Qisas qiyamətə qalmasın gərək


Qisas qiyamətə qalmasın gərək 

                                          Bir bulaq laylası düşüb könlümə,
Dizimi qaylayıb doyunca içəm.
Üçtəpə laylası düşüb könlümə,
O gədikdən aşan, o dikdən keçən.

Çıxam istədiyim bulaq başına,
Orda gözəl var ki,keçilən deyil.
Dolçanı doldurub çəkəm başıma,
Burdakı şor sular içilən deyil.

O sərin çeşmənin durna gözündən
Məhəbbət boylanır, sevgi boylanır.
İsti dodağımla buz tək üzündən
Doyunca qoy içim, ciyərim yanır.

O görkən bulağın başında mən
Cavanlıq atını çox oynatmışam.
Gərdəyim olubdu duman daən ,
Sürüşkən dağların üstə yatmışam.

Bu duzlu küləklər yorub beynimi,
Zəhləmi tökübdü qazın qoxusu.
Orda bir balaca meh əsən kimi
Qonardı gözümə səhər yuxusu.

Görən o yerlərə yağış yağırmı,
Günəş birçəyini tökürmü düzə?
Səpdirə bilmirəm baxışlarımı.
Baxışım boylanır öz kəndimizə.

Baxışım boylanır öz kəndimizə,
Gözüm baxça gəzir, gözüm dağ gəzir.
Nadanlar çar-çarpaz dağ çəkdi bizə,
Naşılar dünyada hələ sağ gəzir.

Görən qayıdırmı o qızıl payız,
Almanın yanağı gözəl olurmu?
Bir xəzan küləyi əl tərpədəndə,
Yarpaqlar tökülüb xəzan olurmu?

Bu şirin arzular məni doyurdu,
Xəyal dünyasında kəndimi gördüm.
Gəzdim qarış-qarış, gəzdim o yurdu.
Dağılmış bərəmi, bəndimi gördüm.

Qadir Allah, qaytar məni kəndimə,
Bir gözəlin üzüyünə qaş olum.
Möhtac olum öz çayıma, qəndimə,
Öz elimdə payız olum, qış olum.

Oranın payızı, qışı doğmadı,
Orda göz açmışam fani dünyaya.
Oranın torpağı, daşı doğmadı,
Orda boylanmışam Günəşə, Aya.

Orda çüçəribdi ilk məhəbbətim,
Sevgimin qanadı sərtləşib orda.
Orda şirinləşib sözüm, söhbətim,
Nənəm nənələrlə dərdləşib orda.

Orda qalıb dəli-dolu gəncliyim,
Qış gəlməmiş gülşənimi qar alıb.
Yuxum qaçıb, yoxa çıxıb dincliyim,
O alovlu tərlan gözüm qaralıb.

Ümidlə yaşadım ötən illəri,
Ümidlə yollara dikdim gözümü.
Yadıma saldıqca ötən illəri,
Durub danlayıram özüm-özümü.

Mən nəyə qadirəm, bilmirəm nəyə?
Bir ovuc torpaq da ola bilmirəm.
Mənim haqqım varmı deyib gülməyə,
Yurdu yağılardan ala bilmirəm.

Başımın altına yastıq qoyanlar,
Qaşı düzəldəndə gözü tökdülər.
Təkcə öz haqqına qalan nadanlar
Üstümə «qaçqınlıq» tozu tökdülər.

On ildir həsrətəm qartal qıyına,
Bülbül naləsinə, kəklik səsinə.
Hay verə bilmədim evin hayına,
Çatmadım babamın son nəfəsinə.

Babam üz qoyduğu müqəddəs torpaq
Bugünkü dərdimdi, ahı-zarımdı.
Xəyanət əliylə qaralan çıraq
Mənim nakam qalan arzularımdı.

Kəsmə kərəmini, kərəm sahibi.
Mənə cəsarət ver, mənə inam ver.
Mənəm qəm sahibi, vətən sahibi,
Yurdu qaytarmağa bir az güman var.


Ümid ver, Ya Rəbbim , ümid ver mənə,
Yaman zədələnib elin bir yanı.
Yağını əzəməyə əmud ver mənə,
Koroğlu babamın əmudu hanı?

Dözümlü millətim, sənsən pənahım,
Özgədən yarama məlhəm olmadı.
Düşmən əlimdədir Molla Pənahım,
Bu qədər hicrana səbrim qalmadı.

Özgədən-özgəyə söz deyən çoxdur,
Özgədən kar aşmaz, sən oyanmasan.
Özgə deyiminin kəsəri yoxdur,
Halına kim yanar, özün yanmasan?!

Mənə şəfa vermir özgə dərmanı,
Özgə umuduna qalmaq əbəsdir.
Qaçaq Qardaşxanın, Nuruşum hanı?
Yağının nazıyla oynadıq bəsdir!

Bizi bağışlamaz dədə Ələsgər,
On ildir ustadım intizardadır.
Bizi bağışlamaz açılan səhər,
                                     Ulu Zəngəzurum hələ dardadır.

Dilim söz tapmayır, ürəyim aram,
Gözüm seçə bilmir əyrini, düzü.
On ildir qövr edir, sağalmır yaram,
On ildir dəyişmir dünyanın üzü.

Həsrətə dözməyib sel kimi axır,
Yarpaqlar bağların göz yaşlarımı?
Göydən od ələnir, ildırım çaxır,
Çatılan dağların buz qaşlarımı?

Dəyib gülüstana bayquş nəfəsi,
Leyləklər yuvadan köçüb gediblər,
Çöllərdən azalıb quşların səsi,
Durnalar çəməndən küsüb gediblər.

On ildir yaylaqlar yol gözləyirlər,
Arxacı cığırı, yolu itibdir.
On ildir çeşmələr sızıldayırlar,
«Ceyran bulağında» kol-kos bitibdir.

İndi «Yargələn» yol yarsız qalıbdır,
Səhənglər söykənmir bulaq daşına.
On ildir zirvələr qarsız qalıbdır,
Duman da heç gəlmir dağın başına.
                                     Dillər əzbəriydi bir vaxt Xanbağı,
İndi yaxasından qəm asılıbdır.
Quruyub budağı solub yarpağı,
Günün kirpiyindən qəm asılıbdı.

Yaman qəribsəyib Şuşa, Xanqızı,
Çıdıra çıxan yox Çıdır düzündə.
Zildən bəmə enib Talıbın sazı-
İstəyi, həvəsi, kamı gözündə.

Ağdamın bazarı çıxmaz yadımdan,
Axtarsan tapardın quş südü orda.
Halal mayasına haram qatdılar,
Hava cansıxıçı tüstüdü orda

On ildir yaz gəlmir «Yazı» düzünə,
On ildir qəzəbim yanır içimdə.
On ildir bəduğur düşüb üzümə,
On ildir hikkədən donur içim .

Məni yandırdılar, məni yaxdılar,
Məni qıyma-qıyma doğradı yağı.
Məni diri-diri şişə taxdılar,
Ağlımı başımdan oğradı yağı.

On ildə qədər oğul itirdik,
Qəm ilə yoğruldu ömürgünümüz.
Vüsal baxçasında hicran bitirdik,
Allah, yasa döndü toy-düyünümüz.

Dünyaya sığmadı əlllərin dərdi,
Günüş çiçəkləndi qız dodağında.
Bağların barını özgələr dərdi,
Gəlin saç ağartdı bəy otağında.

Toyu qara gəldi bir gözəlin ,
Habil kamançada çaldı bu dərdi.
Bayatı dilində, layla dilində,
Nənəm ürəyinə saldı bu dərdi.

Bir ata arzusu qəflətən soldu,
Bir körpə dadmadı ata tamını.
Bir ana vətəndə vətənsiz öldü,
Bir gözəl almadı ehqin kamına.

Təsəlli verdilər gəlib gedənlər,
Ay da xəbər tutdu yerin ahından.
Göz yaşı tökdülər qızlar, gəlinlər,
Namərdin, nakəsin sərt günahından.
                                     Nişan getməliydi bir qıza sabah,
Qapının ağzını kəsdi bəd xəbər.
Üfüqün köynəyi qan oldu, Allah
Buludlar ağladı səhər qədər.

Hələ qurumamış toyun xınası,
Bacının əlləri bulandı qana.
Gəldi qarodaşının əsgər sovxası
Saç yoldu, üz çırdı, üzüldü ana.

Günbəgün çoxalır saçlarımda dən,
Beynim dincəlməyir bircə an belə.
Hələ ayazımır duman, çən.
Üzür qan içində bu cahan belə.

On ildir heç yanda göyərmir sözüm,
On ildir boy atmır bağımda bitən.
Özüm qalxmalıyam cihada özüm,
Yadların əlində yesirdi Vətən.

Canımı verəcəm yüzünə qurban,
Qoy yüzü yaşasın yurd yuvasında.
Yaxın gəl, el oğlu, gözünə qurban,
Bəstir yaş axıtdıq elin yasında.

Əsgər toqqasını bir az da bərkit,
Götür tüfəngini döyüşə gedək.
Vətəni, torpağı namusu dərk et,
Nətavan xanımla görüşə gedək.

Hoydu, igitlərim, düşmənə qarşı,
Qisas qiyamətə qalmasın gərək.
Doğma yurdumuzun bircə qarışı,
Yağı tapdağında olmasın gərək!!!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri