Ürəyim
Ahıllığın dürlü-dürlü dərdinə,
Tab gətirə gərək dözə ürəyim.
Yön çevirə insanların mərdinə,
Nakəslərdən əlin üzə ürəyim.
Zalım fələk durub mənim qəsdimə,
Gecə-gündüz kədər yağır üstümə.
Bu çağımda qoyur məni pis günə,
Bəd övlad tək baxmır sözə ürəyim.
Beynim yatmır, yuxum ərşə çəkilir,
Ömrüm-günüm ilmə-ilmə sökülür,
Şux qamətim yumaq kimi bükülür,
Az qalır ki, məndən bezə ürəyim.
Gülşənə səfərim tay başa çatdı,
Çiçəkli baharım sərt qışa çatdı,
Yaşım qırxı ötüb altmışa çatdı,
İndi də can atır yüzə ürəyim.
Saç ağarıb üzüm ağdı deməli,
Hünər verən bu torpaqdı deməli,
Gözəl dövran, gözəl çağdı deməli,
Könül verir neçə qıza ürəyim.
Qocalığı Əvəz, alma vecinə,
Axı onun özü nədi, gücü nə?
Məhəbbətin gücünə bax, gücünə,
Eşqə düşür təzə-təzə ürəyim.
Комментарии
Отправить комментарий