Haray, dünya, haray!


Haray, dünya, haray!

Sənə fani dedi babam,
Səndə kədər yedi babam.
Ömür boyu tanımadı,
dostu, yadı babam.
Haray, dünya, haray!

Ürəyimdən daş asılır,
Kipriyimdən yaş asılır.
Qoca gərdiş, tufandı,
Qoşa çinar qoşa sınar,
Haray, dünya, haray!

Ürəksizə ürək verdik,
Çörəksizə çörək verdik,
Öz damımız dirəksizdi,
Özgələrə dirək verdik.
Haray, dünya, haray!

Yad etdikcə o çağları,
Dağlanıram dağım-dağım.
Yad əllərdə didikləndi,
Neçə təpəm, neçə dağım.
Nərmi dəydi yaralandı,

Sərin çeşməm, buz bulağım.
Sinəsində od qalandı,
Külə döndü güllü bağım.
Təbib, loğman məlhəm qoyur,
Qaysaqlamır sinə dağım
Haray, dünya, haray!

Həmdəmindən ayrı düşdü,
Çəmənlərim, örüşlərim.
Yağılara qismət oldu,
Qonşu qızla görüş yerim.
Haray, dünya, haray!

Öz elində əsir qaldı,
Gör qədər məzar daşı.
Aman Allah, kimlər saldı,
Niyə saldı bu savaşı?
Hansı cəllad möhür vurdu,
Təsdiqlədi bu fərmanı?
Hansı qəddar, qan içənə,
Dərman idi,
İnsan əti, insan qanı?
Haray, dünya, haray!

Elə bil ki, haqq yolunda
Bəxti yatıb bu millətin.
Kor gözləri kor olubdu,
Ədalətin, həqiqətin.
Arzuları, əməlləri,
Qanadlıdır, uça bilmir.
Düyün düşmüş kələfini,
Hələ heç kəs aça bilmir.
Bir gölməçə meydan açıb,
Bir ümmanı sıxışdırır.
Yasaq qanqal, yasaq tikan,
Gülüstanı sıxışdırır.
Haray, dünya, haray!
          
*****
Yad etdikcə,
1990- mən.
Qara qanlar axır mənim,
Kədər yüklü ürəyimdən.
Kaş ki, o il gəlməyəydi,
Nahaq qanlar axmayaydı.
Yurdumuzun körpələri,
Əbəs yerə ölməyəydi.
Aman Allah! Həmin gecə,
Yerdən göyə alov qalxdı.
Tanklar, toplar nərildədi,
                     Guruldadı.
Tüstü çıxdı tüfəngələrin
                     Təpəsindən
Qulaq batdı,
Silahların nərəsndən.
Tale bizdən yaman əydi,
Mətbəxdəki günahsıza
                      Güllə dəydi.

Viran qalsın,
Yağıların yurdlarını.
Bu torpağa,
Axmayaydı bu qan gərək.
Çəkmək olmur,
El-obanın dərdlərini.
Dərd yükünü çəkməyə
                   Bir can gərək!
Yaralarım qaysaq tutdu,
Qəlbim bir az sakitləşdi.
Faciədən bir il keçdi
Yad etdikcə,
1991-i
Noyabrın iyirmisini,
Cızdanağım çıxır mənim.
Görünməmiş bir hadisə,
Bir dəhşətli qara xəbər.
Çatdı bizə,
Aman Allah!
Bu torpağın sinəsində
Şırım-şırım,
Şırımlanan bu dağ nədi?
Əngin səma məhvərindən,
Qopub gəldi.
Bütün göylər yerə axdı,
Göyə çatdı yerin ahı,
Bu dəhşətli faciəni
Görəmmədi göy Allahı.
Millətimin qaymaqları
Qorxu bilməz oğulları,
Məhv oldular bircə anda.
Təsəllimiz bu oldu ki,
Onlar üçün yer ayrıldı,
O müqəddəs Xiyabanda!
Bu əməli edəmməzdi
                 Heç bir qənim
gizlədim,
Öz qapazım öz başıma dəydi mənim!
             
*****
Yad etdikcə Xocalını,
Odlanıram,
Dırnağımdan başımadək.
Qoca tarix görməyibdi,
Belə sazaq, belə külək.
Son yüz ildə,
Tökülməyib bir belə qan,
Əsməyibdi berə tufan
Nələr oldu Daşaltında.
Yağı- düşmən,
Bostanıma daş atanda,
Harayladım Çənlibeli.
Hay vermədi qoç Koroğlu,
Dəli Həsən, Bəlli Əhməd,
Kosa səfər, Giziroğlu.
Görən hara gedib onlar,
Ürəyimi parçalayır,
Bu gün günahsız axan qanlar.
Bəlkə yenə qollarını,
Bolu bəyə bağladıbdı,
Qoç Koroğlu?
Geridönməz dönübgeri,
Topdağıdan, halaypozan,
Ay Xan Eyvaz, hardasınız?
Çənlibelin igidləri?
Bəlkə gərdiş sizləri ,
Amalından döndəribdi.
Dünya hərrac bazarıdı,
Mətah üçün hərənizi,
Bir diyara göndəribdi.
Gör qədər saqqız satan,
Gül satan var.
Torpaq kimi bir ananı,
Gözdən salıb unudan var,
Dünyamızın çətin vaxtı,
Yumruqlar da düyünləndi.
Göyə qalxdı.
Cəbhələrə,
Cərəyanlara bölündü xalq,
Alma kimi dilimləndi,
Dilim-dilim oldu millət.
Gədə-güdə, gic əlində
Qaldı millət !
Ələ keçdi Şuşam mənim,
Qacarlara baş əyməyən,
O möhtəşəm qalam mənim.
Nəsil-nəsil sağalmayan
Dərdim mənim, bəlam mənim!
Tapdaq oldu Cıdırdüzü,
Xan sarayı,
Molla Pənah məqbərəsi,
Niyə batdı haqqın səsi?
Təpəsinə güllə sıxan
Tapılmadı, yoxa çıxdı,
Boş gülləsi boşa çıxdı.
Haray, dünya, haray!
       *****
Belə-belə,
Bir çoxları bilə-bilə,
Şuşa getdi, Laçın getdi,
Heç bilmədim neçin getdi.
Talan oldu elin varı,
Əbədilik kökdən düşdü,
Neçəsinini könül tarı!
Yüz illərlə qazanılan,
Bir qırpımda itirildi.
Həsrət, vüsal arasında,
Hicran ikolu bitirildi.
Harayladım Kürdhacılı
Soltan bəyi,
Cağazurlu Ağammədi.
Yüz kişiyə cavab verən
Kişi Tavat,
Hay vermədi harayıma.
Muncuq kimi qəm düzüldü,
Hər günümə, hər ayıma.
Əli silah tutanlara,
Dönə-dönə yalvardım mən.
Qayıt geri!
Sarı Aşıq üz qoyduğu,
Bu torpağa and verirəm,
Qayıt geri!
Həkərinin saf suyuna,
Səngərdağa and verirəm,
Qayıt geri!
Anaların hörmətinə,
Ataların qeyrətinə,
Gəlinlərin ismətinə,
And verirəm, qayıt geri!
Şəhidlərin məzarına,
Ana, bacı, qız arına,
And verirəm, qayıt geri!
Qayıt, oğul, qayıt qardaş,
Qayıt, atam!
Sonra sənə deyəcəklər:
Xain, qorxaq, Vətən satan!
Ölüm nədir ondan qorxub
Qaçırsan sən!
Bir can nədir, candan qorxub
Qaçırsan sən!
Hansı üzlə dönəcəksən doğma yurda?
Yağıların tapdağında qoydun onu.
Vətənim var, Vətənim var demə, barı
Səndə yoxdu Vətən qanı!
Onun güllü yaylağına,
De, köçməyə haqqın varmı?
Diş göynədən bulağından
Su içməyə haqqın varmı?
Dağlarının vüqarıyla,
Öyünməyə haqqın varmı?
Bol-bəhrəli bağlarından,
Bar dərməyə haqqın varmı?
Mənim belə bir Vətənim,
Var deməyə haqqın varmı?
Qayıt, oğul, qayıt qardaş,
Qayıt, atam!
Sonra sənə deyəcəklər:
Xain, qorxaq, Vətən satan!
         
               *****
Belə-belə,
Bir çoxları bilə-bilə,
Əl uzandı Kəlbəcərə.
Bildiyi tək yozdu hərə.
İstisuya buz nəfəslər
Dəydi, Allah!
Murov dağım xiffətdənmi,
Vüqarını əydi, Allah!
Qarğa-quzğu leş üstünə
Cuman kimi,
Düşmən cumdu Ağdama da,
Dolu evlər, o saraylar,
Qaldı yada.
Hamı dedi:-Təxribatdı!
Füzulini dağıtdılar,
Dərdimizi böyütdülər,
Dağ etdilər.
Cəbrayılı yerlə yeksan
Elədilər,
Qubadlını qızıl qana
Bələdilər
Zəngilanı xan Araza
Axıtdılar.
Ürəyimə keşik çəkdim,
Kürəyimdən ox atdılar!
Günah əldə kosa döndü,
Namərd əli,
Ona atdı, buna atdı.
Hamı dedi:-Təxribatdı!
demişik bəsdi, oğul!
Mənəm-mənəm deyə-deyə,
Özümüzü öyə-öyə,
Başımızı kəsdik, oğul!
«Səbirliyik» dedikcə biz,
Qanıqlaşdı düşmənimiz,
Ayaq aldı üstümüzə.
Biz didişdik içimizdə,
Onlar durdu qəsdimizə.
Ər oğullar, igid ərlər,
Ketdi bada.
Aman Allah, nələr gördüm,
Nələr çəkdim bu dünyada.
Dağıtdılar Ələsgərin
Tıfağını,
Söndürdülər neçə elin
Çırağını.
Kəndlərimiz talan oldu.
Atalardan bir məsəl var:
Güc həmişə,
«Doğanaqdan keçər», oğul,
Ağlamaqdan bir şey çıxmaz,
Gəl ağlama naçar, oğul.
Kürsülərdə alovlanma,
Özgələrdən kömək umma!
Öz gücünə,  qeyrətinə
Arxalan sən!
Bu torpağın qüdrətinə
Arxalan sən!
Şəhidlərin qisasını,
Qoyma yerdə!
Ayağa qalx!
Tay-tuşunu yığ başına,
Get düşmənin yolunu kəs!
Tətik çəkən barmağını,
Əlini kəs!
Gözünü tök!
Çarmıxa çək!
Ovuc-ovuc qanını !
Lazım gəlsə qabağa çıx,
Torpaq üçün
Canından keç!
              *****
Torpağını qoruyar,
Topağın öz züryəti.
Vaxtdır, atam, dur boğaq,
Bu qaranlıq zülməti!
Yağılara qalmasın,
Elimizin sərvəti.
Əbədi ləkə olar,
Bizə elin töhməti.
Bazarlarda satılmır,
Satın alam qeyrəti.
Oyan, qeyrət dəmidir,
Yada nifrət dəmidir!
yatmısan daş kimi,
Qalx ayağa quş kimi.
Yatdığın bəsdi daha,
Dur sarılaq silaha,
Elin halı yamandı,
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!

Naşı olub bilməyib,
Bənək verib qurda sirr,
Elində, obasında,
Namus tapdaq, yurd əsir.
vaxtdır üstümüzə,
Kədər əsir,dərd əsir.
Zaman başqa zamandı,
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!

Oba yanır, el yanır,
gözünü bir bax!
Təpədən dırnağadək,
Külə dönən yurda bax!
Yalda çaqqal ulayır,
Aslan qaçır,dərdə bax!
Üzü qara olmuşuq,
Vətən qalıb darda, bax.
Dur görək bu qandı,
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!

Dəli tufan, qasırğa.
İçimizdə qopmasa,
Biz özümüz düşünüb,
Nicat yolu tapmasaq,
Zülmətdə boğularıq,
Didilib dağılarıq.
Talançılar talayar,
Yurd yeri qalar bizə,
Sərvəti apararlar,
Qəhəri qalar bizə.
Şirəmizi çəkərlər,
Zəhəri qalar bizə.
Qanımızı sorarlar,
Bizi tamam yorarlar,
Ətimizi yeyərlər,
Sümüyümüz əriyər,
Bir dəri qalar bizə.
Dur əl basaq Qurana,
Əlimdəki Qurandı,
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!

Yurdum cənnət qapısı,
Üzümüzə bağlıdır.
Xocalının harayı,
Ürəyimi ağrıdır.
Laçının, Kəlbəcərin,
Dağları da dağlıdır,
Ağdamın, Çəbrayılın
İndi yaman çağıdır.
Füzulinin gözləri,
Qızıl qan çanağıdır,
Qubatlının üstünə
Gələn qanlı yağıdır.
Kür sulara qərq olan,
Zəngilan torpağıdır!
Torpağın bağrı yandı,
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!

Mən tufan görməmişəm,
Bu ölçüdə, biçimdə.
Sənin eşqin təptəzə,
Sənin eşqin qönçədə.
Dilindən şölə verir,
Toy şanları nimçədə.
Qalx ayağa qoyma sən,
Yad, gülünü incidə!
Məhəbbətin cavandı,
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!
Üz tutmuşam dərgaha,
Tale bizə yar olsun.
Qənimlərin başına,
Bu gen dünya dar olsun.
Dostumuz-dayağımız,
Düşmənimiz xar olsun.
Yurdu qoyub qaçana,
Ölüm olsun, ar olsun.
Geridönməz ərlərim,
İgidlərim var olsun
Dur qoruyaq bağları
Budaqlarda bar olsun.
Məclis quraq Şuşada,
Kaman olsun, tar olsun.
Bir tərəfdə xan əmi,
Bir yanda Cabbar olsun.
Şadlıq, sevinc  çeşməsi
Bax beləcə car olsun.
Gözəlliyi görməyən,
O kor gözlər kor olsun!
Üzeyirin, Bülbülün,
Goru alışdı, yandı
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!
Yenə gəlsin o dəmlər,
Turş su oylağım olsun,
Əriyib getsin qəmlər,
Qırx qız yaylağım olsun.
Hər gün qonaq qaralı,
İsa bulağım olsun!
Motal-motal pendirim,
Yağım-qaymağım olsun.
Xan kəndində yellənən,
Zəfər barağım olsun!
yatmısan daş kimi,
Qalx ayağa quş kimi!
Yatdığın bəsdir daha,
Dur sarılaq silaha!
Oyan, qeyrət dəmidir,
Yada nifrət dəmidir,
Vətən sənin anandır,
Dur içək Vətən andı!
Oyan, oğlum, amandı,
Oyan, qızım, amandı!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri