Gəlir
Gəlir
Allah, Allah gələnə bax, gələnə,
Yağıb sinəsinə təzə qar, gəlir.
Dodağından şirin gülüş süzülür,
Min naz ilə o vəfalı yar gəlir.
Xeyli vaxtdır yadırğayıb can cana,
İnsafdırmı həsrət qala can, cana
Gözəl olur qovuşanda can, cana,
Zəifləmiş gözlərə də nur gəlir.
Ürəyimi eyləyibdi yar yara.
Təbib qardaş, götür nəştər yar, yara.
Cəhd eylədi, çatammadı yar yara
Bu gen dünya yarsız mənə dar gəlir.
Lələdağın yeri-yurdu hayandı,
Eşq oduna ha alışdı, ha yandı.
Əvəz gəlib yaman yerdə dayandı,
Didəsinə yavaş-yavaş tor gəlir.
Комментарии
Отправить комментарий