Yurdum-yuvamdı, taleyimdi Sumqayıt


Sumqayıt 60

Yurdum-yuvamdı, taleyimdi Sumqayıt
                                                             
Sumqayıtım, icazə ver,
Təbrik edim mən yaşını.
Qucaqlayım öpüm səni,
Hər güşəni, hər daşını.

Gözəl şəhər, az yaşında
Tarixlərə düşdü adın.
Xəzər sənə layla çaldı
Pərvazlanıb qanadlandın.

Alqış sənin qələbənə,
Gündən-günə ucalırsan.
Nəsillərə şöhrət olub,
Nəsillərdən güc alırsan.

Gecən parlaq, gündüzün ,
Ay camalın, günəş gözün.
Əsrləri qabaqladın,
Amma gəncsən hələ özün.

         75 illik ömrümün 52 ilini gənc nəslin təlim-tərbiyəsinə, maariflənməsinə, dünya­görüşünün formalaşmasına sərf etmişəm. Onun 40 ili Sumqayıtla bağlıdır. Mən Sumqayıta gələndə onun cəmi 20 yaşı var idi. 40 ildir gənclik, gözəllik şəhəri Sumqayıtda yaşayıram. 40 il az deyil! Bir igidin ömrü deyərlər buna. 40 gülüzlü bahar, 40 günəşli yay, 40 qızıl payız, 40 şaxtalı qış yola salmışam Sumqayıtda. Bu illər ərzində bir çox hadisələrin canlı şahidi olmuşam. Böyüdükcə, yaşa dolduqca bərkə-boşa düşmüşəm, bərkimişəm, püxtələşmişəm. Həyatım hadisələrlə zəngindir! Əvvəla, xalqımızın başına gətirilən bəlalar, məşəqqətlər, milli mədəniyyətimizə vurulan zərbələr, mənəvi dəyərlərimizə uzanan yırtıcı əllər, düşmənlərimizin törətdiyi faciələr terror aktları məni varımdan yox edib, üzümü sözə tutmuşam, qələmə güvənmişəm, dərdimi dağıtmaqdan ötrü təsəllimi sənin füsunkar gözəlliyindən almışam, doğma məkan!
         40 ildir ürəkdən vurulduğum, cazibəsinə heyran olduğum gənclik şəhəri, kimyaçılar, inşaatçılar şəhəri, iri sənaye, alimlər, ziyalılar şəhəri olan Sumqayıta bağlıyam.
         Yurdum-yuvamdı, taleyimdi Sumqayıtım. Həyatımda çox mühüm rol oynayan dostumdur, gəncliyimdir, köməkçim, ilhamımdır, poeziyam, nəğməm, bayatım, yaradıcılığımdır, gücüm, qüdrətimdir, təbimdir Sumqayıtım. Ayağı torpaqda möhkəm dayanan, göydələnləri ilə göylərə meydan oxuyan, taleyi, hünəri nura boyanan ziyarətgahım, səcdəgahım, qibləgahım, müqəddəs ocağım, bərəkətli bucağım Kəbəm-Kərbalam, dinim-imanım, haqqa inamımdı mənim doğma Sumqayıtım.
         Sumqayıt mənim üçün şirin varlıqdır, ona görə ki, «El yada düşdü», «Dağlar marala qaldı», «Ömür payı», «Sinəsi dolu nənəm», « dovşanın nağılı», «Ömürdən qalan izlər», «Dünya hara gedirsən», «Yaddan çıxmaz günlərim», Bizi deyib gəlmə, Mirzə», «Səni gözləyirəm», «Bu dünyaya könül verdim», «Ümumbəşəri bəla: erməni xəstəliyi», «Dağlar gözləyin məni», «Təlimdə ənənəvilik müasirlik haqqında pedaqoci düşüncələr», «Sənə sözüm var» adlı kitablarım, SDMDT-da tamaşaya qoyulan «Qorxaq», «Tələ», «Batmanla gələn dərd», «Mənim Koroğlu babam», «Haray dünya, haray», «Dağlarda tufan», səhnə əsərlərim, 550-dən çox elmi-publisistik məqaləm məhz Sumqayıtda ərsəyə gəlib. Respublikanın böhranlı vaxtlarında 84 dəfə cəbhə bölgələrindəQubadlıda, Laçında, Cəbrayılda, Zəngilanda, Füzulidə, Ağdamda, Qazaxda, Goranboyda, Tərtərdə, Kəlbəcərdə olmuşam, qaynar nöqtələrə məhz Sumqayıtdan getmişəm. 14 dəfə Milli Qəhrəman Əlyar Əliyevin batalyonunda, 12 dəfə Laçında, Güləbirtdə, Suarasında, Başaratda əsgərlərə ürək-dirək vermişəm, kitablarımı onlara bağışlamışam. Ağdamın Güllücə, Çəmənli, Xındırıstan bölgələrinə səfər etmişəm. Sınayperin dəbdə olan vaxtı Güllücədə əsgərlərlə səngərdə yatmışam. Bərdədən Sumqayıta şəhid gətirmişəm.

                                     Min dəfə çıxmışam alovdan-oddan,
                                     Təmannam olmayıb yaxından,yaddan,
                                     Həmişə qaçmışam natəmiz addan,
                                     Məhəbbət Vətənə bağlayıb məni.

         Əsgərlərdə Vətənə məhəbbət, düşmənə nifrət hisslərini oyatmağa çalışmışam. İki dəfə-1984-cü ildə «İctimai faydalı əməyin həyata tətbiqi», 2000-ci ildə «Təlimdə ənənəvilik müasirlik» barədə qabaqcıl təcrübəmi sənin qoynunda qazanmışam, buradan təcrübəm sənin sinəndə boy atıb yeniləşən, inkişaf edən məktəblərdə yayılıb doğma şəhərim.
YAP-ın ilk təşəbbüskarı yaradıcılarından biri olmağım da Sumqayıtda baş verib. «Qavbaqcıl maarif xadimi» döş nişanına layiq görülməyim, möhtərəm prezidentimiz İlham Əliyevin sərancamı ilə «Tərəqqi» medalı ilə təltif olunmağım, «Qızıl qələm» media mükafatı laureatı adını qazandığıma görə Sumqayıta borcluyam.

Aydan nur almısan, günəşdən ziya,
Sən görən gözümsən, gözüm, Sumqayıt.
İllərin qoynunda çatdın arzuya,
Sənə fəda olum özüm, Sumqayıt.

Müzəffər çıxmısan hər imtahandan,
Çətin sınaqlarda şöhrət qazandın.
Sən həyat eşqi ilə ucalan zaman,
Müdrik ağsaqqalım oldu ustadın.

Vətən torpağının hər qarışında,
Sənin əməllərin çiçək-çiçəkdir.
Hələ xoş əməllər durur qarşında,
Saldığın pöhrələr böyüyəcəkdir.

Sən mənim ömrümün mənası, solmaz naxışları, silinməz illərisən. Fəxr edirəm ki, səninlə boy atmışam. Sənin isti qoynunda arzu-kama çatmışam. İllər keçdikcə sənin varlığınla öyünmüşəm, sənin doğmalığını, əzmini-əzəmətini daha dərindən duymuşam. Haraya, haçan ayaq bassam sənin nəfəsini hiss etmişəm, sənsiz darıxmışam, qoynuna can atmağa tələsmişəm. Ürəklərin hökmüylə qurub-yaratmağa axışıb gələn gənc oğlan qızların yaratdıqları möcüzəli bir möhtəşəm şəhərsən, Sumqayıt!

Ay əliylə qələm çəkib qaşına,
Bərəkəti günəş töküb başına
Yaman gəlib göy Xəzərin xoşuna,
Xəzər kimi sonsuzlaşır Sumqayıt,
Bir ümmandır, aşıb-daşır Sumqayıt.

Binaları cərgələnir, ucalır,
Oğlu, qızı məhəbbətdən güc alır.
Hər kim desə Sumqayıtım qocalır,
İnanmayın təzə coşur Sumqayıt,
Qocaldıqca cavanlaşır Sumqayıt.

Hər yerində xoş arzular gül açır,
Qucağında gül balalar dil açır.
Gənclik burdan səadətə yol açır,
İnsanlığa nəğmə qoşur Sumqayıt,
Kainatla soraqlaşır Sumqayıt.

Övladları alnıaçıq, üzüağ,
Küçələri yaraşıqlı çilçıraq.
Qibləgahdır, səcdəgahdır bu torpaq
Bu torpağa çox yaraşır Sumqayıt,
Bakı ilə qucaqlaşır Sumqayıt.

Qəhrəmanlar şəhəridir mənim şəhərim. Əmək bahadırları, Sosialist Əməyi Qəhrəmanları, ilk metallurq qadın Zəminə Həsənova, inşaatçı Aslan Aslanov, adlı-sanlı poladəridən Murad Zeynalov, kimyaçılar Şəmşad Pənahov, Dadaş Dadaşov, Ağaxan Ağayev, inşaatçı-mühəndis Məzahir Abdullayev, energetik Məşədi Əliyev, əlvan metal ustası Əsəd Məmmədəliyev, metallurq Tofiq Kərimov qəhrəmanlıq zirvəsini məhz Sumqayıtın müəssisələrində fəth ediblər, ürəklərdə özlərinə əbədi abidə ucaldıblar.
Fəhlə qardaş, gözün aydın,
Zəhmətinlə gülür Vətən.
Doğma yurdun Sumqayıtı,
Öz əlinlə böyüdürsən.

Koroğlu tək yalmanladın,
Xəzri kimi azğın yeli.
Hünərə bax, cənnət edib,
Şoranlığı insan əli.

Sumqayıtın park xiyabanları, yaşıllıqları, təmizliyi gələn turistləri valeh edir. Sumqayıt təsəvvür edilməz tikinti meydanı, nəhəng quruculuq şəhəridir

Göy Xəzərin sahilində,
Göydələnlər ucaltdıq biz.
Səni cavan edə-edə,
Özümüzü qocaltdıq biz, Sumqayıt!

Hazırda doğma şəhərimizdə 57 məktəbəqədər tədris ocağı, 50 ümumtəhsil məktəbi, 4 texniki peşə liseyi, 4 orta ixtisas məktəbi, respublikamızın qabaqcıl ali məktəblərindən olan Sumqayıt Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun filialı 4 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Mədəniyyət sahəsinin şəbəkəsi-20 kitabxana, 2 mədəniyyət sarayı şəhərin tarixi muzeyindən ibarətdir. Sumqayıt şəhərində            H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı 40 ildir maraqlı tamaşalarla sumqayıtlıları sevindirir. Görkəmli aktyorlar, xalq əməkdar artistləri, ölkəmizin tanınmış mədəniyyət ustaları məhz bu teatrda pərvazlanıblar.
         Şəhərin səhiyyə sahəsi ildən-ilə genişlənir əhaliyə mükəmməl tibbi yardım göstərilir. Tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Sumqayıt şəhərində idman sahəsində qazanılan uğurlar ürəklərə sevinc bəxş edir. İdmanın müxtəlif növləri üzrə ad-san qazanmış Sumqayıtın adını yüksəklərə qaldıran idmançılarımıza eşq olsun. Dünya Televiziya Verlişləri şirkəti Sumqayıtın bütün sahələrindəki fəaliyyətini işıqlandırır. Sumqayıtın gül balaları gələcək talelərindən narahat deyillər. Bu təhsil ocaqları, mədəniyyət sarayları qapılarını onların üzünə taybatay açıblar. Sumqayıt yaradıcı gənclər şəhəridir. Çox istedadlı şair yazıçılarımız bu doğma şəhərdə ədəbiyyata gəliblər. Onların yaradıcılıqlarını əks etdirən «Sumqayıt» qəzetinin xidməti danılmazdır. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialı da yaradıcı gənclərin inkişafına tutarlı təkan verir. Sumqayıt sakit, mehriban sakinləri ilə, qonaqpərvərliyi ilə, kamil ziyalıları ilə fəxr edə bilər. Azərbaycanın Əməkdar müəllimi adına layiq görülənlərdən Yaqub Bünyadov, Ofelya Babayeva, Minarə Tahirova, Ərəstun Abdulsalahov, Minəxatın Əhmədova, Hökumə Əfəndiyeva, Xanım Əliyeva, Sabir Məmmədov kimi müəllimlər Sumqayıtda yetişiblər. Burada insanlar can deyib can eşidiblər. Hərənin bir diyardan gəlməsinə baxmayaraq hamı mehriban ailə kimidir.

Əlbir olub, dilbir olub hamı burda,
Şirinləşib ağzımızın dadı burda, tamı burda.

         Mən həmyaşıdlarım kimi Sumqayıtın abadlaşmasında, quruculuğunda ürəkdən iştirak etmişəm, özümə yaxın dostları, sirdaşları Sumqayıtda tapmışam. Sumqayıtda ev-eşik sahibi, oğul-uşaq yiyəsi olmuşam, qız köçürüb, gəlin gətirmişəm. Şirinşəkər nəvələrim Sumqayıtda dünyaya gəliblər.


Nəvələr çiynimdən asılır
Nənəmin naxışlı xurcunu tək.
Biri qoltuğuma qısılır,
Biri başını sinəmə qoyur
Cüyür balası tək.
Biri nağıl istəyir, biri şeir.
Biri üstümə suallar yağdırır,
«Göydə neçə ulduz var»-deyir.
Eh şirin-şəkər nəvələr!
Mən nələr görmüşəm, nələr,
Aclıq, fəlakət, müharibə,
Sağdan zərbə, soldan zərbə!
Gərdişin amansız oyunlarını görmüşəm.
Nadanların önündə əyilməmişəm, məğrur gəzmişəm.
Sizin qarşınızda eniş-yoxuş var!
Külək var, tufan var, qar var, yağış var!
İndidən dözüm yığın canınıza.
Naləsini eşidin bu torpağın,
böyüyün!
Qovun bu torpaqdan yağıları!
Sağaldın sinəmizə çəkilən dağları!
Eh! Gözəl-göyçək nəvələr,
Qönçə-çiçək nəvələr!

Sumqayıt gənclərimizin qəhrəmanlıq rəmzidir. Qədim Xəzərin duzlu küləkləri-xəzri Sumqayıtın küçə xiyabanlarını dəniz havası ilə salamlayır. Hər gün Sumqayıtda bir yenilik görürəm. Çoxmərtəbəli binalar ucaldıqca boy atan ağaclar da ucalır. Şəhər dəyişir, gəncləşir, gözəlləşir.
         Ulu öndərimiz Heydər Əliyevin 2003-cü il aprelin 3- Sumqayıta mübarək gəlişi Sumqayıt barədə dediyi xoş sözlər «Sumqayıt istedadlı, savadlı gənc oğlanlar qızlar şəhəridir», «Sumqayıt səviyyəli məktəblər, müəllimlər şəhəridir» deməsi Sumqayıtda bir yeniləşmə, gözəlləşmə yaratdı. Qaranlıq küçələr nurlandı, parklar, xiyabanlar cana gəldi. Məktəblərin damları örtüldü, yeni məktəb binaları, uşaq meydançaları balalarımızın istifadəsinə verildi.
         Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sumqayıta, sumqayıtlılara tükənməz qayğısı daim duyulur, hiss olunur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Vaqif Qədir oğlu Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə qayğısı danılmazdır. Onun təşəbbüskarlığı nəticəsində klassik ədəbiyyatımızın dəyərli nümayəndələri Nizami Gəncəvinin, Mirzə Cəlilin, İmaməddin Nəsiminin,  C. Cabbarlının abidələri ucaldı, fəvvarələr göz oxşadı. Bərbad vəziyyətə düşən mədəniyyət sarayları əsaslı təmir olundu sumqayıtlıların ixtiyarına verildi. İndi şəhərin hər guşəsi göz oxşayır, könül sevindirir. Bu gün Sumqayıt fədakar əmək adamları ilə fəxr edə bilər.

Fəhləsinin alnı açıq, üzü ,
Küçələri gur işıqlı çılçıraq,
Qibləgahdır, səcdəgahdır bu torpaq,
Bu torpağa çox yaraşır Sumqayıt,
Bakı ilə qucaqlaşır Sumqayıt.

         Respublikamız müstəqillik əldə etdikdən sonra Sumqayıtın qırışığı lap açıldı. Zaman İsgəndərov, Qüdrət Kərimov, Ağamirzə Əhədov, Tofiq Hüseynli, Mahir Məsiyev, Rafiq Dəmirov, Sabir Tarıverdiyev kimi adamları, xeyirxah insanlar şəhərin abadlaşmasına can yandırdılar. Ticarət mərkəzi, bazar yüksək səviyyədə yenidən quruldu. Torpaqların bütövlüyü uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini uca tutmaqdan ötrü 20 Yanvar kompleksi, Şəhidlər xiyabanı ziyarətgaha çevrildi.
         Hər bir sumqayıtlı öz doğma şəhərinin göz oxşayan, könül sevindirən mənzərələrini seyr etdikcə qəlbi qürur fəxr hissi ilə dolub sinəsinə sığmır. Axı bu şəhər onun doğma məskəni, isti yuvasıdır. Bu şəhər mənim, sənin, sizin, bizim-bir sözlə, hamımızın şəhəri, hamımızın yurd-yuvasıdır.

Sumqayıtım, gözəl diyar,
Torpağına qurban olum.
Budaqlardan qopub düşən
Yarpağına qurban olum
Varlığına keşik çəkən
Mərd oğluna, mərd qızına
qurban olum.
Məhlə-məhlə, küçə-küçə
Sərt yollardan keçə-keçə
Nələr çəkdi başın sənin?
Bax burdaca nöqtə qoydum,
Mübarəkdir yaşın sənin!
 
                                                            Əvəz Mahmud Lələdağ
 
        Azərbaycan Yazıçılar Birliyinin üzvü,
   Azərbaycan Ziyalılar Cəmiyyəti
Sumqayıt  təşkilatının sədri


«Sumqayıt» qəzeti 1 avqust  2009-cu il


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri