Külək
Külək
Hərdənbir suların üzünü üflər,
Gah tozu çevirər dumana külək.
Gah qalxıb buludu göy xırmanında,
Heşanlar o yana, bu yana külək.
Dəcəl uşaq kimi bağlara dolar,
Armudu silkələr, almanı yolar.
Güllərin içinə vəlvələ salar,
Qalxar ağacların boynuna külək.
Quşları üçürdar koldan, budaqdan,
Pozub növrağını, ayrılar bağdan.
Qurd kimi təpinib dumanı dağdan,
Endirər yamaca, yarğana külək.
Hər güldən, çiçəkdən ətir götürər,
Özünü obaya, elə yetirər.
Günün qızmarında
yığıb gətirər,
Dağın havasını arana külək.
Gah da bir köhlənin belinə yatar,
Gəlib çölə çatar, çəmənə çatar.
«Hicranın», «həsrətin» daşını atar
Dolar qız-gəlinin qoynuna külək.
Комментарии
Отправить комментарий