SİNƏSİ DOLU NƏNƏM
SİNƏSİ DOLU
NƏNƏM
Nənəm həmişə yanıqlı-yanıqlı
bayatı çağırardı. Soruşardım ki, niyə belə yanıqlı-yanıqlı oxuyursan, nənə?
Titrək əlləri ilə saçlarımı sığallaya-sığallaya deyərdi:
-Elimizdən, obamızdan
vaxtsız gedənlər, dağılan yurdlar, başsız qalan ocaqlar ürəyimdə nisgil qoyub,
bala. Kəndimizin faciəsi qoyarmı ki, üzüm gülsün. Əndirənikin (Andronıkın) quldur dəstəsi adamları məscidə
doldurub qapısında gərmə qalağı hördürdü, od burdu. Acı tüstü günahsız məxluqu
elə qırdı ki, biri də salamat qalmadı. Qulac-qulac hörükləri olan el
gözəllərinin şəvə saçlarından çatı toxutdurdu, tənab düzəltdirdi, onları ərik
ağacının budaqlarından asdırdı. Həmin yaz bu vəhşilikdən ağaclar da qurudu,
bala! Eh, ay bala hansını deyim?
Biz nənəmizin
şirin-şəkər söhbətlərindən duymazdıq. O deyərdi:
-Dostluq, sədaqət,
halal duz-çörək, inam, öz şəxsiyyətini tanımaq, nəzakətli olmaq, müdriklərə
hörmət, özümüzdə başqasının sirrini saxlamaq, yersiz danışmamaq, şirin dillə
başqalarının qəlbinə girmək kimi gözəl keyfiyyətlər diləyirdi nənəm yer üzünün
əşrəfi olan insanlara. Geri qayıtması mümkün olmayan şeylər üçün təəssüflənməyə
dəyməz deyirdi. Deyilmiş söz, açılmış güllə, keçmiş ömür, baş vermiş qəza heç
vaxt geri qayıtmaz.
İnsanın
xoşbəxtliyini düz danışmaqda, sirri möhkəm saxlamaqda, halal maya kəsb etməkdə,
özünü həmişə sadə aparmaqda görürdü nənəm. Səbr etməsən arzuya çatmazsan,
təvəzökar olmasan məhəbbət qazanmazsan, səy göstərməsən elm əldə edə bilməzsən,
deyərdi nənəm. İnsanları paxıllıqdan, xəsislikdən, namərdlikdən uzaqlaşdırmaqla
bərabər, həm də böyük əngəllər törədən şeyləri nifrətlə qarşılayırdı. Ləcillikdən
rüsvayçılıq, acıqdan peşmançılıq, nalayiq danışmaqdan düşmənçilik, tənbəllikdən
alçaqlıq baş verə biləcəyini dönə-dönə beynimizə yedirdirdi nənəm! Nənəm
bildirirdi ki, yalançıda insaniyyətlik, paxıllıqda, xoşbəxtlik, həsəd aparanda
rahatlıq, bədxasiyyətdə böyüklük, müdriklik olmaz.
Ağıl və bilik,
ədalət və doğruçuluq, səbr və həya adama hava və su kimi lazımdır. Sonra da
zarafatyana deyərdi: - Kişini üç şey zəif salar: Çoxlu düşmən, çoxlu borc,
çoxlu arvad! Çox yemək adamı az yeməkdən də qoyar.
Nənəm həmişə
deyərdi:
-Allah-tala öz
bəndlərinə min dərd göndərib, min bir dərman. Dərmanları tapıb dərdə çarə
qılmaq üçün ağıl, şüur, kamal, dərrakə bəxş edib insanlara. Nənəm bacarıqlı
loğman idi. Bir çox xəstəlikləri türkəçarə müalicə edərdi. Ən sərfəlisi o idi
ki, bütün otları yığar, qurudar və ayrı-ayrı kisələrə doldurardı, samanlığımızdan
açardı. Tənbəki ilə dolu kisəni göstərib deyərdi:
Qara tənbəki, boz kisə,
Çək saqqalı ver hisə.
Qız-gəlinlər yığıb
gətirdikləri – gicitkan, quzqulaq, yemlik, quşəppəyi, şomu, əvəlik, lilpar,
çaşır, qanqal, kəklikotu, turşəng, çöl kişnişi, yarpız, baldırğandan nənəmə də
pay verərdilər. O da bu pencərlərin xeyrli cəhətlərini onlara izah edərdi:
-Bax, qızlar bu lilpar çox faydalıdır. Onu qaynadıb suyu
ilə qotur tutmuş adamı çimizdirsələr tez sağalar. Bir söz deyəjəm, gülün:
Qoturam, ay qoturam,
Qotur qoymur dinc oturam.
Qaşıyıram qanım çıxır,
Qaşımıram canım çıxır.
Çaşır da yeməlidir. Yazın əvvəllərində bitir.
Əsas mədəni Mirzəhəsən bərəyəsi, Ayılıqdır. O adamın ağzının acılığını aparır,
həzmə kömək edir. Ancaq onu duza qoyanda bir yarım ovuc arpa qarışdırın ki,
ağarsın ağbaldır olsun.
Alaqanqal,
südlüqanqal, suluqanqal çox faydalıdır. Qanqalın yetişmiş tumu şəkər
xəstəliyinin qənimidir. Körpə vaxtı isə gövdəsi yeməli olur. Dişlərin dibinin
möhkəmlənməsinə kömək edir, gözüm nurunu artırır.
Kəklikotu əsasən dağlıq yerlərdə, qayaların sinəsində
bitir. Çiçəyində yaxşı bal olur. Onun çayını dəmləyib içirlər. Qan təzyiqini,
əsəb sistemini normallaşdırır. Cingənə olan adamlar onun çayını içməsələr
yaxşıdır. Kəklikotunu qaynadıb suyunda çimmək çox faydalıdır. Bədəndə gedən duzlaşmasının
qarşısını alır. Başın bərk ağrıyanda qaynadıb suyu ilə başını yu, sağal. Göy
öskürək, Zökəm xəstəliyinə tutulmuş adama buğunu vermək çox faydalıdır.
Qantəpər (bəzi bölgələrdə ona Sarıçiçək deyirlər). Eymənən (qorxan) adama çayını içirtsən onun
qorxusunu götürər. Qanaxmanı, qan təzyiqini normallaşdırır. Dəmləyib çayını
içmək öskürəyin qarşısını alır.
Zərinc (zirinc) meşələrdə, yamaclarda, selavlarda
dəmyə bitir. Ağacın qabığı boz rəngdə olur. Meyvəsi sarılıq xəstəliyinin
dərmanıdır. Onun yarpaqları turşməzədir. Yığ, ovcunun içində əz, sürt qara
ciyərin üstünə, xeyrini görərsən. Meyvəsindən mürəbbə bişirilir. Meyvəsini duza
qoyurlar, iştah açandır.
Zeytun istiyə, soyuğa dözümlü ağacdır. Həmişə yaşıl
olur. Onun meyvəsini duza qoyurlar, tumunun yağını çıxarırlar. Onun tam
yetişmiş tumundan 10 ədəd acqarına yeyən adam içkidən imtina edər. Onun yağı
mədə-bağırsağın müalicəsində istifadə olunur. İştah açır, həzmə kömək edir.
Tərxun bostan bitkisidir. Ona çoxillik bitki demək
olar. Tərxunla bir neçə xəstəliyi müalicə etmək olar. Tərxun suyunu, kişnişin
suyunu bir də nar şirəsini qarışdırıb gündə 7 dəfə, hər dəfə bir xörək qaşığı
içmək qan təzyiqini tənzimləyir. Tam sağalmaq istəyirsənsə bu prosesi 10-15 gün
təkrarlaşan yaxşıdır. Tərxun suyunda 15-20 ədəd şabalıdı qaynadıb yemək 14
dərdin dərmanıdır. Tərxunu yarpızla qazanda qaynadıb suyu ilə başı yumaq saçı
uzadır, tökülməyə qoymur. Onun suyu ilə qarqara etmək iyrənmənin qarşısını
alır. Tərxun suyu üzdəki qırışlrı açır.
Əmənköməncini qaynadıb buxarını ağzına çəksən diş ağrısı
kəsir, öskürək yox olar.
Dişqurtlayanın köklərindən alınan şirə
ağciyər iltihabının, quru öskürəyin qənimidir, həzmə kömək edir, iştahı
artırır, qanazlığına, zəifliyə kömək edir.
Daşqovan ağac növüdür. Əsasən bərk yerlərdə bitir.
Onun kiçik budaqlarını xırda-xırda doğrayıb dəmləyirsən hər gün bir çay stəkanı
içirsən. böyrəkdə, öddə olan daşları əridir, sağalıb olursan sağlam, anadan
gəlmə.
Biyan otu kökü dərinliklərə gedən bitkidir. Onun
kökünün cövhəri ağ ciyər xəstəliklərinin iltihabında, bronxların, göy
öskürəyin, təngənəfəsliyin müalicəsində geniş istifadə olunur. Bu qəribə bitki
qaraciyər, sidikqovucu, sarılıq, mədəaltı vəznin, mədə-bağırsaq xəstəliklərin
müalicəsində insanların köməyinə çatır. Onu balaca-balaca doğrayıb dəmləyirsən
və çayını içirsən, gözün görməsini gücləndirir. Biyanın yaşıl yarpaqlarını əz,
ayaq barmaqlarının arasına qoy, ayağın tərləməkdən azad olsun. Soyuqdəymə,
allergiya, mədə spazması və digər xəstəliklərin müalicəsində istifadə olunur.
Oktyabr – noyabr ayında qazıb kökünü çıxart, qurut saxla. Astma-bronxit, nəfəs
yollarını xırtdan təmizləyir.
Ağ soğanı dilim-dilim doğra tök südün içinə qaynat
göy öskürəyin, inağın dərmanıdır.
Dəvədabanı yarpaqlarını yığın suda qaynadın babasılı
olan adamı oturdun onun üstündə sağalsın getsin işinə. Bronxların astmasında dəvədabanı
yarpaqlarından dəmlənən çayın faydası olur.
Qara yoncanı yığ, daşın üstündə əz, bas kəsilmiş yaranın
üstünə. Qanı qurudacaq, yaranı aşdandırıb sağaldacaq.
Qırxbuğumu əzib qat bala ye, böyrəyin dərmanıdır.
Qazayağını acqarına yesən kəpənək qurdunu tökür, həzmə
kömək edir.
Gicitkanın çöpünü yandırıb təzə yağa, sidiyə qatıb
dəmirova sürtsən sağaldar. Qara ciyər xəstəliyinə, öd yollarının
təmizlənməsinə, qanaxmanın qarşısını almaqda kömək edir.
Yemliyi acqarına yesən bağırsaqda olan tükü tökür.
Südü dərini çilləndirir.
Elə ləzzətlidir, elə dadlıdı,
Elə bil bal qatıb südünə yemlik.
Daş xınasını toyuğun gözünə qatıb bədəndəki səpkiyə,
göz-göz olan yaraya sürtsən xəstə sağalar. Dırnaqlarının qaravışı qopsa, sürt
qabağını alsın:
Əvəlik çox faydalıdır. Uşağın qarnı ağrıyanda
qaynat həlimini içirt, yetincəndi. Zökəmin, göyöskürəyin dərmanıdı. Yarpağını
pörtlədib ağrıyan yerə qoysan ağrı kəsilər.
Cirttaquşu yandırıb külünü kərə yağa qatıb sarı yaraya
sürtsən tez sağalar.
Gərməşoy ağacının qabığını yandırıb külünü təzə nehrə
yağına, kükürdə qatıb dəmrova sürtsən sağalar.
Cincilim, pəl, quzqulaq iştah açandır.
Quşəppəyi həzmi sürətləndirir, iştahı açır, cinsi
fəallığın artmasına kömək edir.
Təkəsaqqalı dişlərin dibini möhkəmlədir.
İlan yemliyinin südü kəpənək qurdunun
qənimidir.
Süddüyan otunun südü çox acı olur. Dərini yandırır,
ləkələyir. Onun südündən içə bilsən bağırsaqlarında ziyanverici qalmaz.
Qantəpər otunu qaynadıb həlimini qorxan, sidiyə qan
gedən adama versən saqalar.
Razyana otunun südü gözün nurunu artırır.
Çiriş qəbizliyin qənimidir. İşlətmə dərmanını
əvəz edir.
Xıncilovuz mədəni yumuşaq saxlayır, həzmə kömək edir,
ödü artırır.
Keçi qəzilini yandır, külünü çək burnuna qanaxmanı
dayandırsın.
İtburnu böyrəkdə, sidik kanalında olan daşı əridir.
Dovşan dərisini ağrıyan yerə qoyub isti versən
ağrı kəsər.
Zəyrək yağı içsən mədədə köp olmaz, mədə dincələr.
Qurd ürəyi yesən sənə it hürməz, qorxu bilmərsən.
Kirpi əti babasilin dərmanıdır.
Porsuq əti yel xəstəliyinin qənimidir.
Ayı əti yeyən adamı yel tutmaz.
Keçi əti və südü çox faydalıdır. Sətəlcəm, göy
öskürək təngənəfəslik xəstəliyinə sinə məlhəmdir keçi südü. Keçi südü ən
qorxulu xərçəng xəstəliyinin qarşısını alır. Keçi südünü sağıb içən adamı
həmişə cavan qalır, özünü gümrah hiss
edir. keçinin iç piyi də qiymətli dərmandır. Soyuq dəyən adamın kürəyinə,
sinəsinə keçi piyi sürt sağalsın dursun ayağa. Çəpişin əti qan təzyiqini
tənzimləyir.
Pişik tükü zob xəstəliyinə kömək edir. Pişiyi sığalla
əlini zoba çək sağalsın.
Maralbuynuzu otunu acqarına yesən, soxulcan qurduna
tökür.
Şivərən toxumunu duza qatıb yesən, sancını
kəsər.
Yerkökü ağ ciyərin lətini təmizləyir, səs tellərini
nizama salır, həzmə kömək edir, cinsi fəallığı artırır, süstlüyü aradan
götürür.
Ağ soğanı dilim-dilim doğra, keçi südündə qaynat
içirt inağ olan körpəyə, sağaldıb dursun ayağa. Əmgəyinə ağ neft hopmuş ağ
əskini qoy, burnuna tut sovuşsun.
Bəhməz, tut doşabı, bal ishal olan adama yetincədir.
Bal şərbəti soyuqdəyməyə xeyirdir. A bala, gicitkan, quzuqulaq, yemlik, andız,
qara kəndalaş, qıjı, yarpız, kəvər, cəfəri, çöl kişnişi, qoyunqulağı, süddücə,
ala qanqal, şüyüd, kərəyüz, quşəppəyi, pişikcırnağı, yelqovan, qazayağı, boz
pencər qiymətli nemətdir.
Ərinməyin, can
dərmanı otları yığın, kətə bişirin, qovurun, dəmləyin çayını için qada-balanız,
ağrı-acınız yox olsun. Sağlam və gümrah olun...
Əvəz Lələdağ
Комментарии
Отправить комментарий