Mülahizələrim


Toylarımız və yas mərasimlərimiz haqda
                                                       Mülahizələrim

Bu yaxınlarda istedadlı curnalist Ramiz Tapdığın «Məslək» qəzetində dərc olunmuş, «Toylarımız və yas mərasimlərimiz haqqında düşüncələrim» adlı məqaləsini oxudum. Açığını deyim ki, əllif bu gün üçün çox aktual olan məsələyə toxunub. Hamının ürəyincə olan belə yazılara münasibət bildirməmək olmaz. Mən də öz fikirlərimi oxucularla bölüşdürmək qərarına gəldim.

Mən aşiq yasəməni,
Nərgizi, yasəməni,
Harayla toya gəlim
Çağırma yasa məni.
Bunlar gəlişi gözəl sözlər deyil. Harayla toya gəlim! Hicranın məğlubiyyəti, vüsalın qələbəsidir, toy! Həsrətlərin arzu, kama çatması, könüllərin qovuşmasıdır toy! İnsan ömrünün ən gözəl, ən yadda qalan anlarıdır toy!
Toydemək, gülmək, sevinmək, şadlanmaq meydanıdır. Amma hər şeyin ölçüsü-biçisi, lətafəti olduğu kimi onların da həddi-hüdudu olmalıdır. N. Gəncəvi demişkən:

Toyda bir adam yoxdur ki, bu gün
Zövqə, əyləncəyə uzaq görünsün!

Toy arzu, dilək, xoş məramdır. Ata-ana arzusu, qohum-qardaş diləyi gül açır elə bil toy günü.

Qızıl gülü üzəydim,
Saçlarıma düzəydim,
Qardaşımın toyunda,
Sındıra-sındıra süzəydim.
Deyən bacının həqiqətə çevrilən, gerçəkləşən arzusudur, toy! Toy adətlərimiz xalqımızın qədim bitgin yazılı mənbəyi olan «Dədə Qorqud» dastanında geniş verilmişdir. Dastanda Azərbaycan xalqının qədim toy adətləri ilə bağlı bir sıra cəhətlər genişliyi ilə verilmişdir. Bu barədə 3-cü boyda daha geniş verilmişdir. «Göbək kəsmə, beşik-kərtmə» adətlərindən məlumat verilir. Buna biz xalq dastanlarımızda da rast gəlirik. «Tahir və Zöhrə» əmi qızı əmi oğlu göbək kəsdi, nişanlanırlar.
Dədə Qorqudda təsadüf edirik.
Bəybican deyir:
-Bəylər, Allah-tala mənə bir qız verəcək olursa, tanıq olun, mənim qızım Baybura oğluna beşik-kərtmə, yavuqlu olsun!
Dastanda və zəmanəmizdə mövcud olan adətlərdən biri də elçilikdir. İndi olduğu kimi dastanda gənclər əvvəl bir-birini görüb tanıyıb, sınayıb əhdi-peyman bağladıqdan sonra elçilənib evlənirlər. İndi olduğu kimi dastanda da elçiliyə, evin, tayfanın ağsaqqalı, ağbirçəyi göndərmişdi. Elçilik zamanı hər iki tərəf arasında olan söhbət, yəni qız evinə bir sıra mallar tələb olunması indi də elçilikdə qalmaqdadır. El arasında belə «alverə» kəsi-biçi, kəsmət deyirlər. Dastanda olanla müasir dövrdən fərqli olaraq oğlan evlənmək istəyəndə istədiyini anasına yox, atasmına deyir. Atası da:
-Oğul qız görmək səndən, mal-ruzi vermək məndən deyir.
Müasir evlənmədə  ata-ananın müdaxiləsi açıq-aydın hiss olunur. Sevgi hiylə, fırıldaq bilməz, əgər bilsə o sevgi deyil, əyləncədir. Təəssüf ki, cavanlarımızın bir çozxunu saf məhəbbət yox var-dövlət , vəzifə, zəngin cehiz və s. düşündürür. Onlar sevib-sevilməyi, eşqi-məhəbbəti arxa plana çəkirlər. Lakin unudurlar ki, taylı-tayını tapmasa günü ah-vayla keçər. Dədə Qorqud dastanında gəlinin əlləri biləklərinə qədər xınalanırmış, barmağına altun üzük taxılırmış. Gəlinin başına al duvaq salırmışlar. Müasir toylarda  da xına adəti geniş yayılmışdır. Hətta toyun xüsusi «xına gecəsi» var. Gəlinin başına qırmızı duvaq salmaq böl­gə­lər­i­­mizdə­ hələ də qalmaqdadır.  Gəlinin yanında yengə gələrdi. Bəyin sağında-solunda sağdış-solduş olardı. Onlardan biri mütləq evli olmalıydı. Bəylik günü də, bəylik gecəsi qədimliyimizdən qalan adətdir. Bəyin bir sözü iki olmaz, tələbi ödənilməlidir, həmin gün. Bu dediklərimizin hamısı «bəyin», «gəlinin» sarsıntı keçirməmələrinə köməkdir.
Mənə elə gəlir ki, tamada ssenarisində dəyişiklik etməlidir. Qız anası əvvəllər heç toya gəlməzdi. İndi gəlirsə, gəlsin lakin onun həyəcanlı vaxtı gəlsin danışsın ifadəsi yerinə düşmür.
Mənə elə gəlir ki, gəlinin tez-tez rəqs etməsi də lazım deyil. Ən dəətlisi odur ki, «təzə gəlin «bal rəqsi» oynayır.
Düzdür, aqillərimiz deyib:
«Bəy öz toyunda oynasa bolluq olar»
ta bu qədər də yox də
Anasına bax, qızını al, qırağına bax bezini al. Külü küllükdən götür, anası gəzən ağacı, balası budaq-budaq gəzər. Belə deyimlər cavanlara çatdırılmalı və mənaları açılmalıdır.
Məhəbbəti, ülviyyəti, sədaqəti, səmimiyyəti, qeyrəti hərraca qoymaq, sevgi ilə alver etmək kimi xoşagəlməz hallar möhkəm ailə qurmağa mane olmaqdan başqa bir şey deyil və bizim bağışlanılmayan günahımızdır. Sevgi ürəkdə olmalıdır, ovcun içində yox. Çox gözəl deyilib. Yarım yar olsun, daş dibi evim olsun. Neylərəm qızıl teşti içinə qan qusam.
Toy adətlərimizdən biri də bəy və gəlin geyimləridir. Bəyin geyiminə heç bir irad ola bilməz. Lakin gəlinin geyimi
Dədəmiz Qorquddan bizə ərmağan qalan milli adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi qoruya-qoruya, bəzilərini itirə-itirə bu günümüzə gətirib çatdırmışıq.
 «Dədə Qorqud» dastanında gəlin qırmızı qaftanı geyinərmiş. Müasir dövrdən fərqli olaraq çox zəngin bəzənmirmiş
Mən yeniliyin əlehinə deyiləm. Buna svilizasiya deyirlər. O svilizasiya mənim adətimə, abır-həyama, milliliyimə, ilkinliyimə ziddirsə, sazıma, sözümə, muğamıma mane olursa belə svilizasiya mənə lazım deyil. Ruslar toyda «qorka, qorka» deyib qışqırırlar. Təzə bəylə-təzə gəlini camaatın gözü qarşısında öpüşdürürlər. Bizdəmi bu «yeniliyə» qoşulmalıyıq? Biz dədə-babamızdan görmüşük ki, vağzalı çalınar, gəlin oynayar və xeyirdua ilə ər evinə yola salınardı.
   Qədimlərdə rəqsə, rəqs bacaran adamları dəvət edirdilər. Məclis əhlidə onlara maraqla tamaşa edir, həzz alardılar. Özü də hərənin öz havası çalınardı. Müasir toylar  da hamı rəqs edir. Baş açmaq olmur nə oynayırlar. Bu da elə musiqimizə qarşı israfçılıqdır. Müğənni «Fatma nənə» mahnısını oxuyur qurtarır, rəqs edənlər oynamaqdan doymurlar. Müğənni məcbur olur başqa mahnılar da oxuyur. «Əcdər əmi», «Nərgizim» «Ceyranım», « Bala nərgiz» və s. Musiqinin səsindən ağız deyəni qulaq eşitmir, adam başdan beyindən olur. Böyründə səninlə çiyin-çiyinə oturanın halını soruşa bilmirsən, ona görə də məclisi tez tərk etmək məcburiyyətində qalırsan. Gecə yatanda  da iki saat beyinin dincəlmir, qulaqlarından guğultu səsi kəsilmir. Mən israfçılıqdan danışmaq istəmirəm. Ancaq bir qüsurumuzu deməyə borcluyam. Öz şəhərimizdə gözəl-göyçək hər cür şərati olan şadlıq evlərimiz olduğu halda bəzi adamlar toylarını Bakı şəhərində edirlər. Çox mübarək olsun.Maşınların sel kimi axdığı bir zamanda dəliqanlı, beyniqan cavanların maşınları idarə etdikləri vaxt bu lazımdırmı? Yadda saxlamaq lazımdır ki, Sumqayıt bizim əbədi və əzəli məkanımızdır axı!…

Bir qədər də yas mərasimləri haqqında.
Yas mərasimlərində insanlar bir-biri ilə görüşəndə «xeyir işdə görüşək» deyirlər. Bu o deməkdir ki, heç kəs heç kəsə şər arzulamır. Lakin Dədəmiz Qorqud belə deyib «Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya». Bəlkə insan həyatdan ona görə gedir ki, illər uzunu üzərində gəzdiyi nemətlərindən istifadə etdiyi ana torpağa borçlu qalmasın, əziz anası torpağa qovuşsun. Hazırda yas mərasimləri ağır və can sıxıçı tərizdə icra olunur. İnsanlar, daha doğrusu məclis sahibi mənəvi zərbəyə məruz qalır, maddi ziyana düşür. Yas məclisləri yemək-içmək söhbət etmək yerinə çevrilir. Yas məclisində hüzr sahibinə, əzizini əbədilik itirmiş adama təsəlli verib dərdinə şərik olmaq əvəzinə siyasi söhbətlər edir, müxtəlif lətifələr danışır harda olduqlarını yaddan çıxarırlar. Məclis sahibinin kədərinə əlavə dərd vermək mənə elə gəlir ki, lazım deyil. Dəfn mərasim zamanı ölü yiyəsi özünü itirir, bilmir nə etsin, nəyin ardınca qaçsın. Qəbir yeri, qəbrin qazılması, meytin yuyulması, meytin basdırılması, ölü duası, molla haqqı, vəət namazı, xörək bişirənin haqqı, cümə axşamları, qırx və s. üçün tələb olunan pulları hardan tapsın bu kasıb bədbəxt oğlu. Mərhumun xatirəsini əbədiləşdirmək üçün bahalı baş daşı-mərmər, sinə daşı-mərmər, mərmər üzlü daş hasar bunu hesablamaqla qutarmaqmı olar?. Bax ölünü qoyub, dirini ağlamaq buna deyirlər. İndi gəlin görək islamın qanununda, kitabında bu sadaladıqlarımız barədə bircə ayə yazılıbmı? Elə bir vəziyyət yaranıb ki, ölüm hansı qapını döyürsə, əziz adamını itirmək az qala yaddan çıxır, qalırsan dirinin hayına. Mənə elə gəlir ki, belə xoşagəlməz hallara son qoymaq üçün bir idarə yaranmalıdır. Həmin idarə ölü sahibini dəfn mərasimindəki çətinlikdən qutarar. Başqa ölkələrdə belədir. Ölü sahibi həmin idarəyə məlumat verir, idarə özü qəbrin qazılmasından başlamış, meytin basdırılmasına qədər bütün prosesləri icra edir. Mərhum idarənin xüsusi salonuna gətirilir, duası oxunur, vidalaşma başlanır, sonra xüsusi maşina qoyulub aparılır dəfn edilir. Ölü sahibi bir neçə gündən sonra rəsmi sənədlə həmin idarəyə öz borcunu ödəyir, vəssalam. Bizdə isə vəziyyət başqadır. Hara üz tutsan əlin cibində olmalıdır. Açığını desək belə məqamda ölü sahibinin ürəyi sıxıntılı olur çənə-boğaz etməyə vaxt nə gəzir. Harda, nə qədər tələb etsələr verməyə məcbur olur. Bir vacib məsələni də demək istərdim. Səsi olmayan, zəngulə edə bilməyən mollalara quran oxumağa icazə verilməsin. Quran ərəbcə ucadan, avazla oxumaq mənasını verir. Quran hümayum, şahnaz və s. muğamlarımız üstə oxunur. Burada heç bir musiqi alətindən istifadə olunmasa da orada olan ritm, məlahətli səs hər şey deməkdir. Quran oxumaq incəsənətə daxildir. Ona görə də məscidlərdə müsabiqə yolu ilə avazla oxumağı bacaran dünya görüşü elmliliyi təşkilatçılıq bacarığı olan mollalara məclis aparmağa icazə verilsə daha yaxşı olar. Onda məclisdə hamı diqqətlə qulaq asar, hərc-mərclik olmaz. Ən böyük faciələrdən biri də ölü üçün yer çatışmamazlığıdır. Hamı torpağı hasarlayır.
                                Hasarlandı bütün torpaq
                                Məzar üçün yer qalmadı
Qəbr yeri satmaqla böyük var dövlət sahibi olanlar da az deyil. Bir qəbrstanlıqda qəbirin üstə yazılmış qiyməti görəndə gözlərim kəlləmə çıxdı.(750 min dollar! )
Qəbrin hasarı, döşəməsi, güldanı, başdaşı, sinədaşı qaramərmərdən ibarət idi. Bu qəbirstanlıqda qəbir üstünün götürülməsi, bahalı heykəllər, qəbrin üstündə yaradılan tablolar diqqətimi cəlb elədi. Bunların hamısı böyük xərc hesabına hasilə gəlmişdir. Uluların dedikləri yadıma düşdü:
                       Qəbrimi bəzəməyin, zəhmət olar nəyə gərək
                       Bəzəsəniz xeyri yoxdu Məzardakı çürüyəcək.
Bizim islam adətinə qalsa şəriət qanunlarına görə müsəlmanın qəbri itməlidir. Nənəm deyərdiki sağır malı ilan sümüyüdür, yesən boğazında qalar. Bu gün kimdir buna məhəl qoyan? Sağırı olan evdə ölü sahibi qazan asmamalıdır, xərçi çıxmamalıdır. Meyid namazı da, vəət namazı da pulsuz olmalıdır. Mollla sağır ailəsindən haqq ummamalıdır. İslamda heç bir məzənnədən söhbət gedə bilməz. Məzənnə qoyan mollalar Quranı-Kərimin 114 surəsi, 6666 ayəsinin hansında belə bir maddə varsa açsınlar, göstərsinlər ölü sahibi də başına çarə qılsın. Kitabımızda, quranımızda ölü üçün bu qədər xərc çəkmək, qırxına kimi hər çümə axşamı məclis qurub yemək-içmək göstərilmədiyi halda süfrəyə nələr düzürlər?
   Mənə elə gəlir ki, bunların hamısına son qoymağın vaxtı çatıb. Çay, halva kifayət edər ki, mərasim sahibinə təsəlli verəsən, dərdinə şərik olasan. Hörmətli oxucular mən öz qəlbimdən keçənləri, arzularımı nəhsiyyət edirəm. Cavanlarımızın dərindən düşünmələri yüz ölçüb bir biçmələri millətə, gələcəyimizə, nəsillərə çox faydalı olar. Papağı qabağımıza qoyub dərin fikirləşməliyik.


                                                            Əvəz Mahmud Lələdağ



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri