GÖZÜ YOLDA QALAN KƏNDİM
GÖZÜ YOLDA
QALAN KƏNDİM
Ağdü mənim ağ
günümün ağası
Bu il yenə gələmmədim qoynuna
Bağışla a kəndim, bağışla məni.
Minəmmədim “Dəvədaşın” boynuna,
Bağışla a kəndim, bağışla məni.
Burda dağ gəzirəm, başına çıxam,
Bulaq istəyirəm hüsnünə baxam
Çiçək axtarıram köksümə sıxam
Bağışla a kəndim, bağışla məni.
Bitirmi mərəvcə, bitirmi yonca,
Gəlib bir yığardım dolça doyunca.
Mən sənə borcluyam ömrüm boyunca
Bağışla a kəndim, bağışla məni.
Söz verdim gəlmədim, vəfasızam mən,
Məndən inciyibdi bilirəm çəmən.
Yolumu kəsibdi hələ duman, çən,
Bağışla a kəndim, bağışla məni.
Ulu Zəngəzur
mahalında Qarakilsə bölgəsində Ağdü adlı bir gözəl kənd var. O kənd bizim
kənddi. Elə bil Allah bu kəndi yaradanda könül açmaq, ömür uzatmaq, laylaya,
bayatıya, saza-sözə qulaq asmaq üçün yaradıb, səxavətini əsirgəməyib bu oğuz
yurdundan.
Kəndimizin
qənşərində Qaçaq Nəbinin oylağı, axarlı-baxarlı, yazda-yayda təbiətin nazlı
gözəli kimi özünə yeddi yerdən bəzək vurub bəzənən, ürəyimizi sevgi-məhəbbət
hissi ilə dolduran səfalı Salvartı yaylağı görünür. Kəndimizin kürəyində
dayanan, başı həmişə çənli-dumanlı, (Aşıq Ələsgər demişkən “Xəstə üçün
zirvəsində qar olan”) İşıqlı dağının qayalarından sərtlik, ayna bulaqlarının
sularından saflıq, paklıq götürmüşük, çəmən çiçəklərinin ətiri ilə ətirlənmişik.
Gicirtkanını, quzqulağını, yemliyini, quşəppəyisini, qıjısını, yarpızını,
kəvərini, şomusunu, əvəliyini, ala qanqalını, nehrə baldarğanını dərib
yeyərdik, gözümüzə nur, qolumuza qüvvət, dizimizə taqət, ürəyimizə təpər, ağzımıza
dad gələrdi. Loğman havası, sərin suyu, nəmi qaymağı, nehrə yağı, süzməsi
adamda uzun yaşamaq, yazıb-yaratmaq həvəsini oyadırdı. Hələ kətəmizi, bulamanı,
isti təndir çörəyi ilə motal pendirini demirəm.
İşıqlı dağ bəyaz
bulud örpəyi ilə, başının ağ çalması ilə, iti gözlü qartalları ilə öyünərdi,
qoynunda elat camaatına yurd yeri ayırardı. Qədimlərdən qədim kəndim! Sənin hər
daşında, hər qarış torpağında türkün izi var. Saysız-hesabsız Oğuz qalaları, Alban
məbədləri, məscid, pir, ziyarətgah, körpü, su dəyirmanları, türkün kultu olan
at və qoçheykəlli qəbirüstü abidələr, daş sənduqələr Azəri türklərinin
yaratdığı maddi-mədəniyyət abidələri deyilmi?
Tatallar, Aşıqlı,
Alı Nəzərli, İmamverdilər, Buludlu, Muğanlı Ovşar, Xəlifəli, Hacalımuradlı,
Araatlı, Mərcanlı Rəsillu, Şahsevənli, Əhmədalılar, may ayında dədə-baba
yurdlarına gələrdilər, yaşıl yaylalarda yaylayardılar. İşıqlı dağ!
Sən bu dağa hörmət ilə qədəm bas
Anaların laylası var bu dağda
Kəkliklərin nəğməsinə qulaq as,
Gözəlliyin mənası var bu dağda.
Əzəl gündən oğlu, qızı vəfalı
Yaşıl donlu yaylaları səfalı,
Baldırğanı, cincilimi şəfalı
Min bir dərdin davası var bu dağda.
Qənşərə çıx qılınc kimi yala bax,
Gədikləri qucaqlayan yola bax
Qoyun-quzu halqalayan gölə bax
Yantütəyin sədası var bu dağda.
Bu vüqarlı dağın
ətəyində gözəl mənzərəli, səfalı Şükürbəyli yaylağı öz qoynunda Ağdü camaatını
bəsləyirdi.
Şükürbəyli yaylağı
yazda-yayda başı yığınaqlı, sazlı, sözlü olurdu. “Axşam-sabah çeşmə sənin
başına, bilirsənmi necə canlar dolanır?”
Gözəllərin qəmzəsi ilə xumarlanan bu bulaqlar, sərin çeşmələr, yaşıl gözələr
adamı ruhlandırır, yaşadıqca yaşamaq həvəsini artırardı.
Uca dağlar, gen
dərələr, sərin bulaqlar, yaşıl yaylalar, günəşli gündüzlər, aylı gecələr sənə
necə gözəl yaraşır, doğma yurdum. Sənin haqqında fikirləşəndə elə bil ağlım
başımdan çıxır, huşum qeyibə çəkilir. Gedəcəyim yeri, deyəcəyim sözü, edəcəyim
xahişi unuduram, doğma kəndim! Amma bir təsəllim var ki, sənin o cazibədar görkəmini, hər dərdini,
hər kəmini, cırıldayan cəhrəni də, burnu əyri dəhrəni də, tuluğunu, nehrəni də,
tabağını, təhnəni də, selavını, dəhnəni də, təzəni də, köhnəni də, hər daşını,
hər quşunu, enişini, yoxuşunu, ilmə-ilmə, naxış-naxış, çərək-çərək, qarış-qarış
ürəyimə çəkmişəm, ulu kəndim.
Dünyanın harasına
getsəm, harasına qanad açıb uçsam yenə qonduğum məkan doğma kəndim-kəsəyim,
elim-obamdı. Bu dağlar qoynunda Qaçaq Nəbi, Qaçaq Qardaşxan, Qaçaq Nuruş, Qaçaq
Süleyman, Qaçaq Musa kimi qurd ürəkli, şir ürəkli, enli kürəkli oğullar,
kişilər olub. O, yaylaqlarda at çapan, qılınc oynadan, küngü tutan, nərəsi
yeri-göyü titrədən igid ərlərimiz, geri dönməz nərlərimiz azmı olub? Bəs necə
oldu ki...
Həyatımda fərəhli,
qəmli anlarım olub. Kədərli vaxtlarımda səni anmışam. Elə bilirəm ki, səninlə
olsam könlüm şad olar, ürəyim sakitləşər. səndə gördüklərimi içimdə, ürəyimin
başında yaşadıram. Şəhərlər gəzirəm, kəndlər görürəm sənə bənzərini tapmıram.
Şəhərlər gəzmişəm, kəndlər görmüşəm
Kəndimizin tayı yoxdu dünyada.
Çeşmələr, gözəllər, bəndlər görmüşəm
Əlmərdanın suyu yoxdu dünyada.
Bircə dolça içmməzsən bir başa,
Könül həmdəmidir dosta, sirdaşa.
Elə suyu qıymaz qardaş, qardaşa
Qıjhaqıjısı, tayı yoxdu dünyada.
Qız-gəlin yığışar axşam başına,
Səhənglər söykənər bulaq daşına
Əvəz Lələdağın yar-yoldaşına,
“Xoş gəldin” deməyi yoxdur dünyada.
Yovşan düzdən
keçib Ağyazının daşlı cığırı ilə aşağı enəndə yolun sağ tərəfində sərin sulu
çeşmələri, göy çəmənləri adamı heyran edir. Bahar gələndə bu çəmənlərdə
gül-gülü, çiçək-çiçəyi çağırardı. Kəndimizin qızı-gəlini, ərgən oğlanları
tək-tək, dəstə-dəstə bu göz oxşayan çəmənlərdən çiçək dərirdilər, bir-birinə
bağışlayardılar.
Zəmisi dəniz kimi dalğalanan, -
Düzdəri, Beşgüllü, Maldaşı, Qaraçıları,
Mikayıl Əkrəmi unutmaq olarmı?
Kəndimizdəki,
bulaqların içində həm gur axmasına, həm də suyunun saflığına görə Cəfərqulubəyin
sərin bulağı həmişə üstü qız-gəlinli, haylı-haraylı olardı. Yeddinövlü də Səfərqulubəyin
bulağından geri qalmazdı. Yüddinövlünün ikinci adı Naxırbulaqdır. Çünki mal
naxırı, qoyun sürüsü, at ılxısı səhər örüşünə gedəndə, axşam örüşdən qayıdanda
Naxır bulaqdan su götürərdilər.
Kəndimizdə 24
bulaq vardır. Yeddinövlü, qurunov, Ağbulaq, İkigözlü, Top, Söyüd, Əmirsayad
bulağı, Paşabulağı, Ağaqulu bulağı, Xanxanım bulağı, Arzubulaq, Əlmərdan bulaq
və s. Kəndimiz yuxuma girir hər gecə.
Kəndimiz yuxuma girmişdi gecə,
Əlmərdan bulağı həzin axırdı.
Babamınsa ruhu Qızılqayadan
Dayanıb nifrətlə mənə baxırdı.
Onun baxışından alov yağırdı
Daşı əridirdi qəzəbi, kini.
Mən elə bilirdim babam fağırdı,
Yağdırdı üstümə qəlbimdəkini.
Qeyrətin necoldu, qeyrətli oğul
Tülkü qabağından qaçarmı aslan?
Ay eldə-obada hörmətli oğul
Batdı qazandığın o gözəl ad-san.
Gəzdiyin yaylaqda indi kim gəzir,
Bulaqlar, çeşmələr, gözələr hanı?
Ürək
necə dözür, can necə dözür,
Ənliksiz, kirşansız gözəllər hanı?
Hanı Daşlı cığır, Qanqallı cığır,
Ot, alaq basıbdır bulaq yolunu.
Vətəndən qaçanı Vətənə çağır,
Çağır yurd oğlunu, Vətən oğlunu.
Boynu bükük qalıb məzar daşları,
Alışıb yanıbdı babamın goru.
Gözəllər dolaşan bu yamacları
Bir az qeyrətə gəl,
barı sən qoru!
Sənin iradların
yerindədir, düzdür, dədə. Tale yazısıdır, nə etmək olar. Bu millətin dərdini
yüngülləşdirə bilmirik, amma çalışırıq. Didərginin yarasına məlhəm qoymağa
acizik. Bəlkə də haqlısan, sənin iztirablarını, ürək ağrılarını azaltmaq,
müalicə etmək, aradan qaldırmaq üçün canımızı qurban verməliyik. Sonrakı
peşmançılıq fayda verməz. Lakin ümidimi üzməmişəm. O doğma yerlərə, tarixi
torpaqlara dönəcəyəm. Sənin müqəddəs məzarını ziyarət edəcəyəm, inşallah!..
Комментарии
Отправить комментарий