Kim atdı
Kim atdı
Tapılmır dərdimə çarə, ay Allah,
Təbibim kasaddı, loğmanım qıtdı.
Xalxın zay aşığı alçı duranda,
Mənim qara bəxtim bəs niyə yatdı?
Gərdişdən xumaram, hələlik məstəm,
İnamım haqqadır, haqq ilə dostam
Didərgin ömrümə yazıldı dastan,
Bu necə ömürdü, bu nə həyatdı?
Qaldı yağılara durna göz bulaq,
Xiffətdən cadardı o doğma torpaq.
Ayrıldı elindən Əvəz Lələdağ,
Qərib-qürbət elə onu kim atdı.
Комментарии
Отправить комментарий