Qaldı


                Qaldı

Heyif «Arzubulaq», heyif «Ağbulaq»,
Mıkırtıça qaldı, Xaçoya qaldı.
«Qaybalı təpəsi», «Çobanqayası»,
Totuşun dığası Vaçoya qaldı.

Çəkdilər qabağa hər daş ürəyi,
Əyildi kəndimin orta dirəyi.
Nadanlar itiridi duzu, çörəyi,
«Catallar» naxırçı Daçoya qaldı.

Bəzən dönük çıxdı qardaşa, qardaş
Özgəyə yem olduq, özgəyə sirdaş.
Hanı «Ballıdərə», hanı «Qoşundaş»,
«Balabəy» çuxuru Saçoya qaldı.

Görən kim küsdürdü obanı, eli,
Bizə divan tutdu xəyanət əli.
«İşıqlıdağ»ının çiçəyi, gülü,
Hayqanuşa qaldı, Maçoya qaldı.

Xaçolar kəsdilər bəndi, bərəni,
Kürkümə saldılar biti, birəni.
Saxlaya bilmədik «Daşlıdərəni»,
«Cəfərli» künbəzi Açoya qaldı.

Qarğa Zəfər çaldı, Şahin basıldı,
Yaltaqlar, naşılar yada qısıldı.
Mərdin ürəyindən zindan asıldı,
«Qaraçıkahası» Çokoya qaldı.

Talan-taraş oldu igidlər yurdu,
Namərdlər, quldurlar belimi qırdı
«Haylar» buxovladı qonşumuz «Qurdu»,
«Çuxurbulaq», «İtuçan», Meşəyə qaldı.

Vicdan dəllalları vicdanı satdı
Aslan oylağında çaqqallar yatdı.
Köhlənin yerişi qatıra çatdı
Dəvənin ovşarı köşəyə qaldı.

Tarix cilov yedi, insan qudurdu,
Namərdlər mərdləri arxadan vurdu.
Gör kimin yerində kimlər oturdu
Bülbüllü bağçalar «Köşəyə» qaldı.

Bir zaman yaylaqlar bələdi bizi,
Gərdiş ələyində ələdi bizi.
Kim eldən, obadan elədi bizi,
Bircə ümidimiz qılçaya qaldı.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri