İlk zəng
İlk zəng
İlk zəng…
Mənəviyyət aləminə atılan ilk addım,
Ürəklərin kövrək döyüntüsü, sədası.
Dodaqlardan süzülən sevinc harayı,
gülüş nidası!
Qəlblərdən əriyib gedən qəm,
Körpə barmaqlarla ilk dəfə
tutulan qələm.
Lövhədə yazılan «A» hərfi, ana səsi,
Ömrün bir parçasının şirin nəğməsi.
Gələcəyə zillənən ilk qaynar baxış
Körpə təfəkkürünə həkk olan
ilk mənəvi naxış
Səmaya açılan yolun əzəli,
Könüllərin bir yetkin arzusu,
Körpə təbəssümü, səhər yuxusu.
Bir diləyin qolundan yapışan ilk əl,
Bəşəri xeyirxahlığa səsləyən
xeyirxah əməl.
İlk zəng!
Səslən, səsin ucalsın!
Alovlu nəfəsinlə sübhün çırağı yansın.
Yer üzünü nurladan nurlu günəş ayılsın,
Qızıl telli ziyası pərdə-pərdə yayılsın.
Qulaqları batıran,
Qayaları çatladan,
Vahiməli səsləri eşitməsin nəsillər.
Qapıları döyməsin çətin illər, nəs illər.
Səslən, səsin ucalsın!
Dünyamıza dərd olan
bəd səslərdən bac alsın.
Qardaşlığa, dostluğa təməl olsun,
tac olsun.
Kainatı oynadan qoy sənin səsin olsun.
Ay mənim körpə zəngim, ilk zəng!
Səslən,
səsin mübarək!
Комментарии
Отправить комментарий