Gözlə


Gözlə

Daş atıb könlümü sındırdın yenə,
Daşın zərbəsindən içim göynədi
İstər qına məni, istər gül mənə,
Bilmirəm yer nədi, mavi göy nədi.

Söndürə bilmədin yanğını gülüm,
İndi öz-özünə sönür atəşim.
De necə danışım, de necə gülüm,
Yarpağa, xəzələ dönür atəşim.

Artıq öləziyib eşqimin odu,
Həsrətlə vüsalın arasındayam
Artıq seçəmmirəm yaxını, yadı,
Bilmirəm dünyanın harasındayam.

İnan ki, gözüm yox bir ayrı canda
Mən dözəbilmirəm bu ağır yükə.
İlahi, qalmışam yol ayrıcında,
İrəli qorxulu, geri təhlükə.

Şam kimi əriyir sevgim içimdə,
Həyatın mənası gözümdən düşür
Su tapa bilmirəm bircə içimdə,
Alovlu ürəyim gözümdən düşür.

Sevgi cəfasını çəkən ər gərək
Vüsala çatmağın vaxtını gözlə.
«Şeş» atmaq üçün yenə zər gərək,
Bir gün oynayacaq bəxtini gözlə.

Alın yazısını kim poza bilər,
Alnıma yazılan xeyirmi, şərmi?
Gahdan duman gələr, gahdan çən gələr,
Taleyin sirrini dağlar bilərmi?

Yöndəmsiz fikirlər yorur beynimi,
Ya Rəbbim, kömək et beynim açılsın.
Yüz fikir bir borcu ödəyə bilmir,
Gəlim görüşünə eynim açılsın.

Bir az uzaq olaq dərddən, möhnətdən,
Yatsın ürəyimin köpü dəbir az.
Baş aça bilmirəm bu məhəbbətdən,
Belə qafiyəsiz məhəbbət olmaz.

Gəlim görüşünə hər axşam çağı,
Atılaq sevdalar qucağına biz.
Alsın ağuşuna bizi gül bağı,
Su səpək məhəbbət ocağına biz.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal