Dördlüklər


Dördlüklər

Daşda dözüm vardır yağışa, qara,
Dostlar istəmirəm ürək daş olsun!
İstərəm dünyada hamı mehriban,
Can deyib eşidən dost, sirdaş olsun.

Əzəldən belədir hökmü zamanın,
Bahar qış nəfəsli olmaz heç vədə
Hərə yuvasında gələr dünyaya
Bayquş xarabada, qartal zirvədə.

Baxıb uşaqlara qibtə edirəm,
Deyirəm kaş uşaq yaşım olaydı.
Qotazlı cantamla dərsə gedəydim,
Indi ki düşünən başım olaydı.

Sənin yadındamı o axşam çağı
Sənə gül uzatdım könül bağından.
Coşdu ilhamının sızqa bulağı,
Təbəssüm süzüldü gül dodağından.

Yağının içində qaynayır zəhər,
Başım girləyir indi bir təhər.
Az qalıb, daşlara çırpılacaqdı,
Köhlənin belindən əyilib yəhər.

Vətən deyə-deyə can getdi bada
Görən candan şirin nədir dünyada?
Ölsəm el yolunda halaldır qanım,
Gəzdiyim oylaqlar qalmasın yada.

Vətən mənə əziz, müqəddəs ana,
Varımda, yoxumda peşkədir ona.
Vətənin yolunda qurbandı canım,
Fidan çiçəkləri batmasın qana.

Çıxa ürəyimdən həsrət tikanı,
Öz doğma elimdə bəsləyəm canı.
Bir də gülşəmimə sazaq əsməsin,
Bir də tökülməsin ərlərin qanı.

Sönən çıraqları yandırmaq çətin,
Vətən yanğısından yan durmaq çətin.
Yüz ildir sağalmır sözün yarası,
Cəllad baş kəsəni qandırmaq çətin.

Ayılmır, daş kimi yatıbdı dünya,
Yaxşını yamana qatıbdı dünya
Indi də yuxusu ərşə çəkilib,
Nə qədər günaha batıbdı dünya.

Haqsızlıq atəşi məni dağlayır,
Ahımdan daş yanır, dağlar ağlayır.
Iyirmi beş ildir düyün açılmır,
Yolkəsən namərdlər yolu bağlayır.

Qəflət yuxusundan açıla gözüm
Hövsələm tükənib, qalmayıb dözüm.
Özgədən mən imdad gözləmirəm də,
Özüm qalxmalıyam cihada özüm.

Canım ciyərimsən Vətən, ay Vətən,
Sənə göz dikibdi hər yoldan ötən.
Düşmənin başına alov tökərəm,
Qoymaram gülümü qoxlaya yetən.

Sən mənim vüqarım, başımın tacı,
Sən mənim çəkdiyim dərdin əlacı.
Sinəmə məlhəmdir, yarama dərman,
Vətənin horrası, aşı, umacı.

Minəm yel yerişli atın belinə,
Sürəm yavaş-yavaş doğma elimə.
Eşqin xumarlığı məst edə məni,
Əlim çata nazlı yarın əlinə.

Nicat qapısına tapılan açar.
Bir yandan bağlayan, bir yandan açar.
Niyə igidlərim kənardan baxır,
Tikanı barmaqdan iynə çıxardır.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri