Keçə bilmədi
Keçə bilmədi
Mənim danlanmalı vaxtım keçibdi,
İndi ehtiyacım bir xoş sözədir.
Qocalıq şirəmi yaman çəkibdi,
Ümidim, gümanım bircə sizədir.
Şöhrətə uymadım, şana uymadım,
Təmənnam olmadı dünya malında.
Namərdlər sözünə, yana, uymadım,
Əridim gərdişin qalmaqalında.
Mənə hücum çəkdi yerindən duran,
Üstümə böhtanlar yağdı, nə yağdı.
Könlümü sındıran, qəlbimi qıran,
Ortada at çapır, hələ də sağdı.
Qıraqda dolanan, ortada yeyən,
Halalı haramdan seçə bilmədi.
Qalxıb kürsülərdə «təmizəm» deyən,
Haqqın körpüsündən keçə bilmədi.
Комментарии
Отправить комментарий