Məndən


Məndən

Dəridən, qabıqdan çıxdı müxənnət,
Axır ayrı saldı yarı da məndən.
Kədər yaxşıdırsa, qəm yaxşıdırsa,
Yarı səndən olsun, yarı da məndən.

Sinəmin üstündə yurd salıb dağlar,
Mənim bu halıma qanlı da ağlar.
Mənsiz ahıllaşdı, qocaldı dağlar,
Allah əsirgədi qarı da məndən.

Gülşəndəyəm dönüb baxmır gül mənə,
İstəyirsən qəhqəhə çək, gül mənə.
Sar qoymadı qismət ola gül mənə,
Qocaldım, yan keçir qarı da məndən.

Məndən küsüb, mehirləşib yada yar,
Gəl yarama ya məlhəm ol, ya da yar.
O da olsun səndən mənə yadigar,
Söylə-Lələdağ da yarıdı məndən.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal