmir elimin yüz olan dərdi,
Nadanlar əydilər düzələn dərdi,
Çaşırı yandırıb qov düzəldərdi,
Əhmədin çaxmağı yadımdan çıxmır.
Necoldu Lələnin teri, bardanı,
Dağıldı yazığın o xanimanı,
Gülüstan xalanın gülçıxardanı,
Təhnəsi, tabağı yadımdan çıxmır.
Orda el-obanın nəfəsi qaldı,
Orda xəlyəddinin
züy səsi qaldı,
Cəhrədə nənəmin dühqəsi qaldı,
Əvəz, yun darağı yadımdan çıxmır.
Комментарии
Отправить комментарий