Seçilmiş Şeirlər
Yaşa,
qardaş
Aşıq Abbas Zərgərə.
Tərifləmə çox da məni,
Yaşım keçib qışa, qardaş.
Gözəllərin məclisində,
Çəkilmirəm başa, qardaş.
Könül bağım saralıbdı,
Eşq ocağım qaralıbdı.
Saçlarımı qar alıbdı,
Qızlar baxır başa, qardaş.
O göy meşə, yaşıl tala,
Bir də bizə qismət ola.
Sarı bülbül layla çala,
Mən də gedəm huşa, qardaş.
Mən vurğunam saza, sözə,
Bıçaq batsın yaman gözə.
Az etmədi yadlar bizə,
Oxum dəydi daşa, qardaş.
Hanı təbib, hanı loğman,
Gəlib dərdə edə dərman.
Mən olmuşam qəddi kaman,
Necə gəlim xoşa, qardaş.
Az qalıb ki, üç il ola,
Biz həmdəmik qalmaqala.
Sədəfli saz haray sala,
Mənim təbim coşa, qardaş.
De mən hara, bu yer hara,
Tapılmadı dərdə çara,
Mən yarandım bəxti qara,
Sən ağ günlə yaşa, qardaş.
Gör bir nəyi dərd edirik,
Namərdləri mərd edirik.
Xeyli vaxtdır yol gedirik,
Nadanlarla qoşa, qardaş.
Çoxlarına bəxt düşübdü,
Bəxt olana taxt düşübdü.
Bu gərdişdə çox düşübdü,
Əvəz bərkə-boşa, qardaş.
Corata gəl,Corata
Dostum Əbil Kərimova
Könlüm səni istəyir,
Corata gəl, Corata.
HiCran qəddimi əyir,
Düş yola yata-yata,
Corata gəl, Corata.
İntizar qalıb gözüm,
Bir külək ol, əzizim.
Qəlbimizdə əs bizim,
Bacar bircə saata,
Corata gəl, Corata.
Baharın oğlan çağı,
Ətir götürür bağı,
Gəzməyə axşamçağı,
Çay içməyə günorta,
Corata gəl, Corata.
Çox gözəldir havası,
Hər dərdə var davası.
Gözəllərin yuvası,
Səfalı bir kurorta,
Corata gəl, Corata.
Çox şey demirəm hələ,
Desəm çəkər bir ilə.
Gəl bir enək sahilə,
Mat qalarsan büsata,
Corata gəl, Corata.
Hər tərəfdə gül-çiçək,
Çiçəklər ləçək-ləçək.
Təzə moruq, çiyələk
İlk butadır, ilk buta,
Corata gəl, Corata.
İstəmirəm payını
Tapmamışam tayını.
İlin bütün ayını
Darıxırsan, sal yada,
Corata gəl, Corata.
Ürəyim
Ahıllığın
dürlü- dürlü dərdinə,
Tab
gətirə gərək dözə ürəyim.
Yön
çevirə insanların mərdinə,
Nakəslərdən
əlin üzə ürəyim.
Zalım
fələk yaman durub qəsdimə,
Gecə-gündüz
kədər yağır üstümə.
Bu
çağımda məni qoyub pis günə,
Bəd
övlad tək baxmır sözə ürəyim.
Beynim
yatmır yuxum ərşə çəkilir,
Ömrüm-günüm
ilmə-ilmə sökülür.
Şux
qamətim yumaq kimi bükülür,
Az
qalır ki, məndən bezə ürəyim.
Gülşənə
səfərim tay başa çatdı,
Çiçəkli
baharım sərt qışa çatdı,
Yaşım
qırxı ötüb altmışa çatdı,
İndi
də can atır yüzə ürəyim.
Saç
ağarıb üzüm ağdı deməli,
Hünər
verən bu torpaqdı deməli,
Gözəl
dövran, gözəl çağdı deməli,
Könül verir neçə qıza ürəyim.
Əvəz qocalığı alma vecinə,
Axı onun özü nədi, gücü nə?
Məhəbbətin gücünə bax, gücünə,
Eşqə düşür təzə-təzə ürəyim.
Gəlmədin
(Nərçə Ağayevə)
Üzü
dönmüş, dönük çıxdın niyə sən?
Gözəl
günə, gözəl çağa gəlmədin.
Baxışlarım
hey zilləndi yoluna,
Baxdım
sola, baxdım sağa gəlmədin.
Bizi
görüb baş götürüb qaçdı qış,
Pəncərəmi
döyəclədi gur yağış.
Gözəlliyi duyanlara min alqış,
Nabran
kimi bir ovlağa gəlmədin.
Səhər
yedik kərə yağla yumurta,
Süfrəmizə
balıq gəldi günorta.
Heç
bilmədik necə keçdi gün orda,
Zalım
oğlu, kef-damağa gəlmədin.
Vətən
deyib nalə çəkir Lələdağ,
Ayı
parlaq, ulduzları çilçıraq.
O
dağlardan tutammayıb bir soraq,
Görmədiyin
bir yaylağa gəlmədin.
18.01.2005
Nabran
Zaman
Üzünü görməyib adını eşidənlər
məndən soruşdular:-Kimdir
Zaman?
Qayğıkeş, cəfakeş, varından keçən,
Mehriban,
səmimi insandı Zaman.
Dağ-aran
gəzmişik, yoldaş olmuşuq,
Yaxşını,
yamanı duyandı Zaman.
Bir
könül sındırmaz, qəlbə toxunmaz,
Başqası
tək az qazanıb çox ummaz.
Heç
vaxt harınlayıb yolunu azmaz,
Böyüyü,
kiçiyi sayandı Zaman.
Dağlardan
süzülən nurdu, işıqdı,
Məclis,
mərəkəyə o yaraşıqdı,
Qurub-yaratmağa,
qəlbən aşiqdi,
Daşı
daş üstünə qoyandı Zaman.
Əkinə,
biçinə eşqi tükənməz,
Zəhmətdən
od alıb, alovu sönməz.
Nadan
məclisində gözə görünməz,
Sözünü
düz üzə deyəndi Zaman.
Bilir dostun yerin, düşmənin yerin,
İstiyə istidir, sərinə sərin.
Oturub duranda düşünər dərin,
Dənizdi, dəryadı, ümmandı Zaman.
O, yersiz danışıb, mənasız gülməz,
Kin-küdurət bilməz, ədavət bilməz.
Haqqın ətəyindən əlini üzməz,
Qardaşa, bacıya həyandı Zaman.
Tale yazısı var hər bir insanda,
Bəzən suya dönür damarda qan da.
Ən çətin məqamda, ən çətin anda,
Meydanda mərdanə dayandı Zama.n
Əvəz Lələdağa dağdı, dayaqdı,
Nahaqqa heç vədə deməz ki haqdı.
Dərdi Qarabağdı, qəmi torpaqdı,
Canını Vətənə qıyandı Zaman.
06.07.2007
Xudat, İstisu
Sumqayıt
Bu gözəl şəhərdə bütün yazarlar,
Sənin köynəyindən çıxıb «Sumqayıt»,
Hər kəs öz gözüylə, öz baxışıyla.
Şəffaf yazılara baxıb Sumqayıt.
Nələr görməmisən bu əlli ildə,
Gəlib keçəcəkdir bir əlli il də,
Sənsə gəzəcəksən ağızda-dildə,
Çeşmən könüllərə axıb, Sumqayıt!
Çoxunun yolunda mayak olmusan,
Möhkəmcə dayanan dayaq olmusan,
Təpəsi dumanlı bir dağ olmusan,
Zirvəndə şimşəklər çaxıb, Sumqayıt!
Sənin varlığını de, kim unudar,
Özü unudular hər kim unudar,
Dəli könlüm hərdən eyləyir qubar
Yadlar evimizi yıxıb, Sumqayıt
Mənim Yaradandan bir diləyim var,
Dağılsın buludlar, açılsın yollar,
Deməsəm, a dostlar, dilim lal olar,
Əvəzi köksünə sıxıb «Sumqayıt»
Zavallı
qızın
Səhər-səhər
bir qız çıxdı qarşıma,
Ayağı
olmadı sayalı qızın.
Gözümün
önündə sərildi yerə,
Sinəmi
dağladı o halı qızın.
Sandım
ki, ürəyim çıxdı yerindən,
Qıyğacı
baxışla baxdı yerindən,
Yorğun
maral kimi qalxdı yerindən,
Huşumu
apardı camalı qızın.
Dedim
ki, qəsdinə durmamışam mən,
Taleyin
hökmüdür, ay gümüş bədən.
Dedi:-Heç
xəcalət çəkirsənmi sən?
İçimi
göynətdi sualı qızın.
Dedim
gəl könlümü bahar, yaz eylə,
Mənimlə
aranı bacar saz eylə.
Bu
yazıq bəndəyə az qisas eylə,
Gördüm
ki, dolandı xəyalı qızın.
Əndamı
çürümüş nə xəyal etdi?
Gedib
əhvalatı ərzi-hal etdi.
Ağbirçək
anası qalmaqal etdi,
Həyası
yox oldu, həyalı qızın.
Qızmış
pələng kimi üstümə cumdu,
Məndən
töhfə umdu,məndən pay umdu.
İki
göy kağızla ağzını yumdu,
Məni
düşündürdü amalı qızın.
İl oldu Əvəzin bir günü, Allah,
Yazıldı
tarixə «pir»günü, Allah.
Sevinclə
ərisin hər günü, Allah
Canı
ağrımasın zavallı qızın.
2005
Ana
Donub gözlərində həsrət damcısı,
Baxışın yollardan yığılmır, ana.
Bu qanlı illərin kədər libası,
Neçə illərdi ki, dağılmır, ana.
İynəsi sap tutdu müddahanın da,
Təlatüm başladı böyük cahanda.
Mənə elə gəlir bu gün, bu an da,
Qəlbinin yarası sağalmır, ana.
Canında vahimə, yolçu yol gedir,
Gəlib naşı gedir, əhli-hal gedir.
Yerdə də, göydə də qalmaqal gedir,
Hər sinə dağından dağ olmur, ana.
Ümid çırağı
Ümidli günlərin tutub qolundan,
Götürdün boynuna el qeyrətini.
Gözünü çəkmədən bulaq yolundan,
Ümidlə
yaşatdın məhəbbətini.
Bir birçəyi qara, bir birçəyi
ağ,
Bir üzü qız oldun, bir üzü gəlin.
Gözlərin yollarda qalsa da, ancaq,
Ümidlə əridi eşqin, əməlin.
Sən oğlan ərini yola salanda,
Ardınca ümidlə bir qab su atdın.
Qüssəyə, kədərə həmdəm olanda,
Gözünün yaşını Novluya qatdın.
Səhər salam verdin Arzubulağa,
Axşamlar yolunu bir səmtə saldın.
Deyirəm, ay ana, göz baxa-baxa,
Ümidlər qoynunda yaman qocaldın.
Əl boyda qəlbində dünya əritdin,
Köksündə vəfalı könül saxladın.
Neçə oğul getdi, neçə ər itdi,
Hicranın əlindən qara bağladın.
Bir ümid çırağı yandı gözündə,
Bir ümid şöləsi mayağın oldu.
Ərindən ərmağan qalan körpələr,
Ümidin, əlacın, dayağın oldu.
Olmusan
Keşiyimi
çəkmisən neçə bahar, neçə qış,
Qızmar
günəş altında kölgəliyim olmusan.
Loğmanımsan, ay ana, varlığına min alqış,
Sevincimin mənası, xoş diləyim olmusan,
Qızmar günəş altında kölgəliyim olmusan.
Beşiyimin başında hər cəfaya dözmüsən,
Asılmışam yaxandan budaqdakı bar kimi.
Mənə can deyə-deyə öz canını üzmüsən,
Qara saçın ağ olub zirvədəki qar kimi,
Asılmışam yaxandan budaqdakı bar kimi.
Narahat illər görüb doğma Vətən torpağı,
Düşüb çiliklənibdir neçə sevgi gülüşü.
Sinələrdə iz salıb, ana, hicranın dağı
Qiyamətə qalıbdır neçə qəlbin görüşü,
Düşüb çiliklənibdir neçə sevgi gülüşü.
Keşikdə daynmışam, o narahat illərin,
Anaların gözləri bir də görməsin, ana
Yurdumda pərvazlanan, qönçələnən gülləri,
Ürəyi kin yuvalı yadlar dərməsin, ana!
Yaman günü elimiz bir də görməsin, ana!
Anam yaman qocalıb
Bəyaz qar kimidir şəvə saçları,
Damarlar görünür əlinin üstə.
Düşüb yaxasından sandıq açarı,
Acılıq yaranıb dilinin üstə.
Anam yaman qocalıb.
Bir zaman qulağı darı dələrdi,
İndi yaxını da eşitmir, Allah.
Bizi yoluxmağa özü gələrdi,
Heç kimin evinə ta getmir, Allah.
Anam yaman qocalıb.
Gözü nurdan düşüb, sözü kəsərdən,
Ayağı sözünə baxmayır daha.
Bağrıma basıram mən onu hərdən,
Qavıza dönübdü o mina
gərdən,
Həyətə,bacaya
çıxmayır daha.
Anam yaman qocalıb.
Bir vaxt Fərhad kimi daş oyan anam,
Bu gün əsasına ümid bağlayır.
Bir ana ömrünü yaşayan anam,
Qəlbində el dərdi daşıyan anam,
Dərdini, sərini xəlvət saxlayır.
Anam yaman qocalıb.
Könlündən keçəni deyə bilməyir,
Günahı günahsız gəlində görür.
Könlü istəyəni yeyə bilməyir,
Təqsiri taqətsiz əlində görür.
Anam yaman qocalıb.
Yapağı darıyan, güzəm darıyan,
Əriyib-əriyib yumağa dönüb.
Oğuldan yarıyan, qızdan yarıyan,
Təzə iməkləyən uşağa dönüb.
Anam yaman qocalıb.
Gecələr daşıyır aranı dağa,
Gündüzlər boylanır Vətənə sarı.
Əyilir müqəddəs ulu torpağa,
Ömürdən bac almış bu qoca qarı.
Anam yaman qocalıb.
Bəzən on taxtadan tuman tikərdi,
Kişmirdən dizdiyə göbə qoyardı.
Sabun tapmayanda soğan suyuyla,
Bir də qarağanla paltar yuyardı.
Anam yaman qocalıb.
Hərdən yeddi tuman,
hərdən on tuman,
Geyinib süzərdi toyda, düyündə.
Qalxardı yataqadan söküləndə dan,
Beş kişi işini görərdi gündə.
Anam yaman qocalıb.
İndi dizdiyini güclə saxlayır,
Gümüş kəməri də belində durmur.
O şümşad barmaqlar
heydən düşübdü,
Əlinə aldığı əlində durmur.
Anam yaman qocalıb.
Bəzən də otlarla ip boyayardı,
İtburnu gazalı kara gələrdi.
Narın qabığını ayrı qoyardı,
Hazır kələfləri yarı bölərdi,
Anam yaman qocalıb.
Nehrə çalxayanda, motal basanda,
Məni çağırardı işin üstünə.
Eymənin mürtünü təmizləyərdi,
Ehmalca yıxardı daşın üstünə.
Anam yaman qocalıb.
Yolu gedəndə də yeyin gedərdi,
İndi on addım da uzaqdır ona.
Hər dərddən betərdi qocalıq dərdi,
Yayın qızmarı da sazaqdır ona.
Anam yaman qocalıb.
Artıq təntiyibdi ömrün qatarı,
O mənzil başına çataçatdadı.
Bax, budur dünyanın son etibarı,
Kimsə deməsin ki, məndən adladı.
Anam yaman qocalıb.
Bu nə dərddir anam çəkir, ilahi!
Bir
otaqdı, bir yataqdı, bir də o,
Necə dözür, dözülməyən dərdə o?
Vətən deyib, nalə çəkir burda o,
Bu nə dərddir anam
çəkir, ilahi!
Mənə bu aləmdə yoxdur yer, anam,
İnsan öz elində toxdayır, anam.
Xanım-xatın
anam, ixtiyar anam,
Bu nə dərddir anam
çəkir, ilahi!
Dağlar onu gəzir, o da dağları,
Axtarır gördüyü buz bulaqları.
Odunu söndürər bir az dağ qarı,
Bu nə dərddir anam
çəkir, ilahi!
Bükülüb yumaq tək o şux qaməti,
İçini göynədir vətən həsrəti,
Elin ağbirçəyi, elin sərvəti,
Bu nə dərddir anam
çəkir, ilahi!
Dinməyəni dindirərdi bir zaman,
Gülməyəni güldürərdi bir zaman,
Ərgənləri öldürərdi bir zaman,
Bu nə dərddir anam
çəkir, ilahi!
Bağrı çatlayardı deyib-gülməsə,
Narahat olardı bizə gəlməsə,
İndi güzar edib gedər-gəlməzə,
Bu nə dərddir anam
çəkir, ilahi!
Yanır çırtım-çırtım
odsuz, ocaqsız,
Yeməklər olubdu ağızında dadsız,
Nə
pul kara gəlir, nə
oğul, nə qız,
Bu nə dərddir anam
çəkir, ilahi!
Onun saf qəlbində insaf olardı,
Bulanıq su görsə, su durulardı,
Bir vaxt yeriyəndə yer yarılardı,
Bu nə dərddir anam
çəkir, ilahi!
Biganə sanmaram özümü ona,
Xəlvətcə deyərdim sözümü ona,
Qurban eyləyərəm gözümü ona,
Bu nə dərddir anam
çəkir, ilahi!
Baha aldığımı ucuz satıram,
Dərdimin qoynunda dərdlə yatıram,
Onu qəmli görüb qəmə batıram,
Bu nə dərddir anam
çəkir, ilahi!
Mənəm bu dünyadan küskün,
bəxti kəm,
Sinəmdə yurd salıb,
köç
eyləmir qəm,
Hey baxır üzümə gözündə,
şəbnəm,
Bu nə dərddir anam
çəkir, ilahi!
Dad sənin əlindən, a çərxi fələk,
Bu qədər sitəmə dözərmi ürək?
Alma yanaqaları saralıb gül tək,
Bu nə dərddir anam
çəkir, ilahi!
Ey fələk,
gəlmişəm cana əlindən,
Ciyərim dönübdü qana əlindən,
Nəvaziş ıstərəm ana
əlindən,
Bu nə dərddir anam
çəkir, ilahi!
Amandı
Gözüm
görə-görə əriyir anam,
Loğman, bir çarə qıl,
loğman, amandı.
Analı günlərim çıxar əlimdən,
Olmaz əhvalıma yanan, amandı.
Allah, baxışları kömək istəyir,
Qəlbində sözü var demək istəyir.
Bəlkə nəvələrə dəymək istəyir?
Sirrini saxlayır pünhan, amandı.
Oğuldan oğlu var, qızdan qızı var,
Halal çörəyi var, tamlı duzu var!
Hərənin qisməti, bəxt ulduzu var,
Vaxtsız əcəl, toxta, dayan, amandı.
Bədən suya düşən duza dönübdü,
O isti qucağı buza dönübdü!
Yorulmuş gözləri bizə dönübdü,
Kim
olub dünyadan doyan, amandı.
Dağların dumanı, bəyaz çəni var,
Yarpızlı dərəsi, göy çəməni var,
Hərdən soruşurlar:-Neçə sini var,
Ana yaşındadır anam,
amandı.
Taqətdən düşübdü əli, ayağı,
Su kimi süzülür gözünün yağı.
Xəyalı dolanır aranı, dağı,
Anamla yaşayır cahan, amandı.
Bir ünü göydədir, bir ünü yerdə,
Ya rəbb, necə dözür bəndə
bu dərdə.
Qulunam ilahi, bircə ömürdə,
Nə qədər sızlayar insan, amandı.
Tale alasıdı verdiyi canı,
Kim tutub qalacaq fani dünyanı?
Az ağrı çəkərdi anamın canı,
Köçərdi dünyadan asan, amandı.
Səni axtarıram, ana, hardasan?
Neçə gündür səsin, sorağın gəlmir,
Qapısız, bacasız bir qaladasan.
Neçə gündür əziz qonağın gəlmir,
Səni axtarıram, ana, hardasan?
Yataqdan qalxıram dan sökülməmiş,
Dağların döşündən çən çəkilməmiş.
Gülün ləçəyindən şeh tökülməmiş
Səni axtarıram, ana hardasan?
Niyə gözlərimi nəmə öyrətdin?
Niyə ürəyimi qəmə öyrətdin?
Mənim ünvanımı kimə öyrətdin?
Səni axtarıram, ana, hardasan?
Gecəni sübhədək fikirləşirəm,
Oturub dərdimlə hey dərdləşirəm,
Gözümün oxuyla səma deşirəm,
Səni
axtarıram, ana, hardasan
Səni soruşuram ulduzdan, aydan,
Gah yaralı taydan, gah qərib taydan.
Çeşmədə, bulaqda, gözədə, çayda,
Səni
axtarıram, ana, hardasan?
Axı darıxırdın o dağlar üçün,
O haylı-haraylı yaylaqlar üçün.
Suyu diş göynədən bulaqlar üçün,
Səni
axtarıram, ana, hardasan?
Sən getdin elə bil göy silkələndi,
Günəşin istisi yerə ələndi.
Qönçə
açılmamış gül zədələndi,
Səni
axtarıram, ana, hardasan?
İncidim, gəlmədin 70 yaşıma,
Sandım ki, fırlandı dünya başıma.
Niyə həmdəm oldun məzar daşına?
Səni
axtarıram, ana, hardasan?
Bilmirəm heç, kimdən soruşum səni,
Niyə göynətməyir duruşum səni.
Yoxsa torpağına qarışım sənin?!
Səni
axtarıram, ana, hardasan?
Sinəmdə sönməyən bir ocağım var,
Köksümü göynədən hicran dağın var
Sənsiz qan ağlayan Lələdağın, var
Səni
axtarıram, ana, hardasan?
Bu gecə yuxuma girmişdin, ana,
Bu gecə yuxuma girmişdin, ana,
Elə bil yenidən cahana gəldim.
Mənim səcdəgahım, Kəbəm,
Kərbəlam
İnan, dinə gəldim, imana gəldim.
Gedişin salmışdı xal ürəyimə,
Gəlişin süzdürdü bal ürəyimə
Sevinc tapammırdı yol ürəyimə
Can əldən gedirdi, mən
cana gəldim
Uşaqlaşdım, təmizləşdim, duruldum,
Qənşərinə dizin-dizin süründüm.
Gözlərimə daha gözəl göründün,
Mənə hünər verdin ət, qana gəldim.
Dedidən-qodudan gen idim axı,
Arzu-diləyimlə tən idim axı,
Təbibim, loğmanım sən idin axı,
Ümidlə yanına dərmana gəldim.
Əridi,
yox oldu bir dünya dərdim,
Kədərin atını yordum, nə yordum.
Anam, hüzurunda müntəzir durdum,
Tutub ətəyindən peymana gəldim.
Qurban olum yaxşı girdin yuxuma,
Ay illacım, burax məni yaxına,
Bir gül olum
qoy taxılım yaxana,
Allahım, nə gözəl dövrana gəldim.
Fit verib yol gedən qatardı dünya,
Nə qədər dahilər apardı dünya.
Analı dünyamı qaytar, a dünya,
Mən ki ondan ötrü bu yana gəldim
Həm təbibsən, həm loğman
Cəbrayıl Əlinağıyevin 60 illiyinə
Sən altmış qış görmüsən,
Altmış gülüzlü bahar,
Könül sındıran sözdən,
Kənar olmusan, kənar.
Altmış yay əritmisən,
Altmış qızılsaç payız,
Yaratmağa, qurmağa,
Can atmısan aramsız.
Sənin insanlığına,
Şübhə etməyib heç kəs.
Səni loğman eyləyib,
Sənətə olan həvəs.
Qürbətdə də, burda da,
Mən səni dahi sandım,
Sözünü, söhbətini,
Sözümün şahı sandım.
Mənə ümid vermisən,
Hər bir çətin anımda.
Dərdimi bölmək üçün,
Oturmusan yanımda.
Dost-tanışın üzünə,
Həmişə şux baxmısan.
Dostu qalib görəndə,
Əllərini sıxmısan!
Dağ havası udanın,
Ciyəri təmiz olar.
Bulaq suyu içənin,
Dostluğu əziz olar.
Gözlərinə nur verib,
Günəşin nur çeşməsi.
Yuxuna şəkər qatıb,
Çayların zümzüməsi.
Ana südü bərkidib,
Bədənini, canını.
Təmizdən təmiz edib,
Damardakı qanını
Dilində neçə nəğmə,
Qəlbində neçə istək,
Pərvazlanıb uçmusan,
Zirvədəki qartal tək!
Sənin cərrah bıçağın,
Sınaqdan yaxşı çıxıb.
Şəfalı əllərini,
Şəfa tapanlar sıxıb.
Ölümlə çarpışana,
Yeni həyat vermisən.
Dərdli, qəmli ailəyə,
Sən toy-busat vermisən.
Qəlbi kədər odunda,
Yananı qurtarmısan.
Neçə körpə balanı,
Ananı qurtarmısan.
Özünə inanmısan,
İnam olub amalın.
Getdikcə püxtələşib,
Kamilləşib kamalın.
Sən uğurla çıxanda,
O cərrah otağından
Neçə ümidsiz xəstə
Qalxıbdı yatağından
Xalqa xidmət etməyi
Şərəf bilmisən, şərəf.
Zəhmətinlə gül açıb,
Gülşən olub hər tərəf.
Ufuldayan insana
Şəfa vermisən hər
dəm.
Tərpənə bilməyəni,
Qaldırməsan yerindən.
Vətən dərdi tükənsə,
Sevincin aşab-daşar.
Coşğun dağ çayı kimi,
İçində ilham coşar.
Elin kədər-qəmini,
Öz kədərin bilmisən.
Xalqa yaramaq üçün,
Elmi dərin bilmisən.
Yuxu gözündən qaçır,
Axı dardadı Vətən.
Könlün açılmır bir an,
Gülüş də bezir səndən.
Nadanların önündə,
Hər an dik tut başını.
Səfalı Qarabağda,
Keçirək yüz yaşını.
Bir muğamat başlasın
Orda dostun Canəli.
Sazla, sözlə dincəlsin,
Dinləyənin can evi.
Qarabağ bülbülləri,
Yenə versin səs-səsə.
Güllərin gül qönçəsi,
Açılsın bir nəfəsə.
Mənə də qismət olsun,
Görüm o gözəl günü.
Sağalsın sinəmizin,
Çarpaz dağı-düyünü.
Dan şəfəqi qızarsın,
Üfüqün yanağında.
Günəş nurlu görünsün,
Öz qızıl çanağında.
Səmamız parlaq olsun,
Yollarımız açılsın.
Qələbə bayrağımız,
Xankəndində sancılsın.
Xoş arzular dilədi,
Sənə Əvəz Lələdağ.
O əzəldən yaranıb,
Alnı açıq, üzü ağ!
Ayrı düşmüsən
Aslan Bayramovun 60 illiyi
münasibəti ilə
60 ilin on səkkizin vətəndən,
Doğma yurddan, eldən ayrı düşmüsən.
Çəmən-çəmən bəslədiyin çiçəkdən,
Ətir saçan güldən ayrı düşmüsən.
60 yaşın səs-sorağı çatıbdı,
Ömrün-günün bu növrağı çatıbdı.
Qocalığın cavan çağı çatıbdı,
Xoşməramlı ildən ayrı düşmə, sən.
Gərdiş səni ələyində ələdi,
Bu düşdüyün kim qurduğu tələdi?
«Qoşabulaq» gendən durub əl edir,
O çeşmədən, göldən ayrı düşmüsən.
Yuxularda seyr edirsən kəndini,
Bizə dəyən bu daş görən indimi?
Yadlar tutub tutulmayan bəndimi,
Bəndlər yaran seldən ayrı düşmüsən.
Təpəköyün baldırğanı, yarpızı,
Sığalladın bənövşəni, nərgizi,
Çalmalıqda ovsunladın bir qızı,
Şəvə kimi teldən ayrı düşmüsən.
Xəyal bizi ənginlikdə gəzdirir,
Vətən dərdi səni, məni bezdirir.
Nəmərd gəlib haqq yolunu azdırır,
Haqqa gedən yoldan ayrı düşmüsən.
«Yersiz gəldi»-yerli tərpən arana,
Tufan qonub, zirvədəki qara nə?
Aynabəndli evlər qaldı viranə,
Ocaqdakı küldən ayrı düşmüsən.
Qismət ola el yenidən yüklənə,
Yağı düşmən qıvraqlana, təklənə.
Mənim sazım «Sarı tel»də köklənə,
Sazdan, sözdən, dildən ayrı düşmüsən.
Məclis qura, dastan deyə İsgəndər,
Qəlbimizi incitməyə qəm-kədər.
Yadlar ola yurdumuzdan dərbədər,
Yaşıl donlu çöldən ayrı düşmüsən.
Dərdə dərd calandı Qarabağ dərdi,
Qardaş bu dərd bütün dərddən betərdi.
Mənfur qonşu gərək ölüb-itərdi,
Neçə ildir ləldən ayrı düşmüsən.
Vətən, torpaq, oba necə şirindi,
Yağlı tikə tülkünün yox, şirindi.
Qalxa yerdən şir biləkli şir indi,
Sağda durub soldan ayrı düşmüsən.
Mənim əhdim çin-çin ola çinlənə,
Boz sürülər yalyuxarı yellənə.
Yantütək də həzin-həzin dillənə,
Dağdan əsən yeldən ayrı düşmüsən.
Əmək dostun olub, zəhmət sirdaşın,
Tədqiqatın əvəzsizdir, qardaşım.
Qoşundaşın, Göbəkdaşın, Kardaşın
Üstə bitən koldan ayrı düşmüsən.
Köhnə yaram necə vardı elədi,
Zalım fələk gülşənimi kələdi.
Neyləməli hökmü-zaman belədi,
Əvəz kimi quldan ayrı düşmüsən.
2006
Qardaşım
Ramiz Tapdığın 75 illiyinə
Yetmiş beşin çiyni üstən baxanda,
«Ötən illər yada düşdü», qardaşım.
Uşaqlığı bir tərəfə qoyuram,
Gəncliyimiz oda düşdü, qardaşım.
Gərdiş bizi yaman saldı pis günə,
Çarıq tapdıq, bağ tapmadıq üstünə.
Komamızın altı soyuq, üstü nəm
Sinəmizdən cada düşdü, qardaşım
Bundan sonra yüzə boylan, yol açıq,
Dabanını bərkit, sübhdən yola çıx.
Qayıt bir də o yamaca, yala çıx,
O dağlara səda düşdü qardaşım.
Ömür keçib yaş qarıyıb, əl əsir,
Gülşənimə xəzan adlı yel əsir.
Əvəz sənin görüşünə tələsir,
Sən düşənə o da düşdü, qardaşım.
15.02.2008
Üstə
Müntəzəm olarsa daş oyar damcı,
İstəsəm qoyaram dağı dağ üstə.
Tapılar dərdimin bir gün əlacı,
Çəkməzlər sinəmə dağı dağ üstən.
Bezdirib, dəng edib bizi yalanlar,
Urvatdan salıbdı sözü yalanlar.
Atıb zindanlara düzü yalanlar,
Nadan var, dolanır bu torpaq üstə.
Mənim arzularım içimdə yanır,
Elindən ayrılan köçüm də yanır.
Haqsızlıq görəndə içim dayanır,
Qara ləkə düşür bəyaz ağ üstə.
Dünya yaranandan bu günə qədər,
Yola getməyibdir xeyir ilə şər.
Mənfur qonşumuz da ağzında zəhər,
Yüz ildir dalaşır Qarabağ üstə.
Min il də çalışsan, nadan, qurumsaq,
Sənə qismət olmaz gözəl Qarabağ!
Sən ki, alt daşısan, ay peləqulaq,
Həmişə olubdur Lələdağ üstə.
01. 02. 2008
Danışır
Dolaşıb beynimin ağıl dükcəsi,
Kələfin ucunu tapa bilmirəm.
Elə hey fırlanır haqqın cəhrəsi,
Mənsə gedib haqqa çata bilmirəm.
Çörəyi dizinin üstə olanlar,
Gözü ayağının altını görməz
Para düşkünləri xəstə olarlar,
Zatı qırıqlar da zatını görməz.
Mayası haramla yoğrulan kəslər,
Ömürdə haramdan əl çəkə bilməz.
Mərdi qova-qova yorulan kəslər,
Verdiyi dərdləri fil çəkə bilməz.
Nadanlıq eyləyən, çörək itirən,
Yaxşıdan danışmır, pisdən danışır.
Bir zaman avtafa, çaydan götürən,
İndi ərşdən deyir, kürşdən danışır.
2008
Bilmirəm
Möcüzəli bir aləmə düşmüşəm,
Gözəlliyi hara yığım, bilmirəm.
İki yolun ayrıcında qalmışam,
Düzdə qalım, yala çıxım bilmirəm.
Nərgiz hələ qönçədədir, dərmə, yar,
Dərdiyini qənşər yerdə sərmə, yar.
Bənövşənin qaşlarında sürmə var,
Yaxındanmı ona baxım, bilmirəm.
Yurd yerində kəhər qalxır, şahə, bax,
Çəmənliyə tumar çəkən mehə bax.
O çiçəyin ləçəyində şehə bax,
Ürəyinmə necə sıxım, bilmirəm
Meşələrin yaşıl donu çil-çıraq,
Hər talada tüstülənir bir ocaq
Təbiətin vurğunudur Lələdağ,
Cənnətdimi solum, sağım, bilmirəm.
2008
Комментарии
Отправить комментарий