Tez qayıt geri


Tez qayıt geri

Pəhləvan cüssəli, bir qurd ürəkli,
Bir pələng biləkli, enli kürəkli.
Yeri tərpədərdi getdiyi zaman,
Kimsə inciməzdi, küsməzdi ondan.
Getdiyi qapıda qan bağlanardı,
Qaranlıq evlərdə çıraq yanardı,
Allah bə etmişdi varı, dövləti,
El-oba yanında vardı hörməti.
Bir könül sındırmaz, qəlbə tozunmaz,
Başqası tək az qazanıb çox ummaz.
Dağlardan süzülən nurdu, işıqdı,
Məclis mərəkədə bir yaraşıqdır.
Qurub yaratmağa eşqi tükənməz,
Zəhmətdən od alıb, alovu sönməz.
Bilir dostun yerin, düşmənin yerin,
İstiyə istidir, sərinə sərin.
Yöndəmsiz danışmaz, mənasız gülməz
Kin, küdrət bilməz, ədavət bilməz.
Hamıya arxadı, dağdı, dayaqdı,
Nahaqa heç vədə deməz ki, haqdı.
Tale yazısı var hər bir insanda,
Bəzən suya dönür damarda qan da.
Bir gün eşitdim ki, ağsaqqal çaşıb
Özü də bilmədən həddini aşıb.
Düşübdü çöllərə o divanədir,
Qohuma-qardaşa ta biganədir.
Əlli üz görənlə aran, dağ gəzir,
Çeşməni bəyənmir, buz bulaq gəzir.
Aludə olubdu eyşə, işrətə,
Qaynayıb qarışmır bu cəmiyyətə.
İlahi! Bilmirəm bu necə andı,
Namərd ilqar pozdu, əhdini dandı.
Biri atdan, düşdü, biri atlandı,
Yanan odsuz yandı, ocaqsız yandı.
İçimdə pas atıb arzular min-min,
Sönməyir alovu, gözü dərdimin.
Axır gözlərimdən axır qanlı su,
Nələr törətmədi elin qanlısı.
Nə qədər dərd olar bircə ömürdə
Ürək tab edərmi bir belə dərdə?
Enişi enirəm, yoxuş qurtarmır,
Buludlar seyrəlir, yağış qurtarmır.
Gecələr sübhədək oyaq qalıram,
Dərin düşüncəyə fikrə dalıram.
Bir az daşıyıram aranı dağa,
Niyə gedəmmirəm doğma torpağa?
Yataqdan qalxıram dan sökülməmiş,
Gülün ləçəyindən şeh tökülməmiş.
Gəlir qulağıma quşların səsi,
Oyanır içimdə gənclik həvəsi.
Bir azdan göylərin nazlı gəlini,
Günəş məhəbbətlə sıxır əlimi.
Təbiət geynir atlaz, zərxara,
Külək sığal çəkir uca dağlara.
Hərdən qərq oluram güşüncələrə,
Görən darıxırmı o dağ, o dərə?
Kədər kölgəsini saldı üstümə,
Həsrət tüğyan etdi, qaldım pis günə.
Daş kimi yatıbdır oyanmır bəxtim,
Qəm-qüssə içində qurulub taxtım.
Qəlbimdə kədərdən yas qururam mən,
Niyə qurtarmıram  hicran əlindən?
Niyə son qoyulmur aha, fəryada,
Niyə yurdumuzdan sovuşmur qada.
Məni mərd böyüdüb öz doğma anam,
Yaxşıya yaxşıyam, yamana yaman.
Fələkdən aldığım yara dərindi,
Mən mətləb üstünə gəlirəm kidi.
Onun əməlindən el zara gəldi,
Bir gün qohum-qardaş qərara gəldi.
Məsləhət oldu ki, bir  sözü keçən,
Onu xilas etsin afat yelindən.
Bir uyğun gün seçdi o gözəl insan,
Eldə qazanmışdı çox yaxşı ad-san.
Qəzəb xəncərini qoydu qınına,
Ümidlə yollandı onun yanına.
Dedi:-sözlərimə yaxşı qulaq as,
Bu işin axırı uğurlu olmaz.
Sənin əməlindən el olub agah,
Belə haqsızlığı götürməz Allah.
Gəl bizə güldürmə dostu, düşməni,
Gəlmişəm yanına, sevindir məni.
Çalış qınaqlardan biz azad olaq,
Ürəkdən sevinək qəlbən şad olaq.
Kimə uyduğunu bilirsənmi sən?
Səni bağışlamaz anamız Vətən.
Ayağı sürüşkən olan bir qadın,
Həmişə batırıb kişinin adın.
Dualı dilində min hiylə, kələk,
Batində iblisdi, zahirdə mələk.
Gedib eşqə görə arın-ismətin,
Səndən uzaq gəzir indi qismətin.
Dürdən qiymətliydi bir vaxt hər sözün,
Necoldu qəlbləri isidən közün?
Bu eşqin sədası düşüb dağlara,
Oğul fərhad kimi gərək dağ yara.
Eşqin məcarəsi elə yayıldı,
Qəflət yuxusunan hamı ayıldı.
Kişi də atarmı namusu, arı,
Olmaz namussuzun namuslu yarı.
Bir xoruz girərsə özgə bir hinə,
Xoruzluq edəmməz öz fərəsinə.
Bir donuz qızanda istər on qaban,
Özünü şəhvətdən qoru hər zaman.
Göstər, bacıları barmaqla göstər,
Birində namusdan qalmayıb əsər.
Niyə xırdalandın, niyə alçaldın,
Əlli üz görəni qoynuna aldın.
Yeyir qaz kababı, əmlik kababı,
Yadların yanında içir şərabı.
Mərifətdən kəsatdı sevdiyin zövcə,
 Gövhər mücrüsünü  kim açır gecə?
O kəndin tanınmış köhnə ağsağı,
Gətirib caladı sənə sarsağı.
Hap-gopla başlayıb söylədi nadan,
«Hazıram qulluğa, ağam, hər zaman».
Burda bir gözəl var işvəli, nazlı,
Bir «mələk simalı» bir xoş avazlı.
Sən də bu kələyə tezcə aldandın,
Məhəbbət oduyla alışdın yandın.
Zəhərli bitkini becərsən də sən,
Ondan dadlı meyvə dərə bilmərsən.
Özgə tikanıyla tökmə gözümü,
Üz görən qadından gözlə özünü.
Eşqin xumarlığı məst edib səni,
«Məhşurla» yamanca dost edib səni.
Caduya, pitiyə öyrəşib əli,
İlanı yuvadan çıxarır dili.
Oğru libasında dönür doğruya,
Bir azdan bənzəyər mahir oğruya.
Min şeytan fitnəsi oynar gözündə,
Hiylədən göz yaşı qaynar gözündə
Doymur mirvaridən inci qaş-daşdan.
Alıbdı faşihə ağlını başdan,
Kücə qadınıydı, indi «xanımdı»
Deyir:- bu məhəbbət din imanımdı.
Hər gün fitnə ilə girir min dona,
Sən də bağlanmısan sidq ilə ona.
Deyir:-bu dünyada varlığım sənsən,
Gözümü yumsam da gözlərimdəsən.
Ürəyi daşdandır üz görənlərin,
Bədəni iylənər çürüyənlərin.
Gözündən çağlayıb axar göz yaşı,
Kirpiklər sırğa tək taxar gözyaşı.
Ömür-gün keçirib qocalır insan,
Namusda,  qeyrətdə ucalar insan.
Aludə olduğun o gözəl pəri.
Çalışdı, öyrəndi bütün sirləri,
Sənin pullarını çin-çin eylədi.
Oğlunu, qızını zəngin eylədi,
Üstündən kəsmirsən bir an kölgəni.
Ovsuna salıbdı o qəhbə səni,
Min hiylə işlədib azı yüz kərə.
Dilini öyrədib böhtana, şərə,
Otlardan düzəldir min cürə dərman.
Sənə yedizdirir onları hər an,
Dərmanla qalsaydı insan dünyada.
Təbiblər yaşardı asan dünyada,
Sənə yaraşırmı ahıl çağında.
Keçib oturursan bəy otağında,
Allah əta edib sənə oğul, qız.
Niyə bu çağında olmusan arsız?
Nəvən aşiq olsa onun yeri var,
Deyərlər cavandır cavana olar. 
Qocanı güzəştə getməzlər qəti,
Yer-göydə götürməz bu əziyyəti.
Doğma övladların gəlibdi cana,
Nə günah işlədib zavalı ana?
Sənə bə eləyib oğul, qız payı,
Əlindən nə gəlir ondan savayı.
Şəhvətin əsiri olmusan niyə,
Mənalı ömrünü verdin küləyə.
Ağlını başına cəm elə, gəl sən,
Nəvə-nəticənlə danışıb gül, sən.
Bizə kafir kimi zülm eyləyirsən,
İnsafsız, mürvətsiz yaranmısan sən.
Necə də zalımsan əzizlərinə,
«Bici» götümüsən oğul yerinə.
Çürümə başlayıb nəslin içində,
Aləmə car olub əslin, için də.
Məqamdır, gəl oyan div yuxusundan,
Yamanca tutubdur gözəlirini qan.
Əgər varlısansa bəs varın hanı,
Yolunda can qoyan öz yarın hanı?
Əllərdə talanır varın, dövlətin,
Dərindən bir düşün, nədir niyyətin.
Hər şeyi qahbəyə qurban verirsən,
Kimlərin canına qəsd eyləyirsən.
Gözlərin qapanıb heç nəyi görmür ,
Bağının meyvəsin öz yarın dərmir.
Səhər yeməyini o verir sənə,
Axşamlar fırlanır həndəvərinə.
Bir öynə günorta orda yeyirsən,
Niyə qazancını  kül eyləyirsən.
Üç qız bədbəxt edib istəkli «oğlun»,
Dağları, daşları gəzirsən yorğun.
Bəlkə and içmisən günəşə, aya,
Məcnun tək düşmüsən quru səhraya.
Niyə utanmırsan ahıl çağından,
Niyə çəkinmirsən el qınağından.
Canın gücü gedib yaddaş azalıb,
O zəngin xəzinədən qaş-daş azalıb.
«Dağdan hey götürüb desən ki, çoxdu,
Bir də görərsən ki, dağ özü yoxdu».
Varını, pulunu tökürsən çölə,
Səni möhkəm tutub qurulan tələ.
Məəyi bilinmir, kökü bilinmir,
Getdiyin karvanın yükü bilinmir.
Həyatın tələbi belədir məncə,
Qadının keşiyin ər çəkər gecə.
Qazandığın hörmət-izzət yox oldu,
İtirdiyin tapdığından çox oldu.  
Gənclər üz döndərib əzizim, səndən,
Sənə nifrət ilə baxırlar gendən.
Deyirlər qızıyla çıxıb gəzməyə,
Onun səbəbini soruşma niyə.
Çalış yan-yörənə yaxşı-yaxşı bax,
Biclər yandıracaq gorunda çıraq?
Çalış bu səfərdən, tez qayıt geri,
Qurusun alnımın xəcalət təri.



 Əvəz Mahmud Lələdağ


 


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri