Seçiliş Şeirlər 3


Vətən


Əlim üzülsə tər çiçəyindən,
Dağında, dərəndə ünüm var, Vətən!
Yadımdan çıxmırsan bircə an belə,
Səndə keçən ayım, günüm var, Vətən!

Səni qarış-qarış bölənlər oldu,
Səni lağa qoyub gülənlər oldu.
Bir quru çöp üçün ölənlər oldu,
Hər qonur daşında qanım var, Vətən!

Mən sənin qarşında qulam, nökərəm,
Mən sənin dərdini təkcə çəkərəm.
Düşmənin başına alov tökərəm,
qədər canımda, canım var, Vətən!

Xoş xəbər deyin mənə


Qəlbimdə yuva qurub
                   Vətən dərdi.
Gülşənimin güllərini
                    yetən dərdi,
Hər yoldan ötən dərdi.
İçimi göynədir yurd yanğısı,
Torpaq harayı
Yad əllərdə inləyir
Xanqızın sarayı,
Vaqifin məqbərəsi.
Məni yandırır-yaxır.
Bu qəmli qaboy səsi.
Köksümü parçalayır,
              anaların naləsi.
Xonçası açılmayan,
        qızların şivən səsi!
Ağlamaqdan,
    gözümüzdə yaş qalmadı.
Talan olan yurdumuzda
Daş üstündə daş qalmadı.
Bağlar yandı çırtım-çırtım,
Budaqlarda quş qalmadı.
Düyünləri açmaq üçün,
Düşünməyə baş qalmadı.
Qəlbimdə yuva qurub
                     Vətən dərdi.
15 ildir azalmayır,
                  kəm olmayır,
Bu millətin vətən dərdi.
Bu torpağın sinəsinə
                  dağ basılıb
Qəlbi olub qabar-qabar,
                  cadar-cadar
Bu həsrətin nə əvvəli,
                  sonu var.
İldə bir yol

Yaraların qaysağını

                     qoparırlar.
El-obanın qəm yükünü
Qatarlara yükləyirlər,
         eldən-elə aparırlar.
faydası?
Ayda bir yol yas qurulur,
                  torpaq yası.
faydası?
Yaylağıma köçdü yağı,
Buz bulağın buz suyundan
                        içdi yağı.
Qüvvətləndi, qanıqlaşdı.
Çörək verdik itirdilər
Sinələri parçalayıb,
Ürəkləri götürdülər,
Böyrəkləri götürdülər.
O, vəhşilər, yırtıcılar
Sağlam qanı sümürdülər.
İgidlərdə qan qalmadı.
Əldən-dildən düşdü əsir,
Əzrayıla can verməyə
Soydaşımda can qalmadı.
Ataların beli sındı,
Oğulları ağaclara bağladılar.
Gəlinlərin sinəsini
        çalın-çarpaz dağladılar.
Şir biləkli, qurd ürəkli
       oğul yandı, külə döndü.
Min-min evdə ocaq söndü.
Çəmən-çəmən güllərimi
                          sel apardı.
Zəmilərim vəğən oldu,
Afat gəldi, yel apardı.
İtirmişik bəndimizi,
             bərəmizi, yolumuzu,
İtirmişik qocamızı, qarımızı
                            ulumuzu.
Bu əzab, əziyyətdi
         biz çəkirik,  qadir Allah?
Nədir bizim günahımız,
                        nədir Allah?

* * *

Sizi and verirəm o bir Allaha,
Ulduzlu gecəyə, aydın sabaha.
        Bəd xəbər deməyin mənə!
Rica edirəm,
         yalvarıram dönə-dönə,
Bəd xəbər deməyin mənə!
Bəd xəbər dinləməkdən
          qulaqlarım kar olub
Bəd xəbər düyünlənib
Dilimdə qabar olub
           könlümdə qübar olub.
Bəd xəbər zindan olur,
            asılır ürəyimin çiynindən,
Yolumu kəsir qatı duman, çən
Göz yaşım şırım açır,
            izi qalır üzümdə.
Suyu quruyub gedir,
            duzu qalır üzümdə.
Bəd xəbər eşidəndə ayağımın altından,
            elə bil ki yer qaçır.
Dağlar lərzəyə gəlir,
            komam başıma uçur.
İçimi qurd kimi sökür bəd xəbər,
Üstümə od-alov tökür bəd xəbər.
Dərdi dartıb gətirir
             göyün yeddi qatından.
İgidləri endirir gözəlliyin atından.
Körpə təbəssümünü
              çilik-çilik eyləyir,
Məhəbbətin qəddini
               büküb sındırır, əyir.
Güllər qönçədə solur,
                arzum niyyətim ölür.
Bəd xəbər deməyin mənə!

20 Yanvar-bəd xəbər,
Fevral tamam qəm, kədər.
Martın sonu qırıldı,
Millətimiz en qədər.
20 Noyabr-bəd xəbər,
Yanıb kül oldu ərlər.
«Şuşa getdi», bəd xəbər,
«Laçın getdi», bəd xəbər.
Yurddaşların, soydaşların
Köçü getdi, bəd xəbər!
Haray salır Kəlbəcər,
İnildəyir Zəngilan.
Gülşənimə daraşıb
              haçadil  gürzə ilan.
Başı əzilə gərək,
Dişi əzilə gərək.
İlan ulduz görməsə ölməz,
Donuz xoşluqla darıdan çıxmaz,
               ovsuna gəlməz
Haray çəkir Qubadlı,
Qəfil girdaba düşdü,
Min piyada, min atlı.
Ufuldayır Xankəndi,
Ağdam çəkir indi?
Ey insanlar! A qardaşlar!
Ey həqiqət sevən kəslər!
Rica edirəm, yalvarıram dönə-dönə,
Şad xəbər deyin mənə!
Şad xəbər deyiləndə,
                  damarda qanım coşur.
Yaratmağa, qurmağa
                  həvəsim aşır-daşır.
İlhamımın qoluna
                  güc gəlir, qüvvət gəlir.
Gözlərimə nur qonur,
                  dizimətaqət gəlir.
Şad xəbər deyin mənə!
Pəncərəmi, qapımı döyün,
                         Deyin!
Muştuluq ver, muştuluq,
Yurdumuz azad oldu,
Kədər bizə yad oldu.
İnsanların gözündə
Yandı ümid çırağı
Xankəndində yellənir
Azərbaycan bayrağı!
Sevincimə qarşısın,
Quşların qəhqəhəsi,
Yer üzünü bürüsün
Azadlığın haqq səsi,
Xarı bülbül nəğməsi.
Ey insanlar! A qardaşlar!
Ey həqiqət sevən kəslər!
Rica edirəm, yalvarıram 
                            acizanə,
Şad xəbər deyin mənə!
Xoş xəbər deyin mənə!

                             17.01.2007

Tələsirəm

Tufan yatdı, ara bir az səngidi,
Karvanını çəkib getdi duman, çən.
Bizim görüşümüz niyə ləngidi?
Yaman tələsirəm, Vətən, ay Vətən!

Yaman tələsirəm səni görməyə,
Tələsirəm Vətən gülü dərməyə.
Tələsirəm yurda salam verməyə,
Allahım, nəfəsim tamam təngidi.

Dağ seli tək axıb-axıb durulam,
Qucağında bir gözələ vurulam,
Gülüstana köhlən sürüb yorulam,
Yollar tamam eniş, yoxuş, döngədi.

Ay Lələdağ, düşündüyün xəyaldı,
O gördüyün yamacdı, yaldı.
Vədə keçdi şəvə saçlar ta çaldı,
Qocalıqdı zəhlə tökən, dəng edən.

Qisas qiyamətə qalmasın gərək

 

Bir bulaq laylası düşüb könlümə,
Dizimi qaylayıb doyunca içəm.
Üçtəpə laylası düşüb könlümə,
O gədikdən aşan, o dikdən keçən.

Çıxam istədiyim bulaq başına,
Orda gözəl var ki,keçilən deyil.
Dolçanı doldurub çəkəm başıma,
Burdakı şor sular içilən deyil.

O sərin çeşmənin durna gözündən
Məhəbbət boylanır, sevgi boylanır.
İsti dodağımla buz tək üzündən
Doyunca qoy içim, ciyərim yanır.

O görkən bulağın başında mən
Cavanlıq atını çox oynatmışam.
Gərdəyim olubdu duman daən ,
Sürüşkən dağların üstə yatmışam.

Bu duzlu küləklər yorub beynimi,
Zəhləmi tökübdü qazın qoxusu.
Orda bir balaca meh əsən kimi
Qonardı gözümə səhər yuxusu.

Görən o yerlərə yağış yağırmı,
Günəş birçəyini tökürmü düzə?
Səpdirə bilmirəm baxışlarımı.
Baxışım boylanır öz kəndimizə.

Baxışım boylanır öz kəndimizə,
Gözüm baxça gəzir, gözüm dağ gəzir.
Nadanlar çar-çarpaz dağ çəkdi bizə,
Naşılar dünyada hələ sağ gəzir.

Görən qayıdırmı o qızıl payız,
Almanın yanağı gözəl olurmu?
Bir xəzan küləyi əl tərpədəndə,
Yarpaqlar tökülüb xəzan olurmu?

Bu şirin arzular məni doyurdu,
Xəyal dünyasında kəndimi gördüm.
Gəzdim qarış-qarış, gəzdim o yurdu.
Dağılmış bərəmi, bəndimi gördüm.

Qadir Allah, qaytar məni kəndimə,
Bir gözəlin üzüyünə qaş olum.
Möhtac olum öz çayıma, qəndimə,
Öz elimdə payız olum, qış olum.

Oranın payızı, qışı doğmadı,
Orda göz açmışam fani dünyaya.
Oranın torpağı, daşı doğmadı,
Orda boylanmışam Günəşə, Aya.

Orda çüçəribdi ilk məhəbbətim,
Sevgimin qanadı sərtləşib orda.
Orda şirinləşib sözüm, söhbətim,
Nənəm nənələrlə dərdləşib orda.

Orda qalıb dəli-dolu gəncliyim,
Qış gəlməmiş gülşənimi qar alıb.
 Yuxum qaçıb, yoxa çıxıb dincliyim,
O alovlu tərlan gözüm qaralıb.

Ümidlə yaşadım ötən illəri,
Ümidlə yollara dikdim gözümü.
Yadıma saldıqca ötən illəri,
Durub danlayıram özüm-özümü.

Mən nəyə qadirəm, bilmirəm nəyə?
Bir ovuc torpaq da ola bilmirəm.
Mənim haqqım varmı deyib gülməyə,
Yurdu yağılardan ala bilmirəm.

Başımın altına yastıq qoyanlar,
Qaşı düzəldəndə gözü tökdülər.
Təkcə öz haqqına qalan nadanlar
Üstümə «qaçqınlıq» tozu tökdülər.

On ildir həsrətəm qartal qıyına,
Bülbül naləsinə, kəklik səsinə.
Hay verə bilmədim evin hayına,
Çatmadım babamın son nəfəsinə.

Babam üz qoyduğu müqəddəs torpaq
Bugünkü dərdimdi, ahı-zarımdı.
Xəyanət əliylə qaralan çıraq
Mənim nakam qalan arzularımdı.

Kəsmə kərəmini, kərəm sahibi.
Mənə cəsarət ver, mənə inam ver.
Mənəm qəm sahibi, vətən sahibi,
Yurdu qaytarmağa bir az güman var.


Ümid ver, Ya Rəbbim , ümid ver mənə,
Yaman zədələnib elin bir yanı.
Yağını əzəməyə əmud ver mənə,
Koroğlu babamın əmudu hanı?

Dözümlü millətim, sənsən pənahım,
Özgədən yarama məlhəm olmadı.
Düşmən əlimdədir Molla Pənahım,
Bu qədər hicrana səbrim qalmadı.

Özgədən-özgəyə söz deyən çoxdur,
Özgədən kar aşmaz, sən oyanmasan.
Özgə deyiminin kəsəri yoxdur,
Halına kim yanar, özün yanmasan?!

Mənə şəfa vermir özgə dərmanı,
Özgə umuduna qalmaq əbəsdir.
Qaçaq Qardaşxanın, Nuruşum hanı?
Yağının nazıyla oynadıq bəsdir!

Bizi bağışlamaz dədə Ələsgər,
On ildir ustadım intizardadır.
Bizi bağışlamaz açılan səhər,
Ulu Zəngəzurum hələ dardadır.

Dilim söz tapmayır, ürəyim aram,
Gözüm seçə bilmir əyrini, düzü.
On ildir qövr edir, sağalmır yaram,
On ildir dəyişmir dünyanın üzü.

Həsrətə dözməyib sel kimi axır,
Yarpaqlar bağların göz yaşlarımı?
Göydən od ələnir, ildırım çaxır,
Çatılan dağların buz qaşlarımı?

Dəyib gülüstana bayquş nəfəsi,
Leyləklər yuvadan köçüb gediblər,
Çöllərdən azalıb quşların səsi,
Durnalar çəməndən küsüb gediblər.

On ildir yaylaqlar yol gözləyirlər,
Arxacın cığırı, yolu itibdir.
On ildir çeşmələr sızıldayırlar,
«Ceyran bulağında» kol-kos bitibdir.

İndi «Yargələn» yol yarsız qalıbdır,
Səhənglər söykənmir bulaq daşına.
On ildir zirvələr qarsız qalıbdır,
Duman da heç gəlmir dağın başına.

Dillər əzbəriydi bir vaxt Xanbağı,
İndi yaxasından qəm asılıbdır.
Quruyub budağı solub yarpağı,
Günün kirpiyindən qəm asılıbdı.

Yaman qəribsəyib Şuşa, Xanqızı,
Çıdıra çıxan yox Çıdır düzündə.
Zildən bəmə enib Talıbın sazı-
İstəyi, həvəsi, kamı gözündə.

Ağdamın bazarı çıxmaz yadımdan,
Axtarsan tapardın quş südü orda.
Halal mayasına haram qatdılar,
Hava cansıxıçı tüstüdü orda

On ildir yaz gəlmir «Yazı» düzünə,
On ildir qəzəbim yanır içimdə.
On ildir bəduğur düşüb üzümə,
On ildir hikkədən donur içim .

Məni yandırdılar, məni yaxdılar,
Məni qıyma-qıyma doğradı yağı.
Məni diri-diri şişə taxdılar,
Ağlımı başımdan oğradı yağı.

On ildə qədər oğul itirdik,
Qəm ilə yoğruldu ömürgünümüz.
Vüsal baxçasında hicran bitirdik,
Allah, yasa döndü toy-düyünümüz.

Dünyaya sığmadı əlllərin dərdi,
Günüş çiçəkləndi qız dodağında.
Bağların barını özgələr dərdi,
Gəlin saç ağartdı bəy otağında.

Toyu qara gəldi bir gözəlin ,
Habil kamançada çaldı bu dərdi. 
Bayatı dilində, layla dilində,
Nənəm ürəyinə saldı bu dərdi.

Bir ata arzusu qəflətən soldu,
Bir körpə dadmadı ata tamını.
Bir ana vətəndə vətənsiz öldü,
Bir gözəl almadı ehqin kamına.

Təsəlli verdilər gəlib gedənlər,
Ay da xəbər tutdu yerin ahından.
Göz yaşı tökdülər qızlar, gəlinlər,
Namərdin, nakəsin sərt günahından.

Nişan getməliydi bir qıza sabah,
Qapının ağzını kəsdi bəd xəbər.
Üfüqün köynəyi qan oldu, Allah
Buludlar ağladı səhər qədər.

Hələ qurumamış toyun xınası,
Bacının əlləri bulandı qana.
Gəldi qarodaşının əsgər sovxası
Saç yoldu, üz çırdı, üzüldü ana.

Günbəgün çoxalır saçlarımda dən,
Beynim dincəlməyir bircə an belə.
Hələ ayazımır duman, çən.
Üzür qan içində bu cahan belə.

On ildir heç yanda göyərmir sözüm,
On ildir boy atmır bağımda bitən.
Özüm qalxmalıyam cihada özüm,
Yadların əlində yesirdi Vətən.

Canımı verəcəm yüzünə qurban,
Qoy yüzü yaşasın yurd yuvasında.
Yaxın gəl, el oğlu, gözünə qurban,
Bəstir yaş axıtdıq elin yasında.

Əsgər toqqasını bir az da bərkit,
Götür tüfəngini döyüşə gedək.
Vətəni, torpağı namusu dərk et,
Nətavan xanımla görüşə gedək.

Hoydu, igitlərim, düşmənə qarşı,
Qisas qiyamətə qalmasın gərək.
Doğma yurdumuzun bircə qarışı,
Yağı tapdağında olmasın gərək!!!

                                    

Necoldu


Səndən soruşuram, ay Lələdağı,
Aranın necoldu, dağın necoldu?
Mələmir qoyunun, kişnəmir atın,
O haylı-haraylı çağın necoldu?

Necoldu qoynunda yaylayan ellər,
O türfə gözəllər, o tutu dillər.
Çiçəkli çəməndə saraldı güllər,
Bülbüllər ötüşən bağın necoldu?

Niyə buz bulağın çağlamır, niyə,
Günəş güneyləri dağlamır, niyə,
Bəyaz buludların ağlamır, niyə,
Qatığın, qaymağın, yağın necoldu?

Əvəzin dərdini dərd bilən ağlar,
Bu hicran yanğısı sinəmi dağlar.
Yağlı Güneydəki meyvəli bağlar,
Əriyin, şaftalın, qaxın necoldu?

Sazda gözüm, teldə gözüm


Hər çeşmədən su içmişəm,
Mən bu dağlarda, dağlarda.
Gözəllərə gül seçmişəm,
Mən bu dağlarda, dağlarda.

Dolanıram güldə gözüm,
Sazda gözüm, teldə gözüm,
Ələsgərsiz necə dözüm,
Mən bu dağlarda, dağlarda.

Xəyal gəzir Şahdağında,
Dodağım gül dodağında.
Gəzdim Vurğun sorağında,
Mən bu dağlarda, dağlarda.

İstəyirəm bir saz çalım,
El-obadan ilham alım.
Əbədilik bir yol salım,
Mən bu dağlarda, dağlarda.

Təbiət

Gül-çiçəyin gözəlliyi,
Qucağına sığınmayan
bir çəməndə
Qədəm-qədəm gəzirəm mən.
Könlüm tutan çiçəklərdən,
ehmallıca üzürəm mən.
Hörmət ilə qoxlayıram.
Tər çiçəyin ətri ilə məst oluram,
Məhəbbətlə dost oluram
Uzanıram gül-çiçəyin arasına.
Göy üzündə buludlar
Karvanlanır ara-sıra.
Qoca dağlar qalxan tutub çən-dumanı.
Şiş qayalar ox kimidir,
Sinəsinə sancılıbdır yamacların.
Buz bulaqlar
Saf qanıdır bu dağların
Çəmənlikdə çən sürünür,
Sis ələnib qaş-daş olur
Gül-çiçəyin yanağında.
Nəsim düzə inci səpir,
Gülüş səkir yasəmənin dodağında.
Mavi göyün inciləri
Göy otların qulağında sırğalanır.
Həzin-həzin külək əsir,
Çiçəklərin nur tacında
Bal arısı yırğalanır.
Çiçəkləri öpə-öpə toybaşı tək
Çəmənlikdə hey dolanır, hey fırlanır.
Günəş yerə ətək-ətək zər göndərir,
Al lalənin üzü yanır.
Şöləsindən göz qamaşır,
Gözəllikdən ağıl çaşır.
Ürkək-ürkək kəklik keçir,
Baldırına şeh ilişir, çəhlim düşür.
Bülbül coşur, nəğmə qoşur.
Çiçəklərin naz-qəmzəsi
Sığışmayır çəmənliyə,
Düşünürəm, bu gözəllik hara sığar?
Şair qəlbi geniş olar,
Sığsa ancaq ora sığar.


Külək

Hərdənbir suların üzünü üflər,
Gah tozu çevirər dumana külək.
Gah qalxıb buludu göy xırmanında,
Heşanlar o yana, bu yana külək.

Dəcəl uşaq kimi bağlara dolar,
Armudu silkələr, almanı yolar.
Güllərin içinə vəlvələ salar,
Qalxar ağacların boynuna külək.

Quşları uçurdar koldan, budaqdan,
Pozub növrağını, ayrılar bağdan.
Qurd kimi təpinib dumanı dağdan,
Endirər yamaca, yarğana külək.

Hər güldən, çiçəkdən ətir götürər,
Özünü obaya, elə yetirər.
Günün qızmarında yığıb gətirər,
Dağın havasını arana külək.

Gah da bir köhlənin belinə yatar,
Gəlib çölə çatar, çəmənə çatar.
«Hicranın», «həsrətin» daşını atar
Dolar qız-gəlinin qoynuna külək.


                                                 

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri