Əvəz Mahmud Lələdağ 80
SDU-da şair Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olundu
Oktyabrın
29-da Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı
ilə şairin 80 illik yubileyi qeyd edildi.
Tədbiri
Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov açaraq bildirdi ki, universitetimizin
qocaman əməkdaşı, sevimli müəllim peşəsi və yetirmələri ilə fəxr edən, ömrünün 60
ilini gənc nəslin təlim tərbiyəsinə həsr edən el ağsaqqlı, şair-publisist,
yazıçı və dramaturq Əvəz Mahmud Lələdağın 80 yaşı tamam olur. Şair-dramaturqun
ömür gün salnaməsi olduqca zəngindir. Bu səksən ilin yarım əsrdən bir az da
çoxunu bədii yaradıcılığa həsr etmişdir. Onun zəngin
bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli
ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin,
mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən
ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini
qoruyub saxlayır. O, öz qələmi ilə xalqa, vətənə, müstəqil dövlətçiliyə
xidmət edir.
Prorektor onu da vurğuladı ki, Əvəz Mahmud Lələdağ Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına, Azərbaycan təhsil
nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi”, KİV Həmkarları İttifaqının “Qızıl
Qələm”, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi mükafatlarına layiq
görülüb.
Filologiya fakültəsinin dekan əvəzi, dosent Avtandil Ağbaba şairin
həyat yolu və yaradıcılığına qısa bir nəzər salaraq qeyd etdi ki, o, bacarıqlı pedaqoq, istedadlı şair olmağı ilə yanaşı
həm də xalq etnoqrafiyasını dərindən
biləndir. Bu illər ərzində öz paklığını qoruyub
saxlayan, vəfalı dost, sədaqətli qələm ustadı öz şeirləri ilə hər zaman
milli-mənəvi dəyərlərimizin keşiyində dayanıb.
Şairin
yubileyində Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Sabir Məmmədov öz ürək
sözlərini bölüşərək bildirdi ki, dramaturq yaradıcılığında
milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları,
müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Qələm, söz ustadı olan şair
həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış
səhifələrinə nəzər yetirir, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr
qələmə alır və geniş oxucu auditoriyasını da
öz ətrafına cəmləyir.
“Sözün sehri”
qəzetinin baş redaktoru Qafqaz Əvəzoğlu, universitetimizin professorları Nadir
Kazımov, Məhəmməd Əhmədov, Adil Baxşəliyev, Qafar Ramazanov, Aslan Bayramov
yubilyarı təbrik etdilər, ona sağlam can və qələminin hər zaman iti olmasını
arzuladılar.
Əvəz Mahmud Lələdağ
tədbir iştirakçılarına onun haqqında səsləndirdikləri xoş sözlərə görə yaradıcılığında yer tutan dəyərli şeirləri
ilə təşəkkür etdi.
Sonda
Filologiya fakültəsinin tələbələri şairin müəllifi olduğu şeirlərdən parçalar
söylədilər.
SDU-nun Mətbuat xidməti
Комментарии
Отправить комментарий