Xocalı harayı


                                                        Xocalı harayı


                      (Mələk Əyyubovanın əziz xatirəsinə)

Qara günlər yazıldı
Bəxtimə qara xətlə,
Gərdiş oyun oynadı
Qəlbi ipək millətlə
Zülmün çırağı yandı
Zülm edənin əlində,
Bizim yaxamız qaldı
Bir gədənin əlində.
Zaman bizi sınağa,
İmtahana səslədi,
Bu milləti zor ilə
Nahaq qana səslədi.
Bir yüz ildə nə qədər
Yurddan perikmək olar?
Nə qədər arzu, dilək,
Məhəbbət yetim qalar?
Yenə güzaran ağır,
Yenə vəziyyət gərgin,
Şuşaya sığınmışdı
Azı yüz min didərgin!
Basılmaz qalasıydı
Şuşa Azərbaycanın
İstəkli balasıydı
Şuşa Azərbaycanın.
Zəngəzurdan, Göyçədən
Qaçan bura gəlirdi,
Açılmaz düyünləri
Açan bura gəlirdi.
Birinin var-yoxunu
Əlindən almışdılar,
Çoxlarını lütləyib
Lüt yola salmışdılar.
Üz-gözü al-qan idi
Şuşaya gələnlərin
Yanaqları solmuşdu
Qızların, gəlinlərin.
Səriştəsi olmayan
Bacarıqsız başçılar,
Dar ayaqda, dar gündə
Baş götürüb qaçdılar.
Sərkərdəsi vurulmuş
Orduya döndü «qaçqın»
Arzuların altından
Beləcə endi «qaçqın»
Belə bir qovhaqovda,
Belə bir qaçaqaçda
Quşlar da dərdli-dərdli
Oxuyurdu ağacda...
Mələk quşlara baxır,
Bulaqlar şır-şır axır.
Günəş gözəl görünür,
Torpaqdan çiçək çıxır.
Yazın nəfəsi gəlir,
Gülün həvəsi gəlir.
Qulağıma budaqdan,
Quşların səsi gəlir.

 * * *

Dilin yansın ay sığırçın
Söylə o bağ yerindəmi?
Ay qanadı qırçın-qırçın
Arzubulaq yerindəmi?

Ürəyimi üzüb qubar
Bu həsrətin bir sonu var?
Kölgəliyə gələn bahar
Çiçəklidağ yerindəmi?

Qaraqaya, Sarıyoxuş
Hər daşında min-bir naxış
Əsən külək, yağan yağış
Təndir, ocaq yerindəmi?

Yaddan çıxmır Qumarxacım
Arxaşanda qaldı sacım
Leylibulaq gəlin bacım
Cəhrə, daraq yerindəmi?

Çox uzandı bu qan qada
Çiçəklidüz qaldı yada
Köç tutmayan orta cada
O təmtəraq yerindəmi

* * *

Bəxtimin ulduzu əngin səmadan
Nə vaxt gəldi qondu yerə, bilmirəm.
Bir dilək dilədim Turisənadan,
Darıxırmı o dağ, dərə, bilmirəm.

Düşübdü çöllərə elim bir çətən,
Yurduma daş atır hər yoldan ötən,
Yadların əlində didilən vətən,
Uçuq divarını hörə bilmirəm.

Qanqallıyaylağı, Leylibulağı,
Sinəmi göynədir Bəryabad dağı.
Çalmalıtəpəsi, a Murğuzdağı,
Nə müddətdir sizi görə bilmirəm.

A Kərəmqayası, ay Qaraqaya,
Kölgəli nədənsə hay vermir haya.
Qızlar dəstə-dəstə enirmi çaya?
Onlara bir salam verə bilmirəm.

Qartalın qıyını necə unudum?
Çaykəndin sayını necə unudum?
Gölkəndin toyunu necə unudum?
Salahdan çiyələk dərə bilmirəm.

Əmirxeyir ola, Cantəpə ola,
Cıvıxlı ilişib yadımda qala.
Yanıqpəyə orda basılmaz qala,
Qaraqoyunluya girə bilmirəm.

Biz kimə lazımıq, ay Əli qağa
Tamarzı qalmışıq doğma torpağa
Şirinsu, Poladlı dözür bu dağa,
Kim salıb onları tora, bilmirəm.

* * *

Məndən sonra nələr gəldi başına,
O ellərin, obaların, ay Allah.
Hicran yağdı torpağına, daşına,
O ellərin, obaların, ay Allah.

Hər yerində bölük-bölük yağı var,
Bağbanına həsrət qalan bağı var,
Dağının da sinəsində dağı var,
O ellərin, obaların, ay Allah.

Nahaq qanlar axıdıldı o yerdə,
Hafiz Baxış dözəmmədi bu dərdə.
Oğulları baş əymədi namərdə,
O ellərin, obaların, ay Allah.

Bir yanında Arzubulaq ağlayır,
Bir yanında Araz qara bağlayır,
Ayrılığı könülləri dağlayır,
O ellərin, obaların, ay Allah.

Çeşmə qaldı gözü yaşlı, haraylı,
Gələn oldu Qəbələli, Saraylı.
Hər daşına yazılmışdı gəraylı,
O ellərin, obaların, ay Allah.

Tale məni buludlara qoşaydı,
Karvan gedib Salvartıdan aşaydı.
Bir də yolum yaylağına düşəydi,
O ellərin, obaların, ay Allah.

bulaqdan bircə qurtum əydim,
Əyriqardan kəklikotu biçəydim.
Allı-güllü yaylağına köçəydim,
O ellərin, obaların, ay Allah.

Bircə dəstə Novruzgülü yığaydım,
Şehli-şehli ürəyimə sıxaydım.
Bir də gedib Görkəminə çıxaydım,
O ellərin, obaların, ay Allah.

Bir çıxaydım Əriməzin qaşına,
Bir baxaydım ordan Kotandaşına.
Görən kimlər zəhər qatdı aşına,
O ellərin, obaların, ay Allah.

Qamətimi kaman kimi yaş əyir,
İgidləri nadanlara baş əyir.
Arzuları ürəyimdə yaşayır,
O ellərin, obaların, ay Allah.

* * *

Ancaq öz axarında  
Davam edirdi həyat
Cavanların könlündən
Hey keçirdi toy-büsat.
Köçüb bura gələndən
Nəbi eşqə düşmüşdü
Neçə qızdan inciyib,
Neçəsindən küsmüşdü.
Mələk adlı bir qızı
Gözaltı eləmişdi,
Qəlbinin atəşini
Közaltı eləmişdi.
Eşqin səmənd atını
Səyirdirdi o cavan,
Məhəbbət dünyasını
Seyr edirdi o cavan.
Natəvan bulağından
Gələn gördü Mələyi
Qarşısında dayanıb
Əyləndirdi Mələyi
Dili topuq vursa da,
Dedi:-Gözəl Mələyim.
Eşqin vurub başıma,
Sakitləşmir ürəyim.
Xeyli vaxtdır düşmüşəm
İzinə, sorağına
Bir yol tapa bilmirəm
Sənin könül bağına.
Məni səfil sanma sən,
Nə yolçuyam, nə acam
Eşqinin şərbətinə,
Vüsalına möhtacam.
Mənə sovqatın olsun
Şirin gülüş, təbəssüm
Dodağından qubar yox,
Ləl üzüm, gövhər üzüm.
İcazə ver o siyah
Zülfünə dayaq olum,
Gündüzünə kölgəlik,
Gecənə çıraq olum...
Məhəbbətin oduyla
Mələk alovlandı
Nəbinin saf eşqiylə
Qəlbi alışdı, yandı.
Qızılpərəst, pulpərəst,
Şöhrətpərəst deyildi
Heç nəyə əyilməyən
Məhəbbətə əyildi.
Ürəyində Göyçənin
Dərdi, qəmi, həsrəti
İçində baş qaldırdı
Sevgiyə məhəbbəti.
Onların yazısını
Tale yazdı Şuşada,
Məhəbbətə qul olmaq
Hələ azdı Şuşada.
Gəlinlik libasını
Geyindi gözəl Mələk,
Sədaqətli yarıyla
Öyündü gözəl Mələk.
Uca bəylik tacını
Nəbi qoydu bu axşam,
Ulduzlar məclis qurdu
Mavi göydə bu axşam.
Kim bilirdi gül kimi
Tez solacaq bu çağlar
Xəzan yeli əsəcək,
Məhv olacaq bu çağlar.
Sən yazanı qoy qalsın,
Bax gör fələk nə yazdı,
Bişərəflər, nadanlar
Haqqın yolunu azdı...
Şuşadan Xocalıya
Pənah gətirdi onlar,
Bütün eli, obanı
Burda itirdi onlar.

* * *
Quldurlar gecə ikən
Xocalıya doldular,
İnsanlığı unudub
Vəhşi kimi oldular.
Hamı şirin yuxuda,
Hamı şərdən xəbərsiz
Bəndə göydən xəbərsiz,
Allah yerdən xəbərsiz.
Min əzabla tikilən
Evləri yandırdılar,
Faşistlər çağaları
Şaxtada dondurdular
Həmin gecə sarıldı
Nəbi silahına
Güvəndi doğma yurda,
Sığındı Allahına.
Güllə onun üstünə
Dolu kimi yağırdı
Ümid dolu baxışla
Hey arxaya baxırdı,
Hələ kömək gəlmirdi,
Dərdimizi bilən yox,
İnsanları yağıdan
Qorumağa gələn yox.
Birdən naşı gülləsi
Sağ qoluna sancıldı,
Onun nakam arzusu
Nakam, yarımçıq qaldı.
Xocalı soyqırımı
Görünməmiş faciyə,
Xocalı müsibəti
Sığarmı yerə, göyə?
Allahıyla evində
Oturanı qırdılar
Quduzlaşmış yağılar
Dinc duranı qırdılar.
Gəlinləri, qızları
Əsir-yesir etdilər
Bir evi talamağa
Azı yüz yol getdilər.
Taqsırı olmayana
Hərislər tutdu divan
Torpağın sinəsini
Şırımladı qızıl qan.
Gözündən yaş ələndi
Havadakı quşların,
Gözlərini qan örtdü
Qanıq qudurmuşların.
Yusif kimi cavanlar
Bir anda şəhid oldu
Lalə yanaqlı qızlar
Gültək saraldı, soldu.
Yerdə qopan fəryada
Qulaq asdı fələklər,
Silahların səsindən
Təngə gəldi mələklər.
Daş ürəkli quldurlar
Var-yoxu taladılar,
Körpələrin gözündə
Qəm odu qaladılar.
Aman Allah, ay Allah,
Qəddarlıq həddi aşdı
Şəhidlərin al qanı
Gursulara qarışdı.
Tankların gurultusu
Titrədirdi cahanı,
Gözlər yola dikildi,
Köməyə gələn hanı?
Od içində yanırdı
Şəhərin hər bucağı
Sanki buza dönmüşdü
Onun isti qucağı.
Burda həyat çeşməsi
Qurumuşdu gözündən
Burda həyat özü də
Bezikmişdi özündən.
Su yerinə bulaqdan
İnsan qanı axırdı
Torpaqdan od çıxırdı,
Göydən alov yağırdı.
Toplar açıb ağzını
Yerə zəhər tökürdü.
Vətənin sinəsinə
Sağalmaz dağ çəkirdi.
Qan gölünə dönmüşdü
Yerlə göyün arası,
Sağalan yara deyil
Xocalının yarası.
Aman Allah, qansızlar
Necə də qansızdırlar
İnsanlıqdan çıxıblar
Necə amansızdırlar.
Gör necə at oynadır
Gözü qızmış dığalar,
Ya Rəbbim, görmürsənmi,
Bir belə dağ olar?
Gözün üstə qaşın var
Deyən yoxdur onlara,
Vəhşi, quduz, sitəmkar
Deyən yoxdur onlara
Qudurub cəllad, yağı
Tökür nahaq qanları,
Aradan götürürlər
Bizim qəhrəmanları
Bu gərdişin elə sərt
Keçilməz yolları var,
Dərədə bəylik edir
Qanıqlaşmış canavar.
613 nəfər
Bir gecədə məhv oldu,
613 nəfər
Gör necə məhv oldu.
Bu millətə qəsd etdi
O Allahsız dığalar,
Qarışdı axar suya
Nahaq tökülən qanlar.

* * *
Dərdi məndə,
Dərd nəfəs dərdi məndə.
Heç yerdə axtarmayın,
Axtarın dərdi məndə.

Dağda məni,
Soraqla dağda məni.
Fələk mənə dağ çəkdi,
İncidir dağ da məni.

El dərdimi,
Dağ edib el dərdimi,
Qoyub gəldiyim gülü,
Görəsən el dərdimi?

El yoluna,
Qar yağıb el yoluna.
Ya Rəbbim, kömək elə,
Qayıtsın el yoluna.


           * * *

Əsirlərin içində
Ən gözəli Mələkdi,
Gözəllər gözəlidi 
Gözəllikdə o təkdir.
O mələklər mələyi,
Ay qabaqlı o gəlin,
Başında qeyrət tacı,
Al yanaqlı o gəlin
Yön çevirdi dərgaha,
Yalvardı dönə-dönə
Sən ey gözəgörünməz,
Özün kömək et mənə
Özün saxla Ya Rəbbim,
Döşümdəki körpəni,
Qurda-quşa yem elə
Vəhşilər yesin məni.
Yadların, yağıların
Əlində qalmayım mən,
Ləyaqəti alçalan
Bir qadın olmayım mən,
O, yırtıçı yağının
Önündə diz çökmədi,
Ürəyində ağladı,
Gözündən yaş tökmədi!
Dığalardan bir nəfər
Yaxınlaşdı Mələyə,
Dedi:-İndi mənimsən,
Sözün varmı deməyə?
O qıvrımsaç Mələyim
Bir an xəyala daldı,
Yaramazın önündə
Özünü ələ aldı.
Dedi:-Qanın zəhərdi
İlan südü əmmisən,
Ürəyində qəzəb, kin
Paxıllıq bəsləmisən.
Çağalara toxunmur
Vəhşi heyvanlar belə,
Xəyanətkar, qurumsaq,
Duza gedirsən hələ.
Qolları qələm vuran,
Barmaqları sındıran!
Yurdumun övladını
Diri-diri yandıran,
Vəhşilərin vəhşisi,
Qulaq kəsən nadanlar,
Yerdə qalmaz bu qisas,
Bir günahsız qanlar.
Sənin qəlbin daşdı daş,
Çörək itirən alçaq,
Anan, bacın, nişanlın
Bir gün ağlar qalacaq.
Bu günahsız körpənin
Nədir axı, günahı,
Bir gün səni tutacaq,
Tutacaq onun ahı.
Nifrət dolu baxışla
Baxdı onun gözünə,
Lomba ilə tüpürdü
O dığanın üzünə.
Bir naşı gülləsilə
Susdu o dağlar qızı,
Son dəfə seyr elədi
Göyü, ayı, ulduzu.
Körpəsi qaynaq oldu
Yapışdı sinəsinə,
Yarasından axdı qan
Döşünə, sinə-sinə.
Xəyal çəkib apardı
Onu xeyli uzağa,
Doğulub boy atdığı
O müqəddəs torpağa
«Yenə bahar gələcək,
Bizim qoca dağlara
Yenə ellər köçəcək,
Yaşıl, uca dağlara
Otlar sırğa taxacaq,
Göylərin göz yaşından,
Güllər sirab olacaq,
Səmanın daş-qaşından,
Şirin yemlik, əvəlik,
Yenə çıxacaq üzə,
Yarpız qaş-göz atacaq,
Sularda üz-üzə
Daşaltı gicitkanı
Əsdirəcək sərin meh
Quzqulağın telində
Oynayacaq inci şeh
Tənəklər əl-qol atıb
Çardaqdan asılacaq
Yarıçiçək qoralar
Budağa qısılacaq.
Sürülər yaylaqların
Döşünə yayılacaq.
Dələmə torbaları
Tərtəmiz yuyulacaq.
Sel-sular çağlayacaq
Çaylar daşacaq yenə,
Durnalar qaqqıldaşıb
Yaldan aşacaq yenə.
Şəlalə uzadacaq
Saçaq-saçaq telini,
Bulağa toplaşacaq
Elin qızı, gəlini.
Yenə sübhün çırağı
Nurlanacaq, yanacaq
Məndən sonra bilmirəm
Məni kimlər anacaq
Göyün yeddi qatından
Beləcə endi Mələk,
Parlaq bir ulduz idi,
Parladı söndü Mələk.

  * * *
Ehey!!! Ay qoca leylək,
Xocalıya gəlmə tək.

Gözünü yumdu Mələk,
Tanrı onu görmədi.

Hanı haqqın gur səsi,
Haraylamır bir kəsi.
Qucağında körpəsi,
Tanrı onu görmədi.

Su yerinə  qan axdı,
Burda qan dizə çıxdı.
Görəsən hara baxdı,
Tanrı onu görmədi.

Göydən güllə ələndi,
Torpaq qana bələndi.
Üzünə qan çiləndi,
Tanrı onu görmədi.

Torpağın bağrı yandı,
Zülm ərşə dayandı.
Axar sular da yandı,
Tanrı onu görmədi.

Taleyin üzü döndü,
Bu ömür, gündü?
Haqqın çırağı söndü,
Tanrı onu görmədi.

Bu yel hardan əsirdi
Ana, bala əsirdi.
Xudaya, bu sirdi
Tanrı onu görmədi.

Bəy-gəlin otağında,
Arzular qucağında,
Yandı könül bağında,
Tanrı onu görmədi.

Obada elim qaldı,
Ocaqda külüm qaldı,
Qönçədə gülüm qaldı,
Tanrı onu görmədi.

Göyün gözü qaraldı,
Göyün gözün tor aldı,
Göyün gözü kor oldu,
Tanrı onu görmədi.

Ehey!!! Ay qoca leylək,
Karvanını geri çək,
Dayandı min-min ürək,
Tanrı onu görmədi.

Gəlmə, aman günüdü,
Dünyanın son günüdü,
Xocalı qan gölüdü,
Tanrı onu görmədi.

Get dəstə yığ başına,
Dəm vermə göz yaşına,
Çağır qartalı gəlsin,
Quşların  dalı gəlsin.

Yerdə qalsa bu qisas,
Qonaq gəlməz bizə yaz.
Nakam gedən şəhidlər,
Bizləri bağışlamaz

      * * *

Hansı cəllad baş kəsən,
Hansı qəddar qan içən,
Verdi dağıt hökmünü.
Buludlar qan ağladı,
Göylər matəm saxladı,
Mələyim susan günü.
Göylərin gözü doldu,
Könlümün gülü soldu,
Torpaq qanla sulandı,
Yarpaq qana bulandı.
Mələyim susan günü.

Yada möhtac olanlar,
Gözləri ac olanlar,
Diz çöküb alçalanlar,
Od vurdular ocağa,
Beşikdə yandı çağa,
Arzum içimdə yandı
Axar sular dayandı,
Mələyim susan günü.

Namuslu tapdalandı
Dərdimə dərd calandı
Xanımanım talandı
Mələyim susan günü.

Köksümdən qopardılar
Sevincimi, dərdimi.
Kəsdilər, doğradılar,
İgidimi, mərdimi.
Tarixin sinəsinə
Sağalmaz dağ basdılar.
Yuxulu körpələrin
Başlarını kəsdilər.
Hamilə qadınları,
Nizələrdən asdılar.
Bakirəlik, təmizlik,
Əlimizdən alındı.
Qeyrətimiz tutulub,
Zindanlara salındı.
Mələyim susan günü.

Neçə-neçə toy bəyi
Alışdı, yandı, söndü.
Neçə qızın başından
Gəlinlik tacı endi
Mələyim susan günü.

                        * * *

Səhər  insan karvanı
Qərbə doğru gedirdi,
Gedənlərin canında
Min bir ağrı  gedirdi.
Südəmər uşaqları
Qarılar aparırdı,
Cavanları qırmağa
«Sarılar» aparırdı.
On gün idi Lamiyə
Göz açmışdı dünyaya,
Dünyaya gələn gündən
Düşmüşdü qasırğaya
Xanım nənə neyləsin
Döşündə südü yoxdur,
Həmdərdlər arasında
Onun da dərdi çoxdur.
Diz taqətsiz, yol uzaq
Çiynində dərd yükü,
Gözləri qaralırdı,
Çəkəmmirdi sərt yükü.

Qəlyanı çəkənə ver,
Doldurub çəkənə ver,
Ya Rəbb, mən çəkəmmirəm,
Bu dərdi çəkənə ver!
Lamiyə ağalayanda,
Yazıq ana, can ana.
Qurumuş dodağını
Əmizdirirdi ona
Allah, bu məsum körpə,
Allah, on günlük çağa,
Qəlbini dağlayırdı,
Yapışmırdı dodağa,
Təhqirə dözə-dözə
Karvan hələ yol gedir,
Bu keçilməz yolları
Gedənlər bihal gedir.
Yorulan kim, qalan kim,
Dərdi zindan olan kim,
Qəm  üstündə köklənən,
Qəm sazını çalan kimQar yağıb dizə çıxır,
Ayaqyalın, baş açıq
Tufan tüğyan eləyir,
Gəl bu yolu başa çıx.
Allahın zülmü tutub
Qanlı tək qan eyləyir,
Qarı düşmən insana
Zülmü yaman eyləyir.
O gecə at oynadan 
Dəli tufan dayandı,
Qan gölündə boğulan
Ana torpaq oyandı.
Ölüb -qalan bilindi,
Axan qan laxtalandı,
Yanan yurd külə döndü,
Qapılar taxtalandı
Neçəsinin ayağı,
Əli soyuğa düşdü
Neçə könül bağının
Gülü soyuğa düşdü.

Qudurmuş it oldular,
O qudurmuş dığalar,
Körpələri beşikdə
Yandırdılar dığalar.
Bəlkə minə çatdı
Ölüb-itənin sayı,
Ucaldı göy üzünə
Xocalının harayı.
Xocalı soyqrımı
Görünməmiş faciə,
Xocalı müsibəti
Sığarmı yerə-göyə?
Köksümdən qopardılar
Sevincimi, dərdimi,
Kəsdilər, doğradılar
İgidimi, mərdimi.
Ovxarlı kotan kimi
Torpağı şumladılar,
Arzumu, niyyətimi,
Hissimi damladılar
Tarixin sinəsinə
Sağalmaz dağ basdılar,
Yuxulu balaların
Başlarını kəsdilər.
Bakirəlik, təmizlik
Əlimizdən alındı,
Qeyrətimiz tutulub
Zindanlara salındı.
Atalar yaxşı deyib,
Tökülən bir dolmaz,
O toysuz cavanların
Qisası yerdə qalmaz.
Oyaqsan eşit, qardaş,
Yatmısan oyan, qardaş,
Vətənin keşiyində
Mərdanə dayan, qardaş.
İllər, əsrlər keçər
Şölə saçar günəş, ay,
Nəsillərin yadından
Heç vaxt çıxmaz bu haray.
Bu haray bir millətin
Yağıya nifrət səsi,
Bu haray yer üzünün
Ən böyük faciəsi.

         * * *
Şəhid atasısan, başını dik tut,
Bəsdir ağladığın, ağlama, qardaş.
Fağır baxışınla, nəmli gözünlə,
Mənim ürəyimi dağlama, qardaş.

Nə qanlar etmədi o qanlı yağı,
Qanla yoğuruldu Vətən torpağı.
Sağalan dağ deyil Mələyin dağı,
Başına qaralar bağlama, qardaş.

Axır qəmin olsun, başın sağ olsun,
Günəşli baharın, qışın sağ olsun.
Torpağın sağ olsun, daşın sağ olsun,
Yaxşı oyanmasın, yuxlama, qardaş.

Səninlə yanaşı dərd çəkər Əvəz,
Şəhid fəryadıdır bu haray, bu səs.
Düşməndən intiqam almağa tələs,
Qisası sabaha saxlama, qardaş.

    * * *

Bir afat küləyi əsdi üstünə,
Sünbüllər tutarmı dən innən belə.
Yolunu kəsibdi qasırğa, tufan,
Gəlməz bizim dağa çən innən belə.

Mənə dərd verəni dərdə sal, Allah,
Namərdlə arama pərdə sal, Allah!
Səmtimi o gözəl yurda sal, Allah,
Keçim Ağbulağın yanından belə.

Yasda ağlamayan, toyda gülməyən,
Sevinci, kədəri, qəmi bölməyən,
Elimin dərdini dərdi bilməyən,
Keçməz bircə tikə nanından belə.

Təsəlli verənim çoxdu, ay lələ,
Dərdimin çarəsi yoxdur, ay lələ.
Ağzımdan ləzzətim çıxdı, ay lələ,
Necə deyim-gülüm mən innən belə.

Bir vaxt kef-damağı çağ olan şair,
Yağı sinəsinə dağ olan şair,
Əzəli, gorgahı dağılan şair
Alış innən belə, yan innən belə!

                                                                                                               

Əvəz Mahmud  Lələdağ
1988


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri